Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Ağ evdə 2001-ci il 11 sentyabr terror aktları qurbanlarının xatirəsi anılıb

11 Sentyabr 2017
 

Ağ evdə, ABŞ Prezidentinin Vaşinqtondakı rəsmi iqamətgahında 2001-ci il 11 sentyabr terror aktları qurbanlarının xatirəsinə həsr edilmiş mərasim keçirilib.

AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, bir dəqiqəlik sükutla müşayiət olunan mərasimdə ABŞ Prezidenti Donald Tramp və onun xanımı Melaniya, həmçinin prezident administrasiyasının əməkdaşları iştirak ediblər.

Mərasim yerli vaxtla səhər saat 8:46-da (Bakı vaxtı ilə saat 15:46) – 2001-ci il sentyabrın 11-də Nyu-Yorkdakı Dünya Ticarət Mərkəzinin qülləsinə ilk təyyarənin çırpıldığı vaxtda başlayıb. Ağ ev üzərində dövlət bayrağı endirilib.

Xatırladaq ki, ABŞ-da 16 il əvvəl “Əl-qaidə” təşkilatının üzvü olan terrorçu-kamikadzelər qaçırdıqları təyyarələrlə Dünya Ticarət Mərkəzinə və Pentaqonun binasına hücum etmişdilər. Koordinasiyalı şəkildə törədilmiş dörd terror aktı nəticəsində 3 minə yaxın insan həlak olmuşdu.