Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Fransada əmək bazarında islahatların başlaması əleyhinə kütləvi nümayişlər keçirilir

13 Sentyabr 2017
Fransada yüz minlərlə adam Prezident Emanuel Makronun təşəbbüsü ilə əmək bazarında irimiqyaslı islahatların başlamasına etiraz əlaməti olaraq küçələrə çıxmışdır. Daxili İşlər Nazirliyinin məlumatına görə, nümayişçilərin sayı 223 min nəfər olmuşdur. Aksiyaları təşkil edən “Ümummilli Əmək Konfederasiyası” həmkarlar ittifaqı isə küçələrə 500 min nəfərin çıxdığını bildirmişdir.

Əmək bazarında dəyişikliklər Makronun seçkiqabağı vədlərini reallaşdırmaq məqsədilə gerçəkləşdirmək istədiyi ilk böyük islahatdır. Əmək qanunvericiliyinin dəyişdirilməsi şirkətlərə daha çox azadlığın verilməsinə imkan yaradır. İslahatın tənqidçiləri ehtiyatlanırlar ki, o, işçilərin hüquqlarını məhdudlaşdırar.

Nümayişlər iri şəhərlərdə - Paris, Marsel, Lion, Tuluza, Bordo, Nitsa, Renn və Havrda keçirilmişdir. Paytaxtda küçələrə təxminən 24 min nəfər çıxmışdır. Etirazçılar asayiş keşikçilərini daşa basmış, polis isə kütləni dağıtmaq üçün gözyaşardıcı qazdan və təzyiqli sudan istifadə etmişdir. Daxili İşlər Nazirliyinin məlumatına görə, 13 nəfər tutulub saxlanmışdır.

Qeyd edək ki, Fransada işsizlik xeyli vaxtdır yüksək səviyyədədir. Avrostatın məlumatına görə, bu ilin iyununda işsizlik 9,6 faiz idi ki, bu da 3,48 milyon nəfər deməkdir.