Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Torpaq və insan

08 Avgust 2017
 

Cəlilabadlıları torpağa bağlayan nədir

 

Mən çox şadam ki, burada yerli rəhbərlik çox fəal işləyir.

İlham ƏLİYEV

 

İnsan ilk addımlarını torpağın üstündə atmaqla yeriməyi öyrənir, onun yetirdiyi nemətlərdən bəhrələnərək böyüyür, yaşa dolur. Kimliyindən, nəçiliyindən asılı olmayaraq, hər bir insan beləcə torpağa bağlanır. Alim, şair, yazıçı, rəssam, bəstəkar, müəllim, həkim və digər peşə sahibləri tanıyırıq ki, torpağı bir an da olsun unutmur. Şəhərdə yaşasa belə, imkan tapan kimi doğulduğu kəndə, elə-obaya baş çəkir, torpaqla nəfəs alır. Bu ona bir rahatlıq gətirir, xoş ovqat bəxş edir.
Torpağı insan övladının ilk və son beşiyi adlandıranlar yanılmayıblar. Hər kəs torpağın üstündə dünyaya gəlir və ömrünün axırında da torpağın altındakı son mənzilə köçür. Olum və ölüm arasında insanı yaşadan, ucaldan da torpaqdır. Burada torpaq haqqında yazdığım bu misralar yada düşür:

Nə qədər möcüzə torpağın üstdə,
Müxtəlif görkəmdə, müxtəlif adda.
Gözə görünməyən nə qədər sirr var,
Yatır min illərdir torpağın altda.

Nəsillər yaşayıb bu kainatda,
Biri doğulubsa, biri qocalıb.
Gücünü torpaqdan alaraq insan
Səmaya yol açıb, göyə ucalıb.

Cəlilabadın torpağı münbitdir, bərəkətlidir. Bu rayon haqqında, onun qoynunda bol məhsul yetişdirən zəhmət adamları barədə çox deyilib, çox yazılıb. Hələ Sovetlər birliyi zamanında bu rayona rəhbərlik edən rayon partiya komitəsinin birinci katiblərindən biri deyib ki, Cəlilabad torpağından Muğan rayonlarında gübrə kimi istifadə etmək olar. Həyatını, ömrünü-gününü bu torpağa bağlayan, bu yerlərə həsr edən adamları isə onun tərəfdaşına bənzətmək olar. Torpaq nə qədər münbit olsa belə, insansız, zəhmətsiz otdan-alaqdan başqa heç nə yetirə bilməz.
Cəlilabad xoş taleli bir məkandır ki, bu iki varlıq - insan və torpaq onda bir-birini tamamlayır, vəhdət təşkil edir. Burada yaşayan əhali “Torpaq deyir, öldür məni, dirildim səni” atalar sözünü özlərinin həyat tərzinə çeviriblər. Torpağın sinəsini şırım-şırım doğrayıblar, malalayıb qoynuna toxum səpiblər, cücərib çıxan bitkilərə qayğı göstəriblər. Torpaq da bunun əvəzində öz səxavətini onlardan əsirgəməyib, bol məhsulla onları sevindirib. Tarixin müəyyən dövrlərində burada rekord miqdarda taxıl və üzüm yetişdirilib. Bol məhsul, bərəkət isə Cəlilabada şöhrət, hörmət gətirib, adı dillərdə-ağızlarda gəzib. Şairlər şəninə şeirlər yazıb, bəstəkarlar mahnılar bəstələyiblər. Onlarca zəhmətkeş dövrünün ən yüksək adlarına, mükafatlarına layiq görülüb.

