Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Dünyanın 15 ölkəsində zəhərli yumurtalar aşkarlandı

11 Avgust 2017
Avropanın daha üç ölkəsində – Slovakiya, Rumıniya və Danimarkadakı toyuq yumurtalarında fipronil izləri aşkarlanmışdır. Bu barədə Almaniyanın “Rheinische Post” qəzetinə istinadən “Alman dalğası” radiostansiyası xəbər verir.

Rumıniyada Almaniyadan gətirilmiş 1 ton fipronilli yumurta aşkar edilmişdir. Slovakiyada Niderlanddan göndərilən zəhərli yumurtalar müsadirə edilmişdir.

Danimarkada Belçikadan gətirilən və fipronil izləri olan yumurtalar da aşkar olunmuşdur. Həmin yumurtalar kafe və yeməkxanalarda istifadə üçün nəzərdə tutulmuşdu.

“Yumurta qalmaqalı” barədə məlumat Almaniyanın iri ticarər şəbəkələri – Aldi və Rewe Niderlanddan alınmış bütün yumurtaları satışdan çıxarmağa başladıqdan sonra yayılmışdır.

Xatırladaq ki, Fipronil həşəratlarla mübarizə üçün istifadə olunur. Bu zəhərli maddəni Belçikanın Velde şəhərindəki firma bioloji insektisidə qatdıqdan sonra Belçika, Niderland və Almaniyadakı quşçuluq fermalarına satmışdır.

TASS agentliyinin xəbərinə görə, artıq dünyanın 15 ölkəsində zəhərli yumurtalar aşkar edilmişdir. Bunlar Niderland, Belçika, Almaniya, Fransa, İsveç, Böyük Britaniya, İrlandiya, Avstriya, Lüksemburq, Polşa, Rumıniya, Slovakiya, Sloveniya, İsveçrə və Honkonqdur.

Avropa Komissiyasından verilən məlumata görə, yumurta qalmaqalı ilə bağlı sentyabrın 26-da iclas keçiriləcək. AKA nümayəndəsi Mina Andreyevanın dediyinə görə, hazırda komissiya üzvləri tətildə olduqlarından bütün maraqlı tərəflərin nümayəndələrinin iştirakı ilə görüş gələn ayın axırlarında keçiriləcək.