Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Argentinada “Latın Amerikası və türk dünyası mədəniyyətlərin kəsişməsində” mövzusunda elmi seminar keçirilib

28 Oktyabr 2017
Azərbaycanın və Türkiyənin Argentinadakı səfirliklərinin, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təşkilatçılığı, Argentinanın La Plata Dövlət Universitetinin Beynəlxalq Əlaqələr İnstitutu nəzdində fəaliyyət göstərən azərbaycanşünaslıq kafedrasının və Belqrano Universitetinin dəstəyi ilə Argentinada “Latın Amerikası və türk dünyası mədəniyyətlərin kəsişməsində” mövzusunda elmi seminar keçirilib.

AZƏRTAC xəbər verir ki, azərbaycanşünaslıq kafedrasının koordinatoru professor Paulo Botta tədbiri açaraq türk dünyasının zəngin mədəni və tarixi irsə sahib olduğunu söyləyib, bu baxımdan Latın Amerikası ölkələri üçün belə bir mövzuda seminarın keçirilməsinin əhəmiyyətini vurğulayıb.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva seminarda çıxış edərək rəhbərlik etdiyi Fondun fəaliyyətindən, onun türk dünyasının zəngin mədəni irsinin qorunub saxlanılmasında və təşviq edilməsində oynadığı roldan, türk dünyasının sahib olduğu mədəniyyət nümunələrindən danışıb. G.Əfəndiyeva, həmçinin Latın Amerikası və türk mədəniyyətləri arasında qarşılıqlı əməkdaşlığın önəmindən bəhs edərək, gələcəkdə bu əməkdaşlığın gücləndirilməsi imkanlarını qeyd edib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Fondun prezidenti bu münaqişə nəticəsində türk dünyası mədəniyyətinin bir hissəsi olan Azərbaycanın mühüm tarixi və mədəni abidələrinin ermənilər tərəfindən dağıldığını vurğulayıb.

Daha sonra çıxış edən türkiyəli professor Turan Karataş türk dilinin tarixi önəmindən, onun ədəbi nümunələrindən bəhs edib.

Tədbirdə Argentina universitetlərinin professor və tələbə heyəti, elmi dairələrin, diplomatik korpusun nümayəndələri, jurnalistlər və ictimaiyyətin digər nümayəndələri iştirak ediblər.

Günay Əfəndiyeva Argentinanın bir sıra rəsmi şəxsləri ilə görüşərək Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Argentina arasında mümkün əməkdaşlıq əlaqələrini müzakirə edib.