Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

İLHAM ƏLİYEV dünya erməniliyinə sarsıdıcı zərbə vurdu

22 Oktyabr 2017
 

Azərbaycan Prezidenti son 14 ildə yürütdüyü hücumçu diplomatiya və informasiya savaşı nəticəsində Ermənistanın iqtisadi-siyasi təcridini genişləndirdi, S.Sarkisyan hakimiyyətini tam fiaskoya uğratdı

 

Yaşadığımız əsrin əvvəllərindən etibarən dünya dövlətlərinin inkişaf mənzərəsində kifayət qədər böyük fərqliliklər müşahidə olunmaqdadır. Real vəziyyətin təhlili aydın göstərir ki, inkişaf strategiyasını sağlam təməllər, düşünülmüş gedişlər, konkret məqsədlər üzərində quran, milli maraqları daim ön planda tutan dövlətlər böyük nailiyyətlərin müəllifinə çevrilməyi bacarırlar. Bunun ən bariz nümunəsini Azərbaycanın timsalında görmək mümkündür.

 

“Forpost” dövlət

 

Tamamilə əks vəziyyətin müşahidə olunduğu ölkə qismində isə işğal siyasəti ilə özünü təcrid vəziyyətinə salmış Ermənistanın adını çəkmək olar. Ötən illərin təhlili bu qənaətə gəlməyə əsas verir ki, Prezident İlham Əliyevin idarəçiliyi dönəmində daha da güclənən Azərbaycan buna paralel olaraq Ermənistanı olduqca zəif bir dövlətə çevirməyi, dünya erməniliyinə isə böyük zərbələr vurmağı bacarıb. Bu gün Ermənistanı xarakterizə edərkən o, formal müstəqilliyə malik ölkə - “forpost” kimi tanınır.
Beynəlxalq miqyasda Ermənistanın işğal siyasəti davamlı olaraq pislənir, onun təcavüzkarlığına qarşı çıxanların sayı artır. Bununla bağlı müxtəlif beynəlxalq qurumlar tərəfindən çoxsaylı qərarlar, qətnamələr, eləcə də digər sənədlər qəbul edilib.
Oktyabrın 9-da Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bu məsələyə xüsusi toxunub: “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyimiz dəyişməz olaraq qalır. Bu mövqe dünyanın ən ali tribunalarından açıq bəyan edilmişdir. Dağlıq Qarabağ bizim tarixi, əzəli torpağımızdır, biz bu torpaqlara qayıtmalıyıq və qayıdacağıq. Ölkəmizin ərazi bütövlüyü danışıqların predmeti deyil və heç vaxt olmayacaq... Bilirsiniz ki, son vaxtlar danışıqlarda heç bir irəliləyiş yoxdur. Ermənistan çalışırdı və hesab edirdi buna nail olacaq ki, danışıqlar pozulsun. Yəni, müxtəlif bəhanələrlə bizi ittiham etməklə çalışırdı ki, danışıqlar bərpa edilməsin və buna nail olmaq üçün bir neçə şərt qoymuşdu. Əlbəttə, mən bəri başdan bəyan etmişdim ki, heç bir şərt qəbul edilməyəcək”.

 

Azərbaycanda 17 faiz artım, Ermənistanda isə 10 faiz azalma

 

