Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Gələcəyə qoyulan sərmayə

08 Oktyabr 2017
 

“Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı” gənclərin problemlərinin həllində müstəsna rol oynayacaq

 

Zamanın axarına təsir etmək gücündə olan liderlərin dövlətçilik irsinə diqqət yetirsək, onların gəncliyə göstərdikləri qayğıya daha çox rast gəlirik. Bu, ömrünü xalqının, ümumilikdə isə bəşəriyyətin firavan gələcəyi üçün yaşamış şəxsiyyətlərin üz tutduğu gəncliyin simasında arzuladıqları gələcəyi yaradacaq insanları görməsidir.
İrəli sürdükləri ideyaların həmin gəncliyin əzmi ilə gerçəkliyə çevriləcəyinə işıqlı ümidlərin təcəssümüdür. Liderlər öz millətinə çox böyük nailiyyətlər bəxş edə bilər, cəmiyyəti qısa zamanın dalğalarında bir neçə əsrlik inkişafa da yönəldər, qovuşdurar. Amma onların dövlətinə qazandırdıqları ən böyük uğurları vətəninin gələcəyi üçün yetişdirdikləri gənclikdir: milli ideyalar ruhunda tərbiyə almış böyüməkdə olan nəsil! Bu mənada gəncliyə münasibət həmin ölkənin gələcəyinə münasibətdir.
Müasur dövrdə gənclər siyasəti sayəsində qazanılan nailiyyətlər hər bir dövrün ümumi inkişaf səviyyəsini, iqtisadi, siyasi potensialını müəyyənləşdirən əsas meyarlardan sayılır. Bu reallığı düzgün qiymətləndirən dövlət başçısı İlham Əliyev hər zaman gənclərə malik olduqları qabiliyyət və intellektual imkanlar müqabilində geniş meydan verməyin tərəfdarı kimi çıxış etmiş, bu təbəqəyə böyük diqqət və qayğı ilə yanaşmışdır. Nəticədə xalqın gələcəyini müəyyən edən və cəmiyyətdə əhəmiyyətli çoxluğa malik gənclərin ehtiyaclarının ödənilməsi məsələsi dövlət siyasəti səviyyəsinə yüksəlmişdir. Prezident İlham Əliyevin bu il sentyabrın 15-də imzaladığı “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncamı xüsusi əhəmiyyət kəsb edir. Gəncliyin inkişafında növbəti mərhələnin təmin edilməsini nəzərdə tutan bu mühüm sənədin əsas məqsədi ölkədə gənclər siyasətini daha da inkişaf etdirmək, onların bütün sahələrdə iştirakına geniş imkanlar yaratmaqdır. Proqramda Azərbaycanda gənclər sahəsində dövlət siyasətinin başlıca istiqamətləri növbəti dəfə açıqlanmış, bu təbəqəyə diqqətin artırılması üçün konkret tədbirlərin həyata keçirilməsi xüsusi vurğulanmışdır.
Prezident İlham Əliyevin imzaladığı bu dövlət proqramı ümummili lider Heydər Əliyev tərəfindən həyata keçirilən dövlət gənclər siyasətinin məntiqi davamı kimi diqqətəlayiqdir. Məlumdur ki, hələ 1990-1993-cü illərdə cəmiyyəti təhlükələrə sürükləyən siyasi, iqtisadi, mənəvi-ideoloji problemlər üzündən ölkədə gənclər tam diqqətdən kənarda qalmışdı. Öz siyasi ambisiyaları naminə Azərbaycanda böhranlı vəziyyət yaradan bəzi qüvvələr məqsədlərinin icrası üçün ilk növbədə, gəncliyimizdən istifadə edirdilər. Həmin illərdə müxtəlif adlar altında çoxsaylı gənclər təşkilatı ortaya çıxmışdı. Ölkədəki mövcud hərc-mərclik şəraitində yaranan bu təşkilatların əksəriyyətində siyasiləşmə, populizm meyilləri özünü büruzə verirdi. Yalnız ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkə xaos və anarxiya girdabından çıxdığı kimi, gənc nəslin mənəvi-əxlaqi tərbiyəsinin gücləndirilməsi, sosial problemlərinin həlli məsələlərinə də xüsusi diqqət yetirildi.
