Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Qəhrəmanların xatirəsi əbədi yaşayır

15 Oktyabr 2017
 

Goranboyun bol-bərəkətli, şanlı-şöhrətli yurd yerlərindən biri də Qızılhacılı qəsəbəsidir.  Əhalisinin sayı 10 min nəfərə çatır. Bu oğuz yudrunun tarixi qədim, ənənəsi zəngindir. 

Milli istiqlal uğrunda mübarizədə qızılhacılılılar həmişə öz sözlərini deyiblər - XIX əsrin sonlarında da, ötən yüzilliyin əvvəllərində, ölkənin, millətin ən ağır günlərində qəsəbədən perikən, köçüb gedən olmayıb. Əksinə, silaha sarılıb düşmənə, təcavüzkara mərdliklə sinə gəriblər.  Onların iştirakı ilə Gülüstan-Ağcakənd bölgəsi namərd ermənilərin  caynağından xilas edilib.  Bu  döyüşlərdə Qızılhacılının igid oğulları  hünər göstərib, canlarından keçiblər.

O qanlı-qadalı günlərdə qəsəbə 18  şəhid verib.  Onlardan üç nəfəri Azərbaycanın Milli Qəhrəman adına layiq görülüb. Bu qəhrəmanlardan  biri qubadlılı  Kazımağa Kərimovdur. O, jurnalist idi. Qubadlının işğalından sonra  ailəsi ilə birlikdə Qızılhacılı qəsəbəsinə köçmüşdü. Elə ilk gündən də özünümüdafiə batalyonuna yazılmışdı. Hünərinə,  bacarığına  görə batalyon komandirinin müavini təyin olunmuşdu. 

Kazımağa Erkəc, Mənəşli, Qaraçinar, Şəfəq əməliyyatlarında və başqa döyüşlərdə öndə gedib. Meşəli ərazisində ağır yaralanıb. Bakıya çatdırsalar da, onu xilas etmək mümkün olmayıb.  Prezidentin  sərəncamı ilə  K.Kərimova Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

Digər Milli Qəhrəmanlar  - Yunis Əliyev və Fikrət Hacıyev isə Qızılhacılı qəsəbəsinin yetirmələridir. Hər ikisi Şəfəq, Zeyvə, Qaraçinar və digər yaşayış məntəqələrinin erməni quldurlarından müdafiəsində  iştirak  edib və taleləri də eyni olub: Talış kəndi ətrafında keçirilən   əməliyyat zamanı şəhidlik zirvəsinə ucalıblar. Hər ikisinə   Azərbaycanın Milli Qəhrəmanı adı verilib. Fikrət Hacıyevin 27, Yunis Əliyevin 33 yaşı vardi...

Xalqımız, qəsəbə əhli qədirbiləndir, qəhrəman oğullarının  xatirəsini daim əziz tutur. Mədəniyyət evi Kazımağa Kərimovun, 3 saylı uşaq bağçası Yunis Əliyevin, qonşu  Ballıqaya kənd məktəbi Fikrət Hacıyevin adını daşıyır. 2 saylı məktəbin həyətində şəhidlərin şərəfinə abidə ucaldılıb. Məktəblərdə, mədəniyyət ocaqlarında sərgilər, xatirə guşələri düzəldilib.  Oktyabrın  9-u Milli Qəhrəman Yunis Əliyevin doğum günüdür. Yaşasaydı  60 yaşına qədəm qoyacaqdı.   Rayonda, eləcə də qəsəbədə onun xatirəsi növbəti dəfə qürurla anılıb, yeniyetmə və gənclərin, eləcə də müharibə veteranlarının, qazilərinin  iştirakı ilə  tədbirlər keçirilib.

Hər bir şəhidimizin xatirəsi xalqımızın qəlbində və tarixində əbədi yayaşacaq, yaşadılacaqdır.

 

Rəsul QURBANOV,

Qızılhacılı qəsəbə sakini, müharibə veteranı