 

Qazanılan uğurların təməli

 

Cəlilabadlılar zəhmətkeş olmaqla yanaşı, eyni zamanda haqq-ədalət sevən, yaxşını-yamanı bir-birindən ayırd edən adamlardır. Bu haqda düşünərkən xəyal bizi ən yeni tariximizin - ötən əsrin 90-cı illərinə aparır. O zaman Azərbaycanda vəziyyət ağır idi. Bəzi daxili və xarici qüvvələr - separatçılar gənc dövlətimizi parçalamaq, onu məhv etmək istəyirdilər. Xalqın əksər hissəsi kimi, cəlilabadlılar da qurtuluş yolunu tarixin sınaqlarından mətanətlə çıxmış ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsində görür və bu barədə özlərinin haqq sözünü deməkdən çəkinmirdilər. Bu, hər şeydən öncə Heydər Əliyevin 1969-1982-ci illərdə respublikamıza rəhbərlik etdiyi dövrdə keçmiş SSRİ respublikaları arasında geridə qalan Azərbaycanı öncül sıralara çıxarması, Cəlilabadın inkişafı üçün mühüm tədbirlər görməsi, tez-tez buraya səfərlər etməsi, sadə zəhmət adamları ilə səmimi görüşlər keçirməsi ilə bağlı idi. Belə iş üsulu ümummilli liderin fəaliyyətinin ana xəttini təşkil edirdi. 1993-cü ilin yayında xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev yenə də bu bərəkətli rayona səfərlər etdi, qədirbilən Cəlilabad əhalisi ilə görüşlər keçirdi, bu diyarın yenidən dirçəlməsi üçün tədbirlər gördü.
Alar kənd sakini Bağış Mustafayev bunlar barədə ətraflı danışaraq aylardan-aylara, illərdən-illərə körpü saldı, 2003-cü ilin oktyabr ayında Prezident seçilən İlham Əliyevin ulu öndərin siyasi kursunu uğurla davam etdirməsindən söhbət açdı. Bildirdi ki, İlham Əliyev böyük siyasətçidir: “Daxili və xarici sayasət sahəsində görülən bütün işlər onun adı ilə bağlıdır. İndi Azərbaycan beynəlxalq tədbirlərin, idman oyunlarının keçirildiyi bir məkana çevrilib. Gələn qonaqlar Bakının gözəlliyinə, respublikamızda müxtəlif millətlərin nümayəndələrinin necə mehribanlıqla yaşadıqlarına heyran qalırlar. Rayonlarımızın inkişafı isə göz qabağındadır. Son 10-15 ildə Cəlilabad tanınmaz dərəcədə dəyişib. Görülən işlər saya gəlmir. Neçə-neçə təhsil, səhiyyə, mədəniyyət ocaqları, ictimai binalar, yaşayış evləri, ictimai-iaşə obyektləri, istehsal sahələri və digər sosial obyektlər tikilib, bağlar, parklar, xiyabanlar salınıb, qəsəbə və kəndlərə rahat yollar, qaz xətləri çəkilib. Bu işlər ardıcıllıqla yenə davam etdirilməkdədir. Kənd təsərrüfatı sahəsində qazanılan nəticələr də sevindiricidir. İstehsalın həcminin ilbəil artması insanların yaşayış səviyyəsinin yüksəlməsinə səbəb olmuşdur. Tikilən yaraşıqlı fərdi evlər, müasir şəxsi avtomobillər buna əyani misaldır”.

 

Məmur-vətəndaş birliyi

 