Bir məqam da xüsusi olaraq qabardılır ki, Ermənistan xaricdən tam asılı vəziyyətdədir, iqtisadiyyatı yox həddindədir, sosial problemlərin miqyası da gündən-günə artır. Bunu konkret faktlar və sahələr üzrə əyani şəkildə görmək mümkündür.
Məsələn, faktdır ki, bu gün istənilən ölkənin inkişafında uğuru göstərən əsas amillərdən biri onun əhalisinin say artımının dinamikasıdır. Demoqrafik göstəricilərə görə Azərbaycanda son 15 ildə 17 faiz artım, Ermənistanda isə 10 faiz azalma müşahidə olunub.
Ümumiyyətlə, bu sahədə Ermənistanda vəziyyət olduqca acınacaqlıdır. Ölkədə demoqrafik durum son dərəcə mürəkkəbdir. 2002-ci ildə Ermənistanda rəsmi rəqəmlərə görə əhalinin sayı 3 milyon 213 min nəfər təşkil edib. Amma indiki rəsmi rəqəmlər əhalinin sayında azalmanın olduğunu göstərir və hazırda Ermənistanda 3 milyondan az insan yaşayır.
2008-ci ildən başlayaraq Ermənistanın daimi əhalisi 100 min nəfərdən çox azalaraq, 3,1 milyon nəfərdən 2 milyon 990 min nəfərə düşüb. Ölkənin miqrasiya xidmətinin məlumatına görə, 2008-ci ildən bu günədək 346 minə qədər adam Ermənistanı birdəfəlik tərk edib.
2008-ci ildən bu ölkədə doğum göstəricisi bir qədər artıb, sonra azalıb. 2014-cü ildən başlayaraq bu göstəricinin daimi azalması tendensiyası müşahidə olunur. Ölüm göstəricisi isə əksinə, artır. Rəsmi sənədlərə görə, Ermənistanın əhalisi 2030-cu ildə 2,993 milyon, 2050-ci ildə 2,729 milyon təşkil edəcək. Yəni, düşmən dövlətin əhali sayında 9,6 faizlik azalma yaşanacaq. Bu gedişlə Ermənistanın nəzərdə tutulduğundan da tez müddətdə əhalisiz ölkəyə çevrilməsi istisna olunmur.
Azərbaycanda isə tam fərqli bir vəziyyətdir. Azərbaycan əhalisinin sayının indi 10 milyona çatmağına az qalıb. Məsələn, 2002-ci ildə Azərbaycanda əhalinin sayı 8 milyon 191 min nəfər təşkil edib. Amma indi Azərbaycan əhalisinin sayı 10 milyona çatır. Təkcə bu ilin əvvəlindən Azərbaycan əhalisinin sayı 48,879 nəfər və ya 0,5 faiz artaraq 2017-ci il oktyabr ayı vəziyyətinə 9 milyon 858 min 860 nəfəri ötüb. Əhalinin 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Bu da 2002-ci ilin eyni dövrü ilə müqayisədə 17 faiz çoxdur.

Uğurlu hücum diplomatiyası, effektiv informasiya savaşı

 

Azərbaycan dünya erməniliyinə sarsıdıcı zərbələr vurub. Prezident İlham Əliyevin hücum diplomatiyası və effektiv informasiya savaşı düşmən şəbəkənin bütün yeni təşəbbüslərini, cəhdlərini puç etməklə yanaşı, illərdir formalaşdırdığı təbliğat bazasını da əsaslı şəkildə zədələyib. İşğalçı ölkədə açıq bəyan edilir ki, Azərbaycanın təzyiqləri, diplomatik gedişləri qarşısında Serj Sarkisyan iqtidarı sadəcə, duruş gətirə bilmir və bu səbəbdən rəsmi Yerevanın məğlubiyyətlərinin sayı durmadan artır.
İşğalçı ölkədə qeyd edilir ki, S.Sarkisyanın yalanları hər dəfə onu gülünc duruma salır, dedikləri sadəcə, istehza ilə qarşılanır. Azərbaycan Prezidenti İlham Əliyev isə hər dəfə S.Sarkisyanın yalanlarına konkret arqumentlərlə cavab verərək onu yerində otuzdurur.
Necə ki, bu il Parisdə Fransa Şirkətlər Hərəkatının (MEDEF) biznes şurasının üzvləri ilə görüş zamanı Prezident İlham Əliyevin səsləndirdiyi tutarlı və arqumentli faktlarla dərs verildiyi kimi. Dövlət başçısı görüş zamanı bu xüsusda diqqəti maraqlı məqamlara yönəltdi: “Bir neçə gün əvvəl Ermənistan prezidentinin MEDEF-də çıxış edərkən investorları öz ölkəsinə investisiya yatırmağa inandırmaq əvəzinə, tamamilə əsassız iddialarla Azərbaycanı, onun iqtisadiyyatını nüfuzdan salmağa çalışdığını mənə deyəndə təəccübləndim. O, innovasiyalar barədə danışırdı, deyirdi ki, Ermənistan innovasiyalar ölkəsidir. Açığını deyim, biz Azərbaycanda buna gülürdük, çünki çox məşhur bir deyim var - əgər bu qədər ağıllısansa, niyə bu qədər kasıbsan”.

