Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Əksinqilabçı kimi güllələnən şair

04 Noyabr 2017
 

Gəncə ədəbi mühitinin XX əsr tanınmış nümayəndələrindən biri də şair, publisist, ictimai xadim, 1938-ci ildə repressiya qurbanı olan Əli Razi Şamçızadədir. Əli Razi ötən əsrin əvvəllərində Azərbaycandakı ictimai-siyasi hadisələrin təsiri altında ədəbi fəaliyyətə başlayıb. Dövri mətbuatda “Heyvərə”, “Bambılı”, “Düdük” və başqa imzalarla o zamanın ictimai nöqsanlarından, eybəcərliklərindən, qadınların ağır həyat tərzindən bəhs edən satirik şeirləri dərc edilib. Əsərləri “Dabanı çatdax xala və heyvərə” (Gəncə, 1912) və “Dabanı çatdax xala” (Bakı, 1936), “Nalələrim, fəğanlarım” (1992) kitablarında toplanıb. Sovet hakimiyyəti illərində “Yeni Gəncə”, “Qızıl talış” (Lənkəran), “Mədəni hücum” (Bakı) qəzet və jurnallarında məsul katib, redaktor vəzifələrində çalışıb. İran poeziyasının böyük klassiki Firdovsinin “Şahnamə”sindən tərcümələr edib. Azərbaycan Yazıçılar İttifaqının Gəncə şöbəsinin (1934) ilk katibi olub. Lakin, o, bu vəzifədə cəmi üç il işləyib, sonra repressiyaya məruz qalıb.

Əli Razini bölgədə tanımayan az adam tapılardı, ziyalılar, Gəncə ədəbi mühitinin tanınmış şair, yazıçı və saz-söz adamları arasında böyük nüfuz sahibi idi. Əli Razi əslən gəncəlidir,1886-cı ildə Gəncədə dünyaya göz açıb. Uşaqlıq illərində yazıb-oxumağa həvəsli olub. Lakin şam alveri ilə ailəsini dolandıran Yəhya kişi imkansızlıqdan oğlu Əlini məktəbdə oxutdura bilməyib. Odur ki, balaca Əliyə hər dəfə “bala, səni “Mədrəseyi-ruhaniyyə” məktəbinə qoyacam. Orada oxusan daha yaxşı olar, mollalıq edərsən, özünə əməlli-başlı güzəran qurarsan” - deyib könlünü almağa çalışardı.
Atasının arzusu ilə “Mədrəseyi-ruhaniyyə”ni uğurla bitirən Əli sonradan təhsilini “Məktəbi-xeyriyyə”də davam etdirir. Burada fars və rus dillərini mükəmməl şəkildə öyrənir, hətta farsca şeirlər yazır, tərcümələrdə özünü sınayırdı. Əli Razinin şair kimi yetişməsində müəllimi, maarifçi-ziyalı Abdulla Surun böyük rolu olmuşdur. 1912-ci ilin yazında dünyasını dəyişən müəlliminin ölümündən təəssüflənən şair xatirələrində bu barədə yazır: “Mərhum - ədəbiyyat aləmində ustadım, yazıçılıqda müəllimim, şeirlərimin nöqsanını mənə öyrədən, yazdıqlarımı tənqid edən alicənab idi”.
Gənclik illərindən ədəbi yaradıcılığa böyük maraq göstərən Əli Razinin bu dövr əsərlərində milli müstəmləkəçilik zülmündən şikayəti, azad həyat arzuları, mədəni intibaha çağırış ideyaları başlıca yer tutur. Xatirələrindən məlum olur ki, onun ulu babası şamçı olub, sonralar bu peşəni atası davam etdirib. Ona görə gənc Əli bu sözü özünə soyad kimi qəbul etmişdir. Fikirlərini ən çox satirik şeirləri ilə ictimaiyyətə çatdırmaqda israrlı olan gənc şairin bu qəbildən olan əsərləri ən çox “Molla Nəsrəddin”də, sonralar “Bəhlul”, “Füyuzat”, “Kəlniyyət”, “Zənbur” kimi satirik mətbuat orqanlarında nəşr edilmişdir.
