Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

UEFA Çempionlar Liqası: “PSJ”nin böyükhesablı qələbəsi, “Barselona”dan qolsuz heç-heçə

01 Noyabr 2017
Oktyabrın 31-də UEFA Çempionlar Liqasının qrup mərhələsinin dördüncü turu çərçivəsində “A”, “B”, “C” və “D” qruplarında görüşlər oynanılıb.

AZƏRTAC xəbər verir ki, turnirin “C” qrupunda yer alan Ağdamın “Qarabağ” komandası Madriddə “Atletiko” klubu ilə görüşdən bir xalla ayrılıb – 1:1. Ağdamlılarla hər iki görüşdə xal itirən madridlilər qrupdan çıxmaq şanslarını xeyli çətinləşdiriblər. Bu qrupun digər oyununda “Roma” doğma meydanda “Çelsi”nin qapısından üç cavabsız top keçirib.

Dörd turdan sonra aktivində 8 xal olan “Roma” komandası qrupunda liderlik edir. “Çelsi”nin 7, “Atletiko”nun 3, “Qarabağ”ın isə 2 xalı var.

“A” qrupunda “Bazel” doğma meydanda Rusiyanın “MOİK” klubuna uduzub – 1:2. “Mançester Yunayted” isə ev oyununda “Benfika”nı 2:0 hesabı ilə məğlub edib.

Qrupda keçirdiyi dörd görüşün hamısında qalib gələn “qırmızı şeytanlar” 12 xalla ilk sıradadırlar. “Bazel” və “MOİK”in 6 xalı var. Bütün görüşlərdə məğlub olan “Benfika” isə sonuncu sıradadır.

Parisdə “Anderlext”i oyuna 5 dəfə mərkəzdən başlamağa məcbur edən “PSJ” dörd turdan sonra maksimum nəticə göstərib. Parislilər UEFA Çempionlar Liqasında hamıdan çox – 17 top vurmaqla yanaşı, öz qapılarını da toxunulmaz saxlayıblar.

Bu qrupun digər oyununda “Bavariya” səfərdə “Seltiki” məğlub edərək (2:1) 9 xalla ikinci sıradakı yerini möhkəmləndirib. Qrupda üçüncü yerdə üç xalı olan “Seltik” qərarlaşıb. Xala həsrət qalan “Anderlext” isə sonuncu pillədədir.

“D” qrupunda hər iki oyun heç-heçə başa çatıb. Qrupun lideri “Barselona” səfərdə “Olimpiakos”un müqavimətini qıra bilməyib – 0:0. “Sportinq”-“Yuventus” görüşündə isə komandalar hərəyə bir dəfə fərqləniblər. Bu qrupda “Barselona”nın 10, “Yuventus”un 7 xalı var. “Sportinq” 4 xalla üçüncü, “Olimpiakos” isə 1 xalla sonuncu sıradadır.

Dördüncü turun ikinci günündə “E”, “F”, “G” və “H” qruplarında yer alan komandalar qarşılaşacaqlar.