 

İqtisadi böhran, sosial fəlakət 

 

Ermənistanda vəziyyəti ağırlaşdıran daha bir məqam Serj Sarkisyanın idarəçiliyi dövründə sosial-iqtisadi vəziyyətin daha da pisləşməsidir. Əhalinin getdikcə dərinləşən sosial problemləri, işsizlik, xarici sərmayənin az olması, istehsalın yoxluğu Ermənistanda vəziyyəti daha da ağırlaşdırır. Hökumət tərəfindən xaricdən alınan borclarla elektrik enerjisi, su təminatı, həmçinin xidmət sahələrində vəziyyətin yaxşılaşacağı deyilsə də, reallıqda bunun əksi müşahidə olunur. Kommunal xidmətlər durmadan bahalaşır, digər sosial xərclər davamlı olaraq artır. 

Erməni iqtisadçısı Vaaqn Xaçatryanın sözlərinə görə, məhz ağır sosial-iqtisadi durum üzündən Ermənistana xarici sərmayələr qoyulmur. Ekspert vurğulayır ki, hazırda bu ölkəyə ancaq hakimiyyətdə güclü dayağı olanlar və elə hakimiyyətin öz nümayəndələri sərmayə yatırır. Erməni iqtisadçısı bildirir ki, investisiya ilə bağlı situasiya çox pisdir: “İnvestisiya məsələsində “kədərli” sözü çox yumşaq səslənir. Milli statistika xidmətinin məlumatı bu ilin birinci yarısının yekunları, sərmayə axını əvəzinə, ölkədən daha çox pul çıxarıldığı gerçəyini ortaya qoyub”.
Ölkədən pul axınının artımını buradakı ümidsiz vəziyyətlə əlaqələndirən iqtisadçı vurğulayır ki, bunun bir səbəbi insanların öz əmlaklarını sataraq ölkəni tərk etməsidirsə, digər səbəb onların öz kapitallarını daha təhlükəsiz mühitdə yatırım etmək istəməsidir. Ölkə əhalisinin yarıdan çoxu yoxsulluq həddində yaşayır. Burada orta aylıq əməkhaqqı çox aşağı səviyyədədir. Əvvəllər Ermənistanın mövcudluğu xarici yardımlardan asılı idisə, son dövrlər ölkə bundan da məhrum edilib. Analitiklər Ermənistanın ağır vəziyyətə düşməsində indiki hakimiyyəti günahlandırırlar. Məhz onların səriştəsiz siyasəti nəticəsində ölkənin uçuruma sürükləndiyi iddia olunur. Yaranmış vəziyyəti şərh edən ekspert Armen Rustamyan artıq Ermənistan iqtisadiyyatının çökdüyünü bildirir: “Erməni xalqı xaricdən gələn kreditlər və ianələrin hesabına yaşayır. Hazırda Ermənistan əhalisinin böyük əksəriyyəti yoxsulluq içində yaşayır. Bu, çox acınacaqlı durumdur, bizim iqtisadiyyat, vaxt keçdikcə, daha da pisləşir. Ölkənin rəhbəri heç bir tədbir görməyi belə düşünmür”.
Keçmiş baş nazir, parlamentin deputatı Aram Sarkisyan isə bildirir ki, Ermənistan Serj Sarkisyan hakimiyyəti dövründə xaricdən, ilk növbədə də Rusiyadan tam asılı vəziyyətə düşüb. Sarkisyanın sözlərinə görə, hakim Respublika Partiyasının nümayəndələrinin çoxu Ermənistanın müstəqilliyini və suverenliyini şübhə altına alır, etiraf edirlər ki, Ermənistan müstəqil şəkildə öz sərhədlərini qorumağa və düşmənə cavab verməyə qadir deyil.
Müxalif deputat əmindir ki, ölkə hakimiyyəti prezident Serj Sarkisyandan başlamış nazirlərə qədər hər şeyi edirlər ki, Rusiyanın işinə yarasınlar və hakimiyyətlərini saxlasınlar: “Bizim Xarici İşlər Nazirliyi bütün dünya boyu Rusiyanın maraqlarına xidmət edir və harada lazımsa, orada Rusiya XİN necə istəsə, elə səs verir. Bizim energetika sahəmiz tamamilə Rusiyaya məxsusdur... Baş nazirdən soruşmaq lazımdır ki, dövlətdə ruslara vermədiyimiz daha hansı sahələr qalıb?”
Keçmiş baş nazir hesab edir ki, hakimiyyət nümayəndələrinin Ermənistanın Avrasiya İttifaqından çıxacağı halda, vəziyyətinin “dəhşətli olacağı” haqda dedikləri sadəcə olaraq gülməlidir: “Bundan da betər daha nə ola bilər? Ermənistandan əhalinin axını davam edir, insanlar ABŞ-a, Avropaya üz tutur, orada öz bizneslərini qururlar. Kimin belə imkanı yoxdursa, dili bilmirsə, Rusiyaya mühacirət etməyə məcburdur. Və nə vaxta qədər ki, onlar oradadır, biz Rusiyanın belimizə minməsinə, Azərbaycana silah-sursat satmasına göz yummağa məcburuq. Ermənistana investisiyalar yatırılmır, çünki heç bir avropalı investor Avrasiya İttifaqının üzvü olan ölkəyə investisiya qoymaz. Rusiyanın isə o qədər pulu yoxdur ki, Ermənistana investisiya qoysun”.

