Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Yaponiyanın Nippon Fondu Azərbaycanın elm və təhsil müəssisələrinə kitablar hədiyyə edib

26 Oktyabr 2017
Oktyabrın 26-da Yaponiyanın Nippon Fondu “ADA” Universitetinə, Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasına, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına və Xəzər Universitetinə kitablar hədiyyə edib.

AZƏRTAC xəbər verir ki, “ADA” Universitetində keçirilən tədbirdə fondun prezidenti Yohei Sasakava rəhbərlik etdiyi qurumun fəaliyyəti haqqında məlumat verib. Bildirilib ki, fond dünya ölkələrində müasir Yaponiyanın yaxından tanınması üçün önəmli işlər görməkdədir. O deyib: “Siyasi, iqtisadi, mədəni baxımdan müasir Yaponiyanı daha mükəmməl təqdim edən kitabları bir araya gətirmişik. Bu baxımdan, dünyanın müxtəlif ölkələrindəki institutlara, universitetlərə bu nəşrləri hədiyyə etməkdən məmnunuq. Əməkdaşlıq qurduğumuz institutların kitablarımıza böyük maraq göstərməsi onların Yaponiya ilə intellektual mübadiləni həyata keçirməkdə maraqlı olduqlarını göstərir. Yüzdən çox ali təhsil müəssisəsində olmuşam. Deyə bilərəm ki, “ADA” Universitetinin arxitekturası gözəlliyinə görə xüsusilə fərqlənir. Əminəm ki, burada tələbələrə yüksək səviyyəli təhsil verilir. Bu ali təhsil ocağında təhsil alan gənclər çox şanslıdırlar”.

Yaponiyanın Azərbaycandakı səfiri Teruyuki Katori ölkələrimiz arasındakı əlaqələrə töhfə verdiyinə görə Nippon Fondunun rəhbərliyinə minnətdarlığını bildirib. Vurğulanıb ki, bu layihə vasitəsilə Yaponiyanın elm, mədəniyyət, ədəbiyyat və bir sıra digər sahələrini əhatə edən kitablar müxtəlif institutlara təqdim olunub. “Hesab edirəm ki, bu nəşrlər Yaponiya ilə maraqlanan tələbələr üçün önəmli vəsaitdir”, - deyə səfir bildirib.

Xəzər Universitetinin təsisçisi, direktorlar və qəyyumlar şurasının sədri, professor Hamlet İsaxanlı dəyərli hədiyyəyə görə Nippon Fondunun rəhbərliyinə minnətdarlığını çatdırıb. O, Xəzər Universiteti ilə Nippon Fondu arasında əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminliyini bildirib.

Tədbirdən əvvəl Yohei Sasakava ilə görüşdüyünü qeyd edən “ADA” Universitetinin rektoru, səfir Hafiz Paşayev deyib: “Söhbət zamanı əməkdaşlığımızı genişləndirmənin yollarını, bu işə Nippon Fondunun necə töhfə verə biləcəyini müzakirə etdik. Məlum oldu ki, bir sıra ortaq maraqlarımız var. Yaponiyaya səfər edən tələbələrimiz, eyni zamanda, ölkəmizə gələn gənc yapon tələbələr artıq bu münasibətlərə töhfə verməkdədirlər. Əminəm ki, bizim kitabxanaya bağışlanan kitablar əlaqələrimizin başlanğıcı üçün önəmli addımdır”.

Diqqətə çatdırılıb ki, hazırda “ADA” Universiteti ilə Yaponiyanın yeddi aparıcı ali təhsil ocağı arasında akademik tərəfdaşlıq münasibətləri var. Bu günədək “ADA” Universitetinin 10 bakalavr və magistrantı Yaponiyanın ali təhsil ocaqlarında mübadilə proqramları üzrə müxtəlif sahələrdə təhsil alıb. Yaponiyanın Yamanaşi Gakuin Universitetindən ilk yapon tələbə mübadilə proqramı çərçivəsində bir il ərzində “ADA” Universitetində təhsil alacaq.