Ulu öndər özünəməxsus müdrikliklə təlqin edirdi ki, milli dövlətçiliyimizin möhkəmləndirilməsi, Azərbaycanın əbədi müstəqilliyinin təmin olunması gənclərə həssas münasibətdən, onlarda vətəndaşlıq hissinin aşılanmasından, dövlətin sabahın qurucularına sahib çıxmasından, gəncliyin cəmiyyət həyatının bütün sferalarında təmsil olunmasına şərait yaradılmasından, onların aparıcı qüvvəyə çevrilməsinə dəstəkdən və bu qüvvədən milli hədəflər uğrunda məqsədyönlü istifadədən çox asılıdır. Ona görə də Azərbaycanda demokratik cəmiyyət, hüquqi dövlət quruculuğu prosesinin ilk dönəmindən böyük rəhbər gənclər siyasətini dövlətin əsas prioritetlərindən biri elan etdi. Bu siyasətin əsas istiqamətlərini müəyyənləşdirdi və onun icrasına doğru uğurlu addımlar atdı. Həmin illərin gəncliyi Vətən sevgisini, qəhrəmanlıq əzmini Azərbaycanın müstəqilliyi, ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdəki iştirakı, şəhidlik məqamına qədər yüksəlməsi ilə sübuta yetirdi. Ulu öndərin irəli sürdüyü milli dövlətçilik kursu isə Azərbaycan gəncliyinə imkan verdi ki, öz əzmkarlıqlarını, yüksək potensiallarını cəmiyyət həyatının bütün sahələrində reallığa çevirib ən böyük tarixi qələbələri Azərbaycan dövlətinin qüdrəti ilə qazansınlar.
Bütün görülən işlərin mahiyyəti, miqyası, əhatəli və sistemli şəkildə həyata keçirilməsi göstərir ki, ümummilli lider bu qərarları ilə təkcə ölkə rəhbəri kimi üzərinə düşən vəzifələri yerinə yetirmirdi. Gəncliyə belə həssas münasibətlə, onların təhsil, maarif işığında yetişməsi ilə Azərbaycanın gələcəyini yaradırdı.
Ötən əsrin sonlarına doğru Azərbaycanın dövlət müstəqilliyinin bərpasından və qısamüddətli çətinliklərdən sonra ölkənin demokratik inkişaf yolu tutaraq aydın hədəflərə doğru irəliləməsində bir zamanlar Heydər Əliyevin milli ideyalar mühitində formalaşdırdığı həmin o gəncliyin çox böyük iştirakı oldu.
Cəmiyyətin inkişafında gənclərin rolunu artırmaq, onları ictimai fəallığa təşviq etmək, eyni zamanda, vətəndaşlıq məsuliyyətini yüksəltmək, paytaxt və regionlarda yaşayanların fikir mübadiləsinə şərait yaratmaq, gənclər və dövlət qurumları, hökumət nümayəndələri ilə açıq ünsiyyəti asanlaşdırmaq məqsədilə ümummilli lider hələ 1995-ci ildə Azərbaycan Gənclərinin Forumunun keçirilməsi təşəbbüsünü irəli sürmüşdü.
2 fevral 1996-cı ildə bu təşəbbüs əsasında müstəqil Azərbaycan gənclərinin ilk forumu keçirilmişdi. 1997-ci il fevralın 1-də forumun ildönümü münasibətilə gənclərin bir qrupunu qəbul edən Heydər Əliyev 2 fevral - Azərbaycan Gəncləri Gününün elan edilməsi haqqında sərəncam imzalamışdı.