Bu gün bu birliyi Cəlilabad rayonunun timsalında aydın görmək olur. Sözün həqiqi mənasında burada məmur-vətəndaş birliyi, həmrəyliyi vardır. Əziz Əzizov artıq 12-ci ildir ki, Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısıdır. Etiraf edək ki, bir yerdə uzun illər bu vəzifədə işləmək heç də asan deyil. İstər-istəməz narazı qalanlar da ola bilir.
Cəlilabadda isə belələri, demək olar ki, yoxdur. Rayon iqtisadiyyatının inkişafı, sosial problemlərin həlli ilə bağlı RİH tərəfindən ardıcıl tədbirlər görülür, lazım gəldikdə icra başçısı əlaqədar nazirliklərin, komitələrin, baş idarələrin qarşısında məsələ qaldırır. O, hər hansı layihənin icrası zamanı öz arqumentlərini əsaslandırılmış şəkildə icraçı (podratçı) təşkilatlara bildirir. Rayonda aparılan tikinti-quruculuq işlərinin yüksək səviyyədə olmasına çalışır. Hər bir işdə mütəxəssis rəyi nəzərə alındıqdan sonra qərar verilir. Ölkə başçısının qarşıya qoyduğu vəzifələrin mahiyyətini rayon əhalisinə çatdırmaq, qüvvələri həmin vəzifələrin icrasına səfərbər etmək üçün təşviqat və təşkilat işinin formalarından məharətlə istifadə edilir. Demokratik prinsiplərə əməl etmək, insanlara hörmətlə yanaşmaq rayonda əsas hədəflər kimi qəbul edilib. Bunlar isə ölkə başçısı İlham Əliyevin məmurlar qarşısında qoyduğu tələblərdir və bu tələblərə məsuliyyətlə yanaşmağın nəticəsidir.
3-4 ilin söhbətidir. Ə.Əzizovla rayondakı quruculuq, abadlıq, eləcə də kənd təsərrüfatı işlərinin gedişi haqqında danışırdıq. Bu zaman icra başçısının xidməti otağına bir kişi daxil oldu. Hiss olunurdu ki, köməkçinin razılığı olmadan təşrif gətirmişdi. “Əziz müəllim, əkdiyim noxud alaq otlarının içində batıb gedir. Sizin köməyiniz olmasa, məhsul götürə bilməyəcəyəm, çəkdiyim xərc də batıb gedəcək. Odur ki, bizim kəndin ərazi nümayəndəsinə deyin, bu işdə mənə kömək göstərsin”, - dedi. Ə.Əzizov: “Seyid, darıxma, tapşıraram, kömək edərlər”, - dedi və daxili telefonla köməkçisinə tapşırıq verdi. Həmin kişi otaqdan çıxandan sonra: “Cənab Prezident bizi buraya təyin edib ki, insanlara kömək edək”, - deyə bildirdi. Bu kimi misalları Ə.Əzizov haqqında çox çəkmək olar.
Rayon sakinləri icra başçısını özlərinə yaxın adam bilir, problemlərini, müşkül işlərini ona deməkdən çəkinmirlər. Bütün bunlar isə bir deyimi, bir prinsipi yada salır: “Kadrlar bütövlükdə cəmiyyətin qızıl fondudur”. Onun yetişməsi, formalaşması üçünsə zaman, mühit tələb olunur.

 

Birlik olan yerdə…

 

