Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Türkmənistan prezidentinə ikinci dəfə ölkə qəhrəmanı adı verilib

10 Oktyabr 2017
Türkmənistan parlamentinin deputatları ölkə prezidenti Qurbanqulu Berdiməhəmmədova ali dövlət mükafatı – Türkmənistan qəhrəmanı adı verilməsi barədə qərar qəbul edib.

AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, dövlət başçısına bu ad “beynəlxalq arenada müstəqil bitərəf vətəninin nüfuzunu daha da artırmaqda görkəmli xidmətlərinə və misilsiz fəaliyyətinə” görə mükafatlandırılıb. Yüksək fəxri ad Berdiməhəmmədova ikinci dəfə təqdim edilir. O, bu ada ilk dəfə 2011-ci ilin oktyabrında layiq görülmüşdü.

Türkmənistan qəhrəmanı adına layiq görülən vətəndaşlara xüsusi fərqlənmə nişanı – Altın ay qızıl medalı verilir. Bu adı təkrar qazananlar isə tunc büstünün qoyulması hüququ əldə edirlər.

Bundan əlavə, mükafatçıya dövlətin valyuta ehtiyatları hesabına birdəfəlik 25 min dollar həcmində pul, həmçinin məvacibə, vəzifə maaşına, pensiyaya, tələbə təqaüdünə aylıq 50 faiz əlavə vəsait ödənilir. Ölkə qəhrəmanı adına təkrar layiq görülənlərə isə birdəfəlik 100 min dollar pul, həmçinin məvacibə, vəzifə maaşına, pensiyaya, tələbə təqaüdünə aylıq 100 faizlik əlavə vəsait verilir. Hər iki halda ödənilən əlavə vəsaitlərdən vergi tutulmur.