Ölkədə hər hansı sahənin tərəqqi tapmasının ən mühüm şərtlərindən biri, təbii ki, o sahədə mükəmməl qanunvericilik bazasının mövcudluğudur. 2002-ci ildə “Gənclər siyasəti haqqında” qanunun qəbulu, bu baxımdan Azərbaycanın gələcəyinə daha bir tarixi töhfə oldu. Bu qanunvericilik sənədində respublikada gənclər siyasətinin əsas istiqamətləri müəyyənləşdirildi, gənclərin mənəvi-əxlaqi tərbiyəsi və mədəni həyatda iştirakı, istedadlılara dövlət qayğısı, onların sağlamlığının qorunması və fiziki inkişafı, məşğulluğunun təmin edilməsi, gənc ailələrə və gənclər təşkilatlarına dövlət yardımı kimi vacib müddəalar əksini tapdı. 1996-2002-ci illərdə qəbul olunmuş “Bədən tərbiyəsi və idman haqqında”, “Gənc istedadlar üçün xüsusi təqaüdlərin təsis edilməsi haqqında”, “Azərbaycanın gənc istedadlarına dövlət qayğısı haqqında”,”Gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin yüksəldilməsi haqqında” müvafiq normativ-hüquqi sənədlər, “Gənc ailə” proqramı, “Ordudan tərxis olunmuş gənclərin məşğulluğu” ilə bağlı dövlət proqramı və s. gənclərin sosial problemlərinin həllinə, onların öz potensiallarından istifadə edə bilmələrinə kömək göstərdi, böyüməkdə olan nəslin mütəşəkkil qüvvə kimi formalaşmasına, mənəvi-ideoloji cəhətdən kamilləşməsinə zəmin yaratdı.
Belə bir mühitdə yetişən Azərbaycan gəncliyi Vətən sevgisini, fədakarlığını, iradəsini, yenilməzliyini 2016-cı ilin aprelində cəbhə bölgəsində düşmənin təxribatlarının qarşısını alarkən öz qəhrəmanlığı ilə növbəti dəfə nümayiş etdirdi, strateji baxımdan mühüm bir ərazinin düşmən tapdağından azad olunması ilə möhtəşəm bir zəfər salnaməsi yazdı və bu qalibiyyətin Azərbaycan cəmiyyətindəki coşqusu gənclərimiz arasındakı yüksək vətənpərvərlik ruhunun, vətəndaşlıq hisslərinin ifadəsi oldu.
Məhz ulu öndər Heydər Əliyevin müəyyən etdiyi dövlət gənclər siyasətinin və bu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyevin gənclərimizə böyük diqqət və qayğısının nəticəsidir ki, onlar bu gün ölkənin ictimai-siyasi həyatında fəal iştirak edir, həmçinin beynəlxalq miqyasda da dövlətimizin adına böyük uğurlar qazandırırlar. Gənclərlə iş sahəsində görülən tədbirlər Azərbaycan gəncliyinin inkişafına böyük təkan vermiş, onların cəmiyyətdə özlərini təsdiq etmələrinə münbit şərait yaratmışdır. Təsadüfi deyil ki, hazırda Azərbaycan gəncliyi, onların nümayəndələrinin təmsil olunduqları müxtəlif qurumlar, ictimai birliklər ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafı prosesinin aparıcı qüvvəsi rolunda çıxış edirlər.
Prezident İlham Əliyevin gəncliyə münasibətinin, bu sahədə yürüdülən məqsədyönlü siyasətin, həyata keçirilən sistemli tədbirlərin tarixi ifadəsi 2005-ci ildə ölkə rəhbərinin birbaşa təşəbbüsü ilə qəbul olunmuş və uğurla icra edilmiş “Azərbaycan gəncliyi 2005-2009-cu illərdə” və 2011-ci ildə bunun davamı olaraq imzalanmış “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” dövlət proqramlarıdır.