Atalar yaxşı deyib: “Birlik olan yerdə dirilik var”. Bu birliyin nəticəsidir ki, Cəlilabadda uzun illər boyu yaranan, formalaşan yaxşı, mütərəqqi ənənələr indi də davam etdirilir. Tikinti, quruculuq, abadlıq işləri bir an da olsun səngimir. Son 15 il ərzində rayonun siması tanınmaz dərəcədə dəyişib. Burada yeni istehsal sahələri yaradılıb, əvvəlkilərin fəaliyyəti bərpa edilib. Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində nəzərdə tutulmuş tədbirlərin hər biri uğurla həyata keçirilmişdir. İndi bütün qüvvələr 2014-2018-ci illər üçün qəbul edilmiş Dövlət Proqramının icrasına səfərbər edilmişdir.
Cəlilabad, əsasən, kənd təsərrüfatı rayonudur. Ölkə əhalisinin ərzaqla təmin olunmasında rayonun öz çəkisi, öz payı var. Ölkəmizdə elə bazar olmaz ki, orada bu rayonda yetişdirilən kənd təsərrüfatı məhsulları satılmasın. Ələt-Astara magistral şosesi ilə üzü cənuba gedərkən yol boyu üzüm, kartof, çiyələk, soğan, qarğıdalı, sarımsaq, kələm və digər məhsulların düzüldüyünü görmək mümkündür. Elə yolçu olmaz ki, maşını bu ərazidə saxlayıb həmin nemətlərdən almasın. İlin bu fəslində də kənd adamları, fermerlər tarlalardan çıxmırlar. Bir tərəfdə üzüm, çiyələk yığılır, digər tərəfdə torpaq payızlıq əkinlərə hazırlanır. Elə buna görə də burada yaşayan insanlar üçün il boyu iş, məşğulluq var.
Prezident İlham Əliyevin kənd təsərrüfatının inkişafına göstərdiyi diqqət və qayğı rayon sakinlərinin hər birinin ürəyincədir. Niyə də olmasın, axı onların texnikaya, mineral gübrələrə, yüksək reproduksiyalı toxumlara, cins mal-qaraya olan tələbatları ilbəil daha yüksək səviyyədə təmin edilir. Göstərilənlərin hər biri isə yüksək məhsuldarlığa zəmin yaradır. Hər yerdə olduğu kimi, Cəlilabadda da torpaq mülkiyyətçilərinin, fermer və sahibkarların üzü gülür. Bu, ilk növbədə yetişdirdikləri məhsulların əvvəlki illərlə müqayisədə daha sərfəli qiymətə satılması ilə bağlıdır. Məntiq çox sadədir: qazanc yaxşı olanda gün-güzəran da yaxşı olur, özün, ailən, uşaqların üçün nəzərdə tutduqlarını edə bilirsən.
İstehsalçı olmaq, bolluq yaratmaq hər bir cəlilabadlının canında, qanındadır. Onlar təkcə əkinçilik deyil, heyvandarlıq məhsullarının istehsalını da artırmağı hədəf seçmişlər. Bu məqsədlə rayon ərazisində “Günəşli” aqropark heyvandarlıq kompleksi yaradılmışdır. Sənaye təməli əsasında qurulmuş fermaya bu yaxınlarda Almaniyadan 232 baş cins düyə alınıb gətirilmişdir. Rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi Rahib Kərimov deyir ki, burada hər bir iş mexanikləşdirilib. Yemləmə, sağım, təmizlik işləri texnikalar vasitəsilə həyata keçirilir.
R.Kərimov bizi kompleksdə çalışan türkiyəli heyvandar işçi Əli Ərtavukçu ilə tanış etdi. Əli heyvanlara zoobaytar xidməti göstərilməsi barədə söhbət açaraq bildirdi ki, hələlik müasir üsulda tikilmiş 2 tövlədə 32 baş düyə saxlanır: “Yaxın gələcəkdə onların sayı 500-ə çatdırılacaq. Hər 2 tövlədə - sağım və yem sexində quraşdırılan avadanlıqların hamısı Türkiyə istehsalıdır. Kompleksin möhkəm yem bazası var”.
1600 hektarda müxtəlif yem bitkiləri əkilib-becərilir. Həmin sahələr süni yağışyağdırma və damcı üsulu ilə suvarılır. Kompleksdəki işlərlə tanış olduqda adamda belə bir yəqinlik yaranır ki, çox çəkməyəcək, bu tipli heyvandarlıq fermalarının sayı artacaq, sahə sənaye təməli əsasında inkişaf edəcək, xarici ölkələrdən kərə yağı və digər heyvandarlıq məhsulları alıb-gətirməyə ehtiyac qalmayacaq. Hamı mənşəyi məlum olan yerli məhsullardan istifadə edəcək. O zaman pulumuz da xaricə axmayacaq, öz ölkəmizdə qalacaq. Kənd təsərrüfatının sürətli inkişafı deməyə əsas verir ki, o gün uzaqda deyil.

 

Altı ayın uğurlu yekunları

 

Rayonun idarə, müəssisə rəhbərləri, sahibkarlar, bələdiyyə sədrləri bu yaxınlarda Heydər Əliyev Mərkəzindəki iclas zalında bir araya gəlmişdilər. Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Ə.Əzizov cari ilin 6 ayında görülən işlər və qarşıda duran vəzifələr barədə məruzə etmişdir. Məlum olmuşