Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Məhsulların ixracı artır

12 Avgust 2017
 

Cari ilin yanvar-iyun aylarında Azərbaycan dünyanın 171 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmişdir. Bu dövr 98 ölkəyə məhsul ixrac, 166 ölkədən isə idxal olunmuşdur.

Dövlət Statistika Komitəsinin Azərbaycanın xarici ticarət əlaqələri barədə yaydığı məlumatda daha sonra bildirilir ki, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla yanvar-iyun aylarında xarici ticarət dövriyyəsi 10 milyard 692,8 milyon, o cümlədən ixracın dəyəri 7 milyard 283,1 milyon, idxalın dəyəri isə 3 milyard 409,7 milyon  ABŞ dolları təşkil etmiş və nəticədə

3 milyard 873,4 milyon dollarlıq müsbət ticarət saldosu yaranmışdır. 2016-cı ilin eyni dövrü ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 3,8 faiz artmış, real ifadədə isə 16,4, o cümlədən ixrac 8,6, idxal 28,6 faiz azalmışdır. Ticarət dövriyyəsinin 39 faizi Avropa İttifaqı, 13,6 faizi MDB, 47,4 faizi dünyanın digər ölkələrinin payına düşmüşdür.

Məlumatda o da bildirilir ki, 6 ay ərzində ölkədən 737,6 milyon dollarlıq qeyri-neft məhsulları ixrac edilmişdir ki, bu da 2016-cı ilin yanvar-iyun aylarına nisbətən faktiki qiymətlərlə 26,8, real ifadədə isə 24,3 faiz çoxdur.

Bu dövrdə ötən ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə tərəvəz ixracı - 73,1, təzə meyvə - 34,3, kartof - 50,6, tütün - 36,9, çay - 44,3, meyvə və tərəvəz şirələri - 91,7, təbii üzüm şərabları və üzüm suslosu - 21,5, polietilen - 1,9, qara metallardan borular - 0,1 faiz, pambıq lifi - 5,7 və bentonit gili isə 3,9 dəfə artmışdır.   

İdxalda isə bəzi məhsullar üzrə yerli istehsalın artımı hesabına azalma baş vermişdir. Belə ki, hesabat dövründə buğda idxalı - 35,2, bitki yağları - 36,9, kərə yağı, digər süd yağları və pastaları - 0,4, kartof - 5,7, çay - 2,1, təzə tərəvəz - 46,4, sənaye məhsullarından mebel - 10,1, polietilen - 28,2, sement və sement klinkerləri - 93,6 faiz azalmışdır.