Bu proqramların uğurlu nəticələri cəmiyyət həyatının bütün sahələrində gənclərin fəallığının, təşəbbüskarlığının getdikcə artması, irimiqyaslı layihələrin icrasında və idarəetmə sistemində onların rolunun güclənməsi, Azərbaycan gənclərinin vətənpərvərlik ruhu və vətəndaşlıq mövqeyinin möhkəmlənməsi, son illərin ən xoş meyillərindən olan könüllülük hərəkatının ölkəmizdə geniş vüsət alması ilə nəticələnmişdir. Azərbaycan gəncləri 2012-ci il “Eurovision” mahnı müsabiqəsinin, I Avropa Oyunlarının, “Formula-1” Bakı Qran-prisi və 2017-ci il IV İslam Həmrəyliyi Oyunlarının təşkili zamanı nələrə qadir olduqlarını bir daha sübuta yetirmişlər. Onların bu mütəşəkkilliyində həmin dövlət proqramlarının təsirinin böyük rolu olmuşdur.
Dövlət proqramlarının uğurla icrası, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması, bilikli, peşəkar, istedadlı yeniyetmələrin dəstəklənməsi üçün Prezident mükafatının təsis edilməsi gənclərin hərtərəfli inkişafını stimullaşdırmışdır. Son illər Bakıda və regionlarda istifadəyə verilən “Gənclər ev”ləri bu təbəqənin maraq dairəsini genişləndirmiş, asudə vaxtın mənalı və səmərəli təşkili üçün yeni imkanlar yaratmışdır. Gənclərin məşğulluğu və sahibkarlığın inkişafı üçün biznes inkubatorların, texnoparkların açılması, lazımi mühitin yaradılması onların maddi durumunun, rifah halının daha da yaxşılaşdırılmasına imkan vermişdir.
Etiraf edək ki, bu gün hər birimiz zamanın sürətinin artmasının fərqindəyik. Görünür, bu, informasiya-kommunikasiya texnologiyalarının inkişafı, dünyanın mobilləşməsi faktının yaratdığı təəssüratdır. Belə sürət gənclərin həyatında özünü daha çox hiss etdirir. Onları zamanla ayaqlaşmağa, dövrün çağırışlarına diqqət yetirməyə, fərdi inkişaf barədə düşünməyə, bir sözlə, özlərini gələcəyə hazırlamağa stimullaşdırır. Bu günlərdə - sentyabrın 15-də ölkə Prezidentinin sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı” da bu zərurəti nəzərə alaraq verilmiş tarixi qərardır. Adlarını çəkdiyimiz iki dövlət proqramının davamı kimi nəzərdə tutulmuş bu sənəd “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına əsasən hazırlanmışdır və məzmun etibarilə dövlətimizin gənclərlə bağlı strateji fəaliyyətinin yeni bir mərhələsini ehtiva edir.
Bu qərar hər şeydən öncə, gənclərlə bağlı aparılan dövlət siyasətinin məzmun və ardıcıllıq etibarilə bir-birini tamamladığını, zamanın nəbzinə həmahənglik təşkil etdiyini göstərir. Proqramda son illərin qlobal proseslərini nəzərə alaraq, Azərbaycan gənclərinin vətənpərvərlik, vətəndaşlıq tərbiyəsinin gücləndirilməsinin, müstəqilliyimizin şüurlu dərk edilməsi və dəyərləndirilməsinin, onlar tərəfindən innovativ düşüncə və rəqabətədavamlı biliklərin əldə olunmasının, yüksək texnologiyalar və informasiya mühitində sərbəst davranışının təşviqi zərurəti xüsusi qeyd edilir. Əsas məqsəd ölkədə gənclər siyasətinin daha səmərəli şəkildə həyata keçirilməsi, cəmiyyətin bütün sahələrində bu zümrənin fəal iştirakının təmin olunmasıdır. Eyni zamanda, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasına dəstək verilməsi, gənc nəslin sağlamlığının qorunması, təhsil və məşğulluq məsələlərinə diqqətin artırılması, müasir informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə, ölkədə könüllülük hərəkatının inkişaf etdirilməsidir.
