Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Bakı Dövlət Universiteti Türkiyənin ali məktəbləri ilə əlaqələrini genişləndirir

26 Oktyabr 2017
Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik Abel Məhərrəmov Türkiyənin İstinye Universiteti rektorunun məsləhətçisi, professor Göksel Aşanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

BDU-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə iki universitet arasında əməkdaşlığa dair müqavilə imzalanıb.

Akademik A.Məhərrəmov rəhbərlik etdiyi ali təhsil müəssisəsinin beynəlxalq əlaqələrindən, həmçinin Türkiyə universitetləri ilə birgə layihələrindən danışıb.

Görüşdən məmnunluğunu ifadə edən professor G.Aşan İstinye Universiteti barədə məlumat verib. O, 2015-ci ildən fəaliyyətə başlayan universitetdə xüsusilə tibb və sosial elmlər sahələri üzrə yüksək ixtisaslı mütəxəssislərin hazırlandığını bildirib. BDU ilə əməkdaşlıqda maraqlı olduqlarını vurğulayan qonaq birgə elmi tədqiqatların aparılmasının, müəllim-tələbə mübadiləsinin, konfransların, seminarların keçirilməsinin əhəmiyyətini qeyd edib.

Türkiyəli qonaqlar BDU-nun elmi-tədqiqat laboratoriyalarında və ayrı-ayrı fakültələrində olublar.