Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Xaçmaz sakini: Erməni hərbçilərinin gücü ancaq dinc sakinlərə, uşaqlara qarşı cinayətlər törətməyə çatır

11 Avgust 2017
Şanlı ordumuz qarşısında dizləri əsən erməni hərbçilərinin gücü ancaq dinc sakinlərə, uşaqlara qarşı cinayətlər törətməyə çatır. Bu günlərdə onlar Tovuzda 13 yaşlı Ramin Yusifovu yaraladılar. Belə hadisələr dəfələrlə baş verib - Füzulidə 2 yaşlı Zəhra balamızın başına gətirilən müsibət, ondan əvvəl erməni snayperi tərəfindən öldürülən 9 yaşlı Fariz Bədəlov...

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Xaçmaz sakini Elmar Yusifov Tovuzun Qaralar kənd sakini 13 yaşlı Ramin Yusifovun erməni silahlıları tərəfindən açılan atəşlə yaralanmasına münasibət bildirərkən söyləyib.

E.Yusifov bildirib ki, bu, nə birinci, nə də sonuncu hadisədir: “Erməni hərbçiləri uşaq qatilləridir. Təkcə Xocalı faciəsini xatırlamaq kifayətdir ki, onların uşaqları, yaşlıları, qadınları necə işgəncələrlə öldürdüyünü görək. Mən ermənilərin 1918-ci ildə azərbaycanlılara qarşı törətdiyi soyqırımının sübutu olan Quba soyqırımı məzarlığında dəfələrlə olmuşam. Orada da kütləvi məhv edilənlər arasında uşaqlar, qadınlar çoxdur. Erməni millətçiləri əllərinə düşən hər imkanda dinc azərbaycanlıları öldürməyə çalışırlar. Təəssüf ki, beynəlxalq ictimaiyyət bu barbarlığa lazımi qiymət vermir. Amma əmin olduğum bir məqam var. Bu körpələrin qisası tezliklə alınacaq. Ordumuz aprel döyüşlərində öz gücünü göstərdi. Ermənilər də yaxşı bilir ki, növbəti belə bir həmlə ilə bütün Qarabağımızı onlardan azad edəcəyik!”