Burada bütün məqsədlərə nail olmaqdan ötrü lazımi şəraitin formalaşdırılması nəzərdə tutulur və qarşıya qoyulan strateji hədəfə ünvanlanan istiqamətlər də konkret vəzifə kimi göstərilir. Azərbaycançılıq və dövlətçilik prinsipləri əsasında gənclərimizin vətəndaşlıq və vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi sənəddə irəli sürülən ümdə vəzifələrdəndir.
Müdriklərdən gəlmə bir deyim var: insanlar öz ata-analarından çox zəmanələrinin övladlarıdırlar. Bu baxımdan istənilən cəmiyyətdə gəncliyin mənəvi tərbiyəsi, onların dövrün çağırışlarına uyğun istiqamətləndirilməsi üçün düzgün ideologiyalara ehtiyac həmişə duyulur. Elə bir ideologiyaya ki, zamanın sınaqları onu heç bir vəchlə sarsıtmasın və bütün dövrlərdə milli varlığa, ümumbəşəri dəyərlərin hakimliyinə xidmət etsin. Müstəqillik dövründə Azərbaycanın əldə etdiyi ən böyük nailiyyətlərdən biri istiqlalımızın əbədiliyinə, cəmiyyətimizin vəhdətinə xidmət edən belə bir ideologiyanı - azərbaycançılığı formalaşdıra bilməsidir. Ulu öndər Heydər Əliyevin azərbaycançılığın tarixən formalaşmış ayrı-ayrı komponentlərini vahid sistem və konsepsiya halına gətirərək irəli sürdüyü bu ideologiya bütün digər cəhətləri ilə yanaşı, həm də Azərbaycan gənclərini cəmiyyətin həmrəyliyi, bütövlüyü, mənəvi birliyi mühitində yetişdirən, onlara dövlətçilik düşüncəsi aşılayan məktəbdir.
Elə dövlət proqramında bu məsələlərin - gənclərimizin azərbaycançılıq və dövlətçilik prinsipləri əsasında tərbiyə olunması əsas vəzifələrdən biri kimi aktuallaşdırılır. Eyni zamanda, onlar arasında milli-dini dözümlülük, sülhsevərlik, humanizm dəyərlərinin təbliği də vacib sayılır. Məlumdur ki, XXI əsrin insanı mahiyyətcə sərhədsiz bir dünyada yaşayır. Qloballaşma amili bütün insanlar üçün cəmiyyətlərin sıx təmasda olduğu vahid birgəyaşayış mühiti yaradır. Öz milli-mənəvi dəyərlərini qorumaqla yanaşı, bu mühitin yaratdığı saysız-hesabsız imkanlardan faydalanmağın, həmin imkanlardan ölkənin və cəmiyyətin qüdrətli gələcəyi üçün istifadə etməyin, gələcək nəsillərə gözəl bir dünya qurmağın əsas şərtləri milli-dini mənsubiyyət fərqi qoymadan hər kəsə hörmətlə yanaşmaq, sülhə xidmət göstərmək, humanizm dəyərlərinin carçısı olmaqdır. Çünki bütün bu dəyərlərin mərkəzində Yer üzünün əşrəfi olan insan dayanır və bu günün Azərbaycan gəncliyi həmin dəyərlərə hörmət hissini mənimsəməklə bəşəriyyətin gələcəyinə xidmət etməyi öyrənir.
