Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

İLHAM ƏLİYEV iqtisadi inkişafın yeni hədəflərini müəyyənləşdirdi

06 Sentyabr 2017
* 2004-cü ildə və ondan sonra 2009-cu və 2014-cü illərdə qəbul edilmiş regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası nəticəsində bütün bölgələrdə, hər bir rayonda çox sürətli inkişaf getmişdir və bu gün də bu inkişaf davam edir.

 

* Bütün işlərimizin, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Azərbaycan vətəndaşı yaxşı yaşamalıdır və yaxşı yaşamaq üçün imkan olmalıdır. Ona görə sosial məsələlərin həlli, xüsusilə təhsillə, səhiyyə ilə bağlı məsələlər həmişə bizim üçün prioritet olmuşdur. Son illərdə 3 mindən çox məktəb, 600-dən çox tibb mərkəzi yaradıldı və onlar bu gün insanlara xidmət göstərir. Eyni zamanda, bölgələrdə yaradılmış şərait böyük şəhərlərə miqrasiyanın da qarşısını alır. Biz artıq bunu da görürük ki, əvvəlki illərdə Bakıya bütün bölgələrdən müşahidə olunan miqrasiya indi azalıbdır, eyni zamanda, əks proses də başlayıb. İndi insanlar şəhərlərdən kəndlərə qayıdırlar. Çünki kənd təsərrüfatının inkişafı üçün çox gözəl imkanlar yaradılıb.

 

* Biz son illərdə ölkəmizdə işsizliyin kəskin azalmasına nail olduq və Azərbaycan bu göstəriciyə görə dünya miqyasında qabaqcıl yerlərdədir. Azərbaycanda işsizlik təqribən 5 faiz səviyyəsindədir. Xüsusilə bu gün bu qədər ki inkişaf var, kənd təsərrüfatına bu qədər vəsait qoyulur, son 2 il ərzində minlərlə ictimai iş yeri yaradılıbdır, işləmək istəyən özü üçün iş tapar. Yaradılan 1 milyon 600 mindən çox iş yeri də bizim siyasətimizin əlamətidir, onun təzahürüdür.

 

* Son illər ərzində sahibkarlara dövlət tərəfindən 2 milyard manatdan çox güzəştli kreditlər verilmişdir və əlbəttə, sahibkarlar da öz vəsaitlərini qoyublar. Bu təşəbbüs nəticəsində ölkə iqtisadiyyatının real sektoruna ümumilikdə təqribən 4 milyard manat, bəlkə də ondan da çox vəsait qoyulmuşdur. Kreditlər əsasən regionlara, kənd təsərrüfatına, emal sənayesinə ayrılıbdır.

 

* Bu ilin 7 ayında ticarət dövriyyəmizin müsbət saldosu əhəmiyyətli dərəcədə artıbdır. Yəni biz daha çox ixrac edirik, nəinki idxal. Biz 7 ay ərzində valyuta ehtiyatlarımızı böyük dərəcədə artıra bilmişik. Baxmayaraq ki, neftin qiyməti bu gün də çox aşağı səviyyədədir, biz 7 ayda valyuta ehtiyatlarımızı 3 milyard 600 milyon dollar səviyyəsində artırmışıq. Mən deyəndə ki ölkə qarşısında heç bir maliyyə çətinliyi yoxdur, bax, bu rəqəmlər bunun bariz nümunəsidir.

 

* 2017-ci ildə də Azərbaycan uğurlu inkişaf dinamikasını saxlayır, onu möhkəmləndirir, ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində çox önəmli addımlar atır. Beləliklə, biz gələcək inkişaf üçün də gözəl şərait yaradırıq.

 

* Kənd təsərrüfatının inkişafı isə bizim üçün prioritet sahədir. Hesab edirəm ki, Azərbaycanda kənd təsərrüfatı ilə məşğul olanlara dövlət tərəfindən verilən dəstək heç bir başqa ölkədə yoxdur. İlk növbədə əgər biz vergi siyasətinə nəzər salsaq görərik ki, ölkəmizdə fermerlər bütün vergilərdən azad olunublar, təkcə torpaq vergisindən başqa. Əlbəttə ki, bu, dövlət tərəfindən fermerlərə göstərilən böyük dəstəkdir. Dövlət xətti ilə ən müasir texnika alınır. Bu il Azərbaycana 10 min ən müasir texnika gətirilib. Fermerlərə subsidiyalar verilir. Dövlət tərəfindən verilən tövsiyələr əsasında 40-a yaxın müasir aqropark yaradılır.

 

* Kənd təsərrüfatının şaxələndirilmiş şəkildə inkişaf etdirilməsi də qarşıda duran əsas vəzifələrdən biridir. Kənd təsərrüfatının bütün sahələri bizim üçün əhəmiyyətlidir. Biz ölkəmiz üçün ənənəvi olan sahələri dirçəldirik, bərpa edirik, yeni sahələr yaradılır. Bir sözlə, Azərbaycanda ərzaq təhlükəsizliyi və idxaldan asılılığın azaldılması məsələləri diqqət mərkəzindədir. Son illərdə bu istiqamətdə çox böyük nəticələr əldə edilmişdir. Bunu həm statistik göstəricilər, həm də real həyat göstərir. Son vaxtlar bütün bölgələrdə kənd təsərrüfatına göstərilən diqqət və dövlət tərəfindən aparılan siyasət artıq gözəl nəticələrini verir.

 

* Son vaxtlar görülən işlər və keçirilən müşavirələr, mənim bölgələrə səfərlərim bir daha onu göstərir ki, biz düzgün yoldayıq. Biz qısa müddət ərzində özümüzü təminetmə əmsalını daha da artıracağıq. Azərbaycan öz keyfiyyətli məhsulu ilə dünya bazarlarına daha da böyük həcmdə çıxacaq. Beləliklə, ölkə iqtisadiyyatı çoxşaxəli istiqamətdə inkişaf edəcək. İdxaldan asılılıq minimum səviyyəyə düşəcək və yeni iş yerləri, istehsalat sahələri yaradılacaq ki, bunun Azərbaycan vətəndaşları üçün, dövlətimiz üçün böyük faydası var.