 

Regionda bütün layihələrdən kənarda qalıb

 

Ermənistan iqtisadiyyatının ən böyük problemlərindən biri də regionda həyata keçirilən transmilli layihələrdən kənarda qalmasıdır. İşğalçılıq siyasətinə görə Azərbaycan bu ölkəni heç bir transmilli layihəyə yaxın buraxmır. Belə vəziyyət Ermənistanın durumunu daha da ağırlaşdırır. Azərbaycanda isə vəziyyət tam fərqlidir. Ölkəyə külli miqdarda xarici sərmayə axını davam edir, yeni transmiili layihələr həyata keçirilir. Elə ötən ay Bakıda Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında sazişə düzəliş edilib, yenidən tərtib olunmuş sazişin imzalanması həyata keçirilib. 1994-cü ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü sayəsində imzalanmış və onun adı ilə bağlı olan “Əsrin müqaviləsi” 2050-ci ilədək uzadılıb.
Bu, neft-qaz yataqları blokunun işlənməsi üzrə yeni sazişin imzalanması Azərbaycanın iqtisadi sabitliyinin göstəricisidir. Belə vəziyyət onu ifadə edir ki, beynəlxalq şirkətlər, maliyyə təşkilatları tam əminliklə Azərbaycanla əməkdaşlığı davam etdirməkdə maraqlıdırlar. Azərbaycan isə öz növbəsində, regiona iqtisadi layihələr təklif etməkdə davam edir, dünyanın aparıcı ölkələri isə bu layihələrin reallaşdırılmasına tərəfdaş olaraq qatılırlar. Aydındır ki, bütün bunlar uzunmüddətli perspektivdə Azərbaycana böyük üstünlüklər qazandıracaq. Bunlar qarşıdakı dövr ərzində Azərbaycanı daha varlı, iqtisadi cəhətdən daha qüdrətli bir dövlətə çevirəcək, əhalinin maddi rifah halı daha da yüksələcək.