O zaman dövrün böyük mütəfəkkiri C.Məmmədquluzadə Əli Razinin satirik yaradıcılığına yüksək qiymət vermiş, “Molla Nəsrəddin”in bir çox nömrələri üçün Razinin satiralarına karikaturalar çəkdirmişdir. “Molla Nəsrəddin” 1921-ci ildə Təbrizdə çıxarkən C.Məmmədquluzadə hətta orada da öz köhnə dostu Razini soraqlayıb tapmış, onun əsərlərini jurnalında çap etdirmişdir.
Şairin yenilikçi və müasirlərini mübarizəyə səsləyən ideyaları Yelizavetpol (Gəncə) Xəfiyyə İdarəsi əməkdaşlarının diqqətini çəkdiyindən “cızınğından çıxan şairi “düz yola qaytarmaq” üçün 1915-ci ilin əvvəllərində Gəncədən Bakıya sürgün edirlər. Çox keçmir ki, burada da şair qələminin bəlasına tuş gəlir. “Tuti” jurnalındakı fəaliyyətinə görə 1917-ci ilin əvvəllərində onu Bakıdan Dağıstana sürgünə yollayırlar. Həmin ilin ortalarında şair Gəncəyə qayıdır, 1920-ci ilin may ayına kimi orada yaşayır.
Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ildə XI ordu tərəfindən süquta uğradılandan, yəni Azərbaycanda sovet hakimiyyəti “qələbə çalandan” sonra Razi əsasən ictimai-siyasi işlərdə çalışır, bir müddət “Kommunist” qəzetinin Yelizavetpol qəzası üzrə xüsusi müxbiri işləyir. 1934-cü il iyunun 13-də Azərbaycan Yazıçılar İttifaqının Bakıda keçirilən I qurultayında o, respublika Yazıçılar İttifaqı Gəncə şöbəsinin məsul katibi seçilir. Zəmanənin gərdişindən ağlı bir şey kəsməyən şair bu dövrdə yeni quruluşun müxtəlif hadisələrinə həsr etdiyi “Qanlı toy”, “Mehparə” və “Rüşvət” adlı poemalar üzərində işləyir, hətta sonuncu əsərdən bəzi parçaları da çap etdirir. Lakin bütün bu təşəbbüslər Əli Razinin sovet dövrü ədəbi yaradıcılığında elə bir əsaslı təbəddülatlar yaratmır. Təqib və sıxıntılar içərisində həyatının narahat günlərini yaşayan şair bu illərdə yaradıcılıqdan tədricən uzaqlaşır. Xüsusən də 30-cu illərin ortalarından Əli Razinin həyatında məşəqqətli günlər başlayır.
İstiqlal şairi Əhməd Cavad 1930-cu ildə NKVD təqiblərindən və repressiya maşınından uzaq olmaq üçün məcburiyyət qarşısında Bakıdan Gəncəyə köçəndə ilkin həmsöhbət olduğu qələmdaşlarından biri Əli Razi Şamçızadə olmuşdur. Əhməd Cavadın oğlu Niyazi Axundzadə söyləyirdi ki, o vaxt 13 yaşında idim, indiki kimi yadımdadır, iki gün idi Kirovabada (Gəncə) gəlmişdik, günortadan xeyli keçmişdi, həyət qapımız döyüldü. Qaçıb qapını açdım, orta boylu, səliqəli, geyimli-kecimli bir nəfər sakit-sakit sual etdi:
- Cavad Əfəndi evdədi?
Dedim:
- Xeyr.
- Nə vaxt olar?
- Bir azdan bəlkə gəldi... - deyə cavab verdim.
Həmin adam bir-iki addım geri çəkilib yan tərəfdə dayandı. Belə çıxdı ki, getməkdənsə, gözləsəm yaxşıdır. Susub bir-birimizin üzünə baxdıq. Neynəməli, zəmanə narahat olduğundan gələndən də qorxurduq, gedəndən də. Odur ki, evə dəvət etmədim, qapını örtüb, geri qayıtdım...