Cəmiyyət də canlı orqanizm kimidir. Əgər onun sağlamlığı qeydinə qalmasan, ortaya çıxan ciddi fəsadlar cəmiyyəti kökündən sarsıdar. Bu mənada sağlam gənclik cəmiyyətin sağlam gələcəyi deməkdir. Hazırda bütün dünyada narkomaniya, toksikomaniya, alkoqolizm və digər bu kimi bəlalar xalqların milli genefondunu pozur və bəşəriyyətin gələcəyini təhdid edir. Yer üzünün bu təhlükələrdən qurtuluşunun yeganə yolu gənclərin onlardan qorunmasıdır, belə problemlərin gələcəyə ötürülməməsidir. Respublikada illərdən bəridir ki, bu məqsəd uğrunda sistemli iş gedir. İndi bütün dünyada idman ölkəsi kimi tanınan Azərbaycanda bu sahənin inkişafına dəstəyin, idmanın müxtəlif vasitələrlə geniş miqyasda təbliğinin əsas hədəflərindən biri də elə sağlam həyat tərzinin təbliği, gənclərimizin pis vərdişlərdən çəkindirilməsidir. Bunun müsbət nəticələrini gündəlik həyatımızda müşahidə edə bilərik. Azərbaycan gənclərinin sağlamlığının qorunması, düzgün həyat tərzinin təbliği, narkomaniya, toksikomaniya, alkoqolizm və digər neqativ halların profilaktikası da dövlət proqramında vacib məsələlər kimi nəzərə alınmışdır. Əfsuslar olsun ki, müasir dünyamızın qlobal problemləri ənənəvi sərhədləri aşaraq öz əhatəsini dini ekstremizm, separatizm, beynəlxalq terrorizm, mədəniyyətlərin toqquşması və s. bu kimi yeni ziyanlı meyillərlə genişləndirir. Bu gün bütün dünyada gənclərin belə təhlükəli, zərərli təsirlərdən qorunması bəşəriyyət qarşısında duran əsas vəzifələrdəndir. Bunun isə ən səmərli yolu gənclər arasında maarifçiliyi təbliğ etmək, onların yaradıcı fəaliyyətini, intellektual inkişafını stimullaşdırmaq, əqli mülkiyyətin ən yüksək dəyər olması düşüncəsini aşılamaqdır.
Proqramda gənc alim və tədqiqatçıların fəaliyyətinin dəstəklənməsi, onların elmə həvəsləndirilməsi, ali və orta ixtisas təhsili müəssisələrində tələbələrin mütərəqqi ideya və təşəbbüslərinin müdafiəsi, gənclərin bilik və bacarıqlarının inkişafı, mədəniyyət, incəsənət sahələrində istedadlı gənclərin üzə çıxarılması, onlarla işin daha səmərəli və ünvanlı qurulması, intellektual inkişafının, elmi fəaliyyətlərinin stimullaşdırılması və s. kimi mühüm vəzifələr məhz qarşıya qoyulan missiyanı nəzərdə tutur. Sənəddə günümüzün ən böyük təsir vasitələrindən biri kimi çıxış edən kütləvi informasiya vasitələri qarşısında da konkret vəzifələr müəyyənləşdirilmiş, yeniyetmə və gənclər üçün faydalı olan maarifləndirici, elmi-kütləvi, televiziya və radio verilişlərinin hazırlanması və yayımlanması zəruri sayılmışdır.
Bu proqram həmçinin gənclərin sahibkarlıq və məşğulluq imkanlarının artırılmasına, onlar arasında ixtisas və peşə seçiminə, əmək bazarı və məşğulluq haqqında məlumatlılıq səviyyəsinin yüksəldilməsinə, gənclərə xidmət göstərən dövlət müəssisələrinin fəaliyyətinin inkişafına yardım edəcək. Eyni zamanda, gənc nəslin asudə vaxtının səmərəli təşkili, onların həyat və düşüncə tərzinə dair müvafiq təhlillərin aparılması, beynəlxalq mübadilə və mədəniyyətlərarası dialoqda gənclərin iştirakının dəstəklənməsi, insan alverinə, zorakılığa qarşı mübarizə və s. bu kimi mühüm məsələlərin həllinə də müsbət təsir göstərəcək.
“Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı”nda irəli sürülmüş vəzifələr gəncliyə münasibətlə bağlı bütün dünyaya bir çağırışdır, nəzərəçarpan problemlərin həllinə aydın yol bələdçisidir. Sənədin icrası Azərbaycan dövlətinin gənclər siyasətində yeni bir tarixi mərhələ olacaqdır.

İradə ƏLİYEVA,
“Azərbaycan”