S.Sarkisyanın siyasi iflası

 

Bu gün Ermənistanda da artıq açıq şəkildə etiraf edilir ki, Serj Sarkisyanın siyasi fiaskosunun müəllifi işğalçı ölkəni uğurla təcrid durumuna salmağı bacaran Azərbaycan Prezidenti İlham Əliyevdir. Birmənalı həqiqətdir ki, ötən dövr ərzində Azərbaycan Prezidenti qlobal informasiya savaşında dünya erməniliyini gücdən salmaqla, neytrallaşdırmaqla yanaşı, şəxsən Serj Sarkisyanın siyasi iflasını həyata keçirdi. Ən əlamətdar məqam odur ki, Azərbaycan Prezidenti bütün bu prosesi beynəlxalq dünya ictimaiyyətinin gözü qarşısında apardı.
Ötən 10 ildə hər iki prezidentin iştirak etdiyi beynəlxalq tədbirlər, sammitlər daim bir nəticə ilə yekunlaşıb: İlham Əliyev həmişə Serj Sarkisyanı ifşa edib, onu rəzil hala salıb və dünya erməniliyinin əsl məkrli mahiyyətini danılmaz faktlarla açıqlayıb. BMT-nin Baş Assambleyasının sonuncu sessiyasında da İlham Əliyev bu şərəfli ənənəsinə sadiq qaldı.
Sessiyada daha əvvəl çıxış edən S.Sarkisyan həmişəki kimi boş avantüralarla, “ağa qara” deməklə bu ali tribunadan yenə nağıllar uydurdu. Sarkisyanın çıxışı yalan və saxtakarlığın klassik forması olmaqla yanaşı, onun özünü pis vəziyyətdə qoyması ilə nəticələndi.
Prezident İlham Əliyevin çıxışında Ermənistanın işğalçı siyasəti, Dağlıq Qarabağ münaqişəsinin xüsusi yer tutması bu mənada tam təbii idi. Öz çıxışı ilə Sarkisyanı daha pis vəziyyətə qoyan, onun yalanlarını ifşa edən Prezident İlham Əliyev münaqişənin yaratdığı fəsadları, eləcə də regional və qlobal təhlükəni tarixi faktlar və təkzibolunmaz sübutlarla əsaslandırdı: “Ötən ilin aprelində Ermənistan şəhər və kəndlərimizə hücum edərək, təmas xəttində növbəti hərbi cinayət törətdi. Bu hücum nəticəsində 6 dinc azərbaycanlı qətlə yetirildi, onların sırasında bir uşaq da var idi. Bundan əlavə, 26 mülki şəxs yaralandı. Yüzlərlə evlərimiz dağıdıldı. Azərbaycan öz vətəndaşlarını müdafiə etməli oldu. Uğurlu əks-hücum nəticəsində Azərbaycan 3 işğal olunmuş rayonda - Ağdərə, Füzuli və Cəbrayılda bir neçə əraziləri azad etdi və öz bayrağını azad edilmiş ərazilərdə qaldırdı. Ermənistan rəhbərliyi bu dərsi yaddan çıxarmamalıdır. Əks təqdirdə, Ermənistanın növbəti təxribatının nəticələri onlar üçün daha ağrılı olacaq”.

 

Hüquqi, siyasi böhran böyüyür

 