Yarım saat çəkmədi ki, həyətin darvazası döyüldü, bildim ki, gələn atamdır. Qaçıb qapını açanda bayaqkı adamı da yanında gördüm. Dostunu çöldə gözlətdiyimə görə atam məni tənbeh edəndə, o dedi: “yox, Əfəndi uşaq düz edir, vəziyyəti görmürsən?!” Arada üzünü mənə sarı çevirib yarıciddi-yarızarafat zəmanədən gileyli bir bənd şeir dedi, heyif, yadımda qalmayıb. Atamdan yaşlı idi, odur ki, ona böyük ehtiram göstərirdi, yol gedəndə atam ondan qabağa keçməzdi, oturanda yer göstərərdi...
Əslində hər iki şair arasında bu dostluq münasibətləri Əhməd Cavad Gəncə Xeyriyyə Cəmiyyətində katib, Əli Razi də Milli Müsəlman Komitəsinin nəzdində Əksinqilabla Mübarizə Təşkilatında (ƏMT) kargüzar köməkçisi işləyəndən yaranmışdı.
Tanınmış şair Əli Razi Şamçızadə ƏMT-yə 1919-cu ilin sentyabrında Nağı bəy Şeyxzamanlı tərəfindən götürülüb. Əvvəl kargüzar köməkçisi, sonra isə əməliyyat müvəkkili kimi çalışıb. O da məlumdur ki, Əli Razi Şamçızadə ƏMT orqanlarında təsadüfi əməkdaşlardan olmayıb. O, Azərbaycan Xalq Cümhuriyyəti dönəmində respublikanın müxtəlif bölgələrində ən vacib xidməti ezamiyyətlərdə olmuş və uğurlu əməliyyat tədbirləri keçirmişdir. Nümunə üçün arxivə müraciət edək. 7 oktyabr 1919-cu ildə Nağı bəy Şeyxzamanlı Ə.Şamçızadənin Salyana ezamiyyəti ilə əlaqədar xüsusi məktub yazır. Məktubda Salyana mühüm tapşırığın yerinə yetirilməsi ilə əlaqədar ezamiyyətə gedən ƏMT əməkdaşı Ə.Şamçızadəyə yerli orqanların və təşkilatların rəhbərlərindən kömək göstərilməsi xahiş olunur.
Əli Razinin Salyana ezam olunmasına səbəb Cavad qəzasının Novo-Vasilyevka kəndində yaşayan, özünün yazdığı kimi, “ƏMT agenti Q.Platonoviç Frolov”un “ƏMT agenti Ə.Şamçızadəyə gizli məlumat”ı idi. Agent məktubunda yazır: “Azərbaycanlılara hücumlar zamanı bolşevik-erməni qüvvələrinə dəstək olacaq Novo-Vasilyevka kənd sakinlərindən evində bomba saxlayanların siyahısını Sizə bildirirəm: 1. İvan Qriqoryeviç Flotov, 2. Aleksandr Qriqoryeviç Flotov, 3. Kuzma Çenin, 4. Mixail Safronoviç Qolyayev, 5. İvan Yermoloviç, 6.Vasili Mamonov, 7. Pavel Mamonov”.
Əli Razi Şamçızadənin həmin kənddə həyata keçirdiyi xüsusi əməliyyat uğurla nəticələnir. Müsadirə olunan 5 üçlüləli tüfəng, 880 ədəd patron, 3 berdanqa, 90 ədəd patron, 1 ov tüfəngi, 1 şaşka, 7 süngü, 1 bomba və 8 ədəd kapsula Salyan şəhərinin pristavı Hacıyevə təhvil verilir. Bütün bunlar həm də 21 oktyabr 1919-cu ildə Salyanın pristavı Hacıyevdən alınmış “İltizamnamə”də öz əksini tapır.
Əli Razi istər Cümhuriyyət dönəmində, istər ondan əvvəlki vaxtlarda, istərsə də sovet hakimiyyəti illərində xalqının mənafeyi, ölkəsinin müstəqilliyi uğrunda bolşevik-erməni birləşmələrinə qarşı mübarizədə heç vaxtı canından belə çəkinməmişdir.
