Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Xalq Artisti Alim Qasımov haqqında yazılmış “Muğamın meracı” kitabının təqdimatı olub

27 Sentyabr 2017
Sentyabrın 27-da Beynəlxalq Muğam Mərkəzində Xalq Artisti Alim Qasımova həsr olunan “Muğamın meracı” kitabının təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə nəşr olunan bu kitabının müəllifi Lətifəxanım Əliyevadır.

Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəmizdə muğam sənətinin inkişafına göstərilən dövlət qayğısından söz açıb.

Nazir deyib ki, Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsləri və dəstəyi ilə ölkəmizin qeyri-maddi mədəni irsinin, xüsusilə də muğam sənətinin ümumdünya səviyyəsində tanıdılması və təbliği istiqamətində mühüm işlər görülüb. Məhz Mehriban Əliyevanın yorulmaz fəaliyyəti nəticəsində 2003-cü ildə muğam sənəti UNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib.

Alim Qasımovun yaradıcılığını mədəniyyətimiz üçün hadisə adlandıran nazir deyib ki, son illər muğamlarımız onun ifasında daha geniş üfüqlərə yol açıb, daha geniş zirvələri fəth etməyə başlayıb. Alim Qasımov bu gün Azərbaycan musiqisini dünyaya təqdim edən elçilərdən biridir. Onun ifaçılıq tərzi, üslubu muğam sənətimizdə yeni sözdür. Alim Qasımovun Avropada, Amerikada ifa etdiyi muğam, sadəcə, istedadlı bir xalqın ənənələrinə və düşüncə tərzinə bağlı olan musiqi kimi deyil, bəşəri musiqi kimi dəyərləndirilir. Qədim milli musiqi ənənələrinin qorunması və təbliği istiqamətində göstərdiyi xidmətlərə görə Alim Qasımovun UNESCO-nun Beynəlxalq musiqi mükafatı ilə təltif edilməsi və haqqında sənədli filmin hazırlanması da onun sənətinin qüdrətinin məhsuludur.

“Mənə Alim Qasımovun xaricdəki konsertlərində iştirak etmək nəsib olub. Görmüşəm ki, onun sənəti insanlara nə qədər böyük təsir edir. Bu gün eyni zamanda gözəl bir kitabın təqdimatıdır. Bu kitabda onun bütün yaradıcılığı əhatə olunub. Mən Alim Qasımova yeni uğurlar, yeni zirvələr arzu edirəm".

Sonra nazir Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə “Şərəf” ordeni ilə təltif olunmuş Alim Qasımova ali mükafatı təqdim edib.

Xalq Artisti sənətinə verilən bu yüksək dəyərə görə ölkəmizin başçısına minnətdarlığını bildirib.

Tədbirdə qeyd edilib ki, kitabda dünyaca məşhur muğam ifaçısı, Xalq Artisti Alim Qasımov haqqında respublikanın tanınmış şəxsiyyətlərinin müsahibələri toplanıb. Bu yazılarda muğam aşiqi və fədaisi olan sənətkar müxtəlif rakurslardan göstərilir, onun oxuculara tanış olmayan xüsusiyyətləri açılır. On üç müsahibin və müəllifin (13+1) təhlil xarakterli düşüncələri sayəsində oxucu ilk dəfə olaraq Alim Qasımovu “sufi-filosof-xanəndə” tandemində muğam ifa edən sənətkar kimi “kəşf” edib tanıya biləcək. “Şərq-Qərb” nəşriyyatında işıq üzü görmüş kitab Mədəniyyət və Turizm Nazirliyinin tabeçiliyində olan aidiyyəti qurumlara və kütləvi kitabxanalara paylanılacaq.

Tədbir bədii hissə ilə davam edib.