Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Sürücülər ödənişli duracaq yerlərinin hüdudlarını necə müəyyənləşdirməlidirlər?

22 Oktyabr 2017
 

İndi  çox küçədə ödənişli duracaq  yerləri yaradılıb. Daha doğrusu, parkomatlar quraşdırılıb və  əraziyə nəzarətçi  qoyulub. Amma çox yerdə dayanacaq yerinin haradan başlayıb, harada  qurtardığı  bəlli deyil. Yəni,  parklama qaydaları müəyyənləşdirilməyib. Elə birtərəfli  yollar  var ki, ödənişli parklanma yerini bildirən nişanlar yolun solunda olsa da, nəzarətçilər sağ tərəfdə saxlanılan maşınlara görə də ödəniş tələb edirlər. Bəhanələri də bu olur ki, ödəniş aparatı sağ tərəfdədir. Məgər ödəniş aparatı yol hərəkətini tənzim edən hüquqi  statusa malikdir? Bilmək istəyirəm, sürücülər belə yerlərdə ödənişli parklanma ərazisini necə müəyyənləşdirməlidirlər? 

 

Azil NƏSİBLİ,

Bakı şəhər sakini

 

Əvvəla, parkomat - ödəniş aparatı, adından da göründüyü kimi, yalnız parklanmaya görə ödəniş aparmaq üçündür. Bu cihaz  duracağa görə ödənişi qəbul etməkdən əlavə sürücülər üçün nə isə ifadə etmir. Yollarda hərəkət, eləcə də dayanma, durma, parklama yol nişanları və qaydalarla tənzimlənir. “Duracaq yeri” nişanı hərəkət  hissəsinin hansı tərəfində quraşdırılıbsa, qüvvəsi də yalnız həmin tərəfə şamil edilir. Bu nişana əlavə məlumat nişanları (lövhəciklər) qoşmaqla  duracaq yerinin ödənişli olduğu, həmçinin nəqliyyat vasitələrinin duracağa qoyulma üsulu, nişanın təsir sahəsi və s. göstərilməlidir. Qanunvericiliyə edilən son dəyişikliklərə əsasən də parkomat quraşdırılan duracaq yerləri, onların hüdudları müvafiq yol nişanları və nişanlanma xətləri ilə təchiz olunmalıdır. Təəssüf ki, çox yerdə  parkomat quraşdırılsa da, orada parklama yeri dəqiq təşkil olunmayıb - müvafiq məlumat  nişanları quraşdırılmayıb, üfüqi nişanlanmalar aparılmayıb. Bu da sürücülər arasında çaşqınlıq və haqlı narazılıq yaradır.

Ödəmə aparatının (parkomatın) hansı tərəfdə quraşdırılmasından asılı olmayaraq, ödənişli duracağın yolun hansı tərəfində olmasını (yerini), üsulunu, təsir sahəsini yalnız yol nişanları və nişanlanma xətləri müəyyənləşdirir. Parkomat - ödəmə aparatı isə yol nişanı deyil, sadəcə ödənişi qəbul edən texniki vasitədir. Bu səbəbdən onun parklanmanı (dayanma və durmanı) tənzimləyən hüquqi gücü yoxdur.

 

Ərşad HÜSEYNOV,

“Digesta” hüquq mərkəzinin direktoru