O vaxt Əli Razinin istiqlalçılarla dostluğu, Xudadat bəy Rəfibəylilərlə, Nağı bəy Şeyxzamanlılarla iş birliyi, ən nəhayət, 1918-ci ildə Müsavatın sıralarında fəallığı artıq günün mövzusuna çevrilmişdi. Azərbaycan Yazıçılar İttifaqının sədri Seyfulla Şamilov “Kommunist” qəzetində “Ədəbiyyatda bolşevizm” adlı məqaləsində Əli Raziyə qarşı çıxaraq yazırdı: “Əli Razi (həqiqətdə isə Molla Əli) 1919-cu ildə kontrazvetkada çalışmış, kontrazvetkanın naçalniki Şeyxzamanovun ən yaxın dostu, məşvərətçisi olub, Azərbaycan xalqını soymaq işində, milli qırğını qızışdırmaqla bu murdar quldurlara və Müsavat juliklərinə vaizlik etmişdir. Bu miskin və xalq düşməni yazıçı maskası altında xeyli müddət Yazıçılar İttifaqının Kirovabad filialına rəhbərlik etməyə müvəffəq olmuşdur...”
Əli Razi Şamçızadənin respublika Dövlət Təhlükəsizlik Xidmətinin arxivində mühafizə olunan 11251 saylı “cinayət işi”ndən məlum olur ki, cəza tədbirləri illərində şairi həbs etmək üçün Kirovabad (Gəncə) şəhər Dövlət Siyasi İdarəsinin təhlükəsizlik müstəntiqinin 8 yanvar 1937-ci il tarixli qərarı şəhər təhlükəsizlik idarəsinin rəisi, baş leytenant Qamrekeli tərəfindən təsdiq edilir. Əli Razinin həbsi üçün order yazılır. NKVD zirzəmilərində məşəqqətlər görən şairi 1 ay 23 gündən sonra, nədənsə, sərbəst buraxırlar. Belə ki, Azərbaycan SSR prokurorunun köməkçisi, şöbə rəisinin müavini Yaravoy və respublika prokuroru əvəzi Pinkisin birgə razılığı ilə 2 mart 1937-ci ildə qərara alınır ki, “Əli Razi Şamçızadənin Azərbaycan SSR CM-nin 75-ci maddəsinə əsasən işi dayandırılsın. 11251 N-li iş arxivin VIII şöbəsinə göndərilsin və Şamçızadə Əli Məşədi Yəhya oğlu həbsdən azad edilsin...”
Lakin Əli Razinin bu “göydəndüşmə” sevinci uzun sürmür. Həbsdən azad ediləndən 3 ay 27 gün sonra o, 29 iyul 1937-ci ildə respublika Xalq Daxili İşlər Komissarlığına (XDİK) şahid qismində çağırılır və yenidən həbs edilir. Elə həmin gün Əli Razinin həbsi barədə 155 N-li order yazılır. Beş ay səkkiz gün NKVD zirzəmilərində işgəncələrə və təzyiqlərə məruz qalır. İşgəncələr altında ondan istədikləri istiqlalçılar və yeni quruluşa qarşı çıxan adamlar haqqında öz bildikləri şəkildə “izahat” alırlar.
Vaxtı ilə böyük Hüseyn Cavidlə 6 ay eyni düşərgədə qalan Ənvər Yusifoğlunun 1938-ci ildə həbs edilməsinə, sürgünə göndərilməsinə səbəb məhz Əli Razinin işgəncələr altında verdiyi belə “izahat”lardan biri olmuşdur. Molla Nəsrəddinçi şair, Cümhuriyyətin ƏMT peşəkar əməliyyat müvəkkili Əli Razi Şamçızadə (o, artıq güllələnmişdi) istintaqda Ənvər Yusifoğlunun adını çəkmişdi. Bu ifadədən yapışan kapitan Panov saxta bir arayış düzəldərək NKVD komissarı əvəzi Borşevə təsdiqlətmişdi. Birinci istintaqda o, üzərinə atılan ittihamların əsassız və böhtan olduğunu söyləsə də, ikinci istintaqda bu ittihamları təsdiqləmək məcburiyyətində qalmışdı.