Bu gün Ermənistanda insan hüquqları, demokratiya sahəsində yaşanan problemlərin miqyası sürətlə genişlənməkdə, vəziyyət ifrat həddə pisləşməkdədir. Hakimiyyətin öz maraqlarını təmin etmək məqsədilə repressiv metodlardan daha çox istifadə etməyə başlaması isə cəmiyyətdə etirazları bir qədər də artırır. Amma iqtidar mənsubları hələ də buna əhəmiyyət verməyərək rəqib və təhlükə saydıqları qüvvələri ən sərt üsullarla neytrallışdırmağa çalışırlar.
Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan bu xüsusda bildirir: “Ölkəmiz cəhənnəmə çevrilib. Həm kəndlərdə, həm də şəhərlərdə əhalinin 98 faizi yoxsulluq içərisində yaşayır. Ölkə rəhbərliyində xalqı fəlakətə sürükləyən oğrular, fırıldaqçılar, əclaflar, satqınlar əyləşib. Bu, sadəcə, sözlər deyil”. Onun sözlərinə görə, Ermənistanda polis və məhkəmələr təzyiq alətinə çevrilib: “Onlar öz xalqına qarşı Stalin KQB-sindən daha qəddardırlar. Stalin insanları Yakutsk, Sibir, Altaya zorla sürgün edirdi. Amma Serj Sarkisyan insanları o həddə çatdırıb ki, artıq onlar əsir düşərgələrində əziyyət çəkən babalarının yerlərinə könüllü gedirlər”.
Ümumiyyətlə, insan haqlarının pozulması, məmur özbaşınalığı, qanunsuz həbslər, məhkəmələrin sifariş əsasında hökmlər çıxarması və bu qəbildən olan digər hallar indi Ermənistanı xarakterizə edən əsas hallardan sayılır. Hətta beynəlxalq miqyasda müxtəlif təşkilatlar, insan hüquqlarının müdafiəsi ilə məşğul olan qurumlar bu xüsusda Yerevana dəfələrlə iradlar tutsalar da, reallıqda dəyişən heç nə yoxdur. Ermənistan sakinləri əvvəlki dövrlərlə müqayisədə indi haqlarının daha çox pozulmasından şikayət edirlər.

 

Avropa İnsan Hüquqları Məhkəməsinə ən çox şikayət Ermənistandan gəlir

 

Vəziyyətin kifayət qədər acınacaqlı olmasını Ermənistanın sabiq baş prokuroru Gevorq Kostanyan da təsdiq edir. O bildirir ki, insanların ölkə daxilində indiki hakimiyyətin onların hüquqlarını müdafiə edəcəyinə dair inamları tam sarsılıb. O, ümidin yalnız beynəlxalq məhkəmə və instansiyalara qaldığını bildirir: “Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) bu səbəbdən insanların əsas ümid yerinə çevrilib. Həmin məhkəmə tərəfindən mühakimə olunduğu təqdirdə, daxili məhkəmə orqanlarının lazımi bir prosesi təmin etməməsi zamanı azı intizam tədbiri görülməlidir”. Avropa İnsan Haqları Məhkəməsinin son statistikasına əsasən, Ermənistan Avropa Şurasına üzv olan dövlətlər arasında onlara ən çox şikayət göndərən 9-cu ölkədir. Kostanyan bu nəticənin böyük narahatlıq doğurduğunu və ölkənin məhkəmə sisteminə inamın azalmasının göstəricisi olduğunu söyləyib: “5-10 il əvvəl vəziyyət daha yaxşı idi, nəinki indi. Ötən il aparılan hüquq-məhkəmə islahatlarına baxmayaraq, insanların məhkəmənin ədalətinə inamını bərpa etmək mümkün olmayıb”.
Ümumiyyətlə, qeyd edək ki, Ermənistan Avropa İnsan Hüquqları Məhkəməsinə göndərilən şikayətlərin sayına görə Avropa Şurasına üzv olan ölkələr arasında birinci yerdədir. Bu statistika əhalinin hər 100 min nəfərinə düşən şikayətlərin sayına görə aparılıb. Ermənistanın hüquq müdafiəçisi Vahe Qriqoryan bildirib ki, təqdim olunan statistik göstəricilər ermənilərin məhkəmə sisteminə inamsızlığının göstəricisidir. Amma görünən odur ki, mövcud reallıq erməni hakimiyyətini qətiyyən narahat etmir. Elə bu səbəbdən insan haqlarının daha kobud şəkildə pozulması, insanların siyasi baxışlarına görə həbsə atılması davam edir. Ermənilər özləri artıq sosial şəbəkələrdə Ermənistanda cinayətkar bir mafiyanın hakimiyyətdə olduğunu etiraf edirlər. Bunun qarşısını almağın əsas yolunu isə hakimiyyətə qarşı qiyamdan keçdiyini etiraf edənlərin də sayı artır. Vahe Qriqoryan etiraf edir ki, hadisələrin bu səpkidə inkişaf etməsinin başlıca səbəblərindən biri Ermənistanın Azərbaycanla münasibətlərinin normal olmaması, Dağlıq Qarabağ münaqişəsidir. Yeri gəlmişkən qeyd edək ki, elə Qarabağ məsələsi ilə bağlı Bakı Yerevanın mövqelərini beynəlxalq miqyasda sürətlə sarsıdıb, bu ölkənin işğalçı mahiyyətini tam ifşa edib. Eyni zamanda, Azərbaycan düşmən üzərində tam hərbi üstünlük qazana bilib.

Hərb müstəvisində də Ermənistan tam məğlub vəziyyətdədir

Bu gün hərb müstəvisində Azərbaycanın Ermənistandan dəfələrlə üstün bir mövqedə olması işğalçı ölkədə də açıq etiraf olunur. Ordunun döyüş qabiliyyətini artırmaq üçün Azərbaycan bu gün ən müasir silahlar aldığı halda, Ermənistanda əsas etibarı ilə ötən əsrin ortalarında istehsal edilən hərbi texnikadan istifadə olunur. Aydındır ki, bütün bunlar Dağlıq Qarabağ münaqişəsi hərbi müstəvidə çözüləcəyi təqdirdə, döyüş nəticələrinə də mütləq mənada təsir edəcək. Bunu Ermənistanda da yaxşı bilirlər. Düşmən ölkədə onu da yaxşı başa düşürlər ki, istər ordunun döyüş qabiliyyətində, istərsə də onun hərbi texnika ilə təminatında Azərbaycanla rəqabət aparmaları qeyri-mümkündür. Bunu Ermənistan prezidenti Serj Sarkisyan özü də etiraf edir: “Bəyəm bu sirdir ki, Azərbaycan bizdən varlıdır, silahlanmaya və sairə böyük vəsait xərcləyir? Sirr deyil. Və birdən kimsə desə ki, iki ilə, beş ilə Ermənistanı Azərbaycandan daha varlı edəcək, o adamı siyasətdən uzağa qovmaq lazımdır, çünki bu, şarlatanlıqdır, yalandır”. Sarkisyan onu da təsdiq edib ki, Qarabağda hərbi əməliyyatların başlanması onun ölkəsi üçün arzuolunmaz nəticələrə gətirib çıxaracaq: “Dağlıq Qarabağda döyüş əməliyyatları olduqca arzuolunmazdır və ilk növbədə, Ermənistan üçün arzuolunmazdır. Danışıqlar prosesinin alternativi yoxdur. Alternativi döyüş əməliyyatlarıdır ki, bu da arzuolunmazdır. Bizim üçün arzuolunmazdır, üstəlik, ola bilsin ilk növbədə, bizim üçün”.
Beləliklə, Sarkisyan bildirir ki, ölkəsi Azərbaycanla müqayisədə zəif imkanlara malikdir və bu reallıq dəyişməyəcək. İkincisi, Bakının aldığı silahlar fonunda Qarabağ münaqişəsi Ermənistan üçün qətiyyən arzuolunmazdır. Xüsusən də Azərbaycanın son dövrlərdə Rusiyadan aldığı silahlar Ermənistanı xeyli əndişəyə salıb. Amma düşməni ən çox qorxudan Azərbaycan Ordusunun yüksək döyüş qabiliyyəti, döyüş ruhudur. Ermənistanda isə tam əks vəziyyət qeydə alınır. Əvvəlki kimi orduda özbaşınalıq, oğurluq, fərarilik, nizamnamədən kənar hərəkətlər və digər qanun pozuntuları hökm sürür. Qeyd olunan xüsusda cinayətlərin sayının artması orduda vəziyyətin daha acınacaqlı hala gəldiyini göstərir. Orduda özünü qabarıq göstərən neqativ hallardan biri də oğurluq, silah və sursatların detallarının sökülərək satılmasıdır. Maddi təminatları pisləşən hərbçilərin oğurluq etməsi halı çoxalır və rəhbərlik indi bunun qarşısını almaqda acizdir.

 

Sadə ermənilər döyüşmək istəmirlər

 

Bundan başqa, ordu ilə bağlı özünü qabarıq göstərən problemlərdən biri də odur ki, hərbi xidmətə gedən gənclərin sayı kütləvi surətdə azalır. Bu sahə üzrə apardığı araşdırma zamanı erməni jurnalist Tevos Arşakyan da maraqlı faktlar üzə çıxarıb. O bildirir ki, erməni gənclər Qarabağa getməmək üçün ölkədən qaçır. Erməni jurnalist yazır ki, son illərdə hərbi komissarlıqlar orduya çağırışla bağlı ciddi çətinliklərlə üzləşib: “Respublika çağırış komissiyasındakı mənbədən əldə etdiyimiz məxfi informasiyaya görə, son dövrlər saxta sağlamlıq vəziyyətinə görə orduya getməyənlərin sayı artmaqla yanaşı, hərbi xidmətə getməmək üçün ölkədən qaçan gənclərin də sayı sürətlə çoxalır. Bu yaxınlarda deputat Aram Manukyan bildirdi ki, bu ilin başlanğıcında orduda xidmətdən xilas olmaq üçün 2000 insan ölkəni tərk edib. Bununla yanaşı, valideynlər böyük məbləğdə pul verərək, övladlarını hərbi xidmətdən yayındırırlar. Bütün bunlara səbəb isə kasıbların övladlarının Qarabağa göndərilməsi və orada ölməsidir”.
Ermənistan ordusunda qeydə alınan nizamnamədən kənar münasibətlər də valideynlərin orduya inamını tam sarsıdıb. Belə insidentlər zamanı xəsarət alan hərbi qulluqçuların valideynlərinin Ermənistan Müdafiə Nazirliyinə dəfələrlə müraciət etmələrinə baxmayaraq, hadisələrin qarşısını almaq mümkün olmur. Digər sahələr üzrə də Ermənistanda vəziyyət sürətlə pisləşir, ölkə fəlakətə yuvarlanır.
Burada bir məqamı xüsusi qabartmaq lazım gəlir ki, Ermənistanın belə acınacaqlı vəziyyətə düşməsinin ümdə səbəbi işğalçılıq siyasətidir və bunun nəticəsində Azərbaycanın, onun liderinin təcavüzkara qarşı gördüyü tədbirlərdir. Ermənistan işğal siyasətinə son qoymayana qədər çətin ki, Azərbaycanın zərbələrindən özünə gələ bilsin.
Beləliklə, açıq-aydın görünür ki, erməni xalqı öz iqtidarlarının həm hərbi, həm də diplomatiya cəbhəsində İlham Əliyevə daha böyük fərqlə uduzmağının gerçəkliyini anlamağa başlayıb. Elə bu səbəbdəndir ki, ermənilərin əsas istəyi Azərbaycanla yeni mümkün hərbi toqquşmaların qarşısının alınmasıdır. Bu gün erməni xalqı ya sülhlə razılaşıb dövlətçiliyi xilas etməli, ya da S.Sarkisyanın arxasınca gedərək iflas və təznəzüllə barışmalıdır. İşğalçı ölkədə anlayırlar ki, tarixlərinin ən bərbad dönəmini yaşayan erməni xalqının yeganə çıxış yolu İlham Əliyevin qurtuluş formulundadır.

Elçin CƏFƏROV,
“Azərbaycan”