Ənvər Yusifoğluna elə gəlirdi ki, yenə inad etsə, başqaları kimi onu da güllələyərlər. Beləliklə, istintaq başa çatır və iş məhkəməyə verilir. Məhkəmədə isə o, “Mən özümü müqəssir hesab etmirəm!” deyir. Beləliklə, gözlənilməz bir hadisə baş verir və məhkəmə heç nəyi ona sübut edə bilmədiyindən işi əlavə istintaqa göndərir. Beləliklə, NKVD zirzəmisində 1 il 2 ay saxlanıldıqdan sonra Ənvər Yusifoğlunu azad edirlər.
Şamçizadə Əli Razi Məşədi Yəhya oğlu 7 yanvar 1938-ci ildə Azərbaycan SSR Cinayət Məcəlləsinin 64, 70, 73-cü maddələri ilə təqsirli bilinərək Gəncə dairə Fövqəladə Üçlüyünün qərarı ilə: “1936-cı ildən əksinqilabi fəaliyyəti, terrorçuluq, diversiya (təxribatçılıq) ilə burjua-millətçi təşkilatın üzvü kimi, həmçinin silahlı üsyana - “Şəmkir davası”na, Gəncə üsyanına, 1929-cu ildə Bakı-Tiflis Zaqafqaziya dəmir yolunun Şəmkirçay üzərindəki körpünün partladılmasına hazırlıq görülməsində Sovet hökumətinə qarşı apardığı təb-liğata görə güllələnməyə məhkum edilir”.
Əli Razi “xalq düşməni” kimi güllələndikdən sonra yeni quruluşun qəhrəmanları onun ailəsini və doğmalarını rahat buraxmırlar. Hətta şairin oğlu Ziyəddin Şamçızadə 40-cı illərdə atasına bəraət almaq, əsərləri üzərində qadağanı götürmək məqsədi ilə aidiyyəti qurumlara xahişlə müraciət edəndə, onu da “xalq düşməninin oğlu” kimi həbs edirlər.
Əksinqilabçı kimi güllənən şairin ölüm tarixi bəzi mənbələrdə 1938, bəzilərində isə 1939-cu il göstərilir. Bu anlaşılmazlıq ondan irəli gəlir ki, Əli Razinin məhkəməsinin vaxtını o zaman ailəsinə bildirməyiblər. Susqunluqdan şairin doğmalarının bəzisinə elə gəlib ki, Əli Razi Sibirə sürgün edilib, bəzisi elə bilib ki, həbsxanadadır. Lakin çox sonralar məlum olub ki, o, “xalq düşməni” kimi güllələnib...
Məmnunluq doğuran odur ki, tanınmış şairi, istiqlalçını qədirbilən Azərbaycan xalqı heç vaxt yaddan çıxarmayıb. Sovet dönəmində, xüsusilə də ötən əsrin 60-cı illərində ədəbiyyatşünas alim, professor Abbas Zamanov, Əziz Mirəhmədov, müstəqillik illərində isə filologiya elmləri doktoru İslam Ağayev Əli Razi Şamçızadə irsinə böyük dəyər veriblər, həyatı, yaradıcılığı, ictimai-siyasi fəaliyyəti haqqında kitablar və məqalələr yazıblar. Professor İslam Ağayevin tərtibçiliyi ilə şairin “Nalələrim, fəqanlarım” (1992) kitabı oxuculara çatdırılıb.
Əli Razinin “Cinayət işinə” yenidən baxılmışdır. SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyası “işində cinayət tərkibi olmadığı üçün” Əli Razi Məşədi Yəhya oğlu Şamçızadəyə 13 may 1958-ci il tarixli qərarı ilə bəraət vermişdir.

Rəhman SALMANLI,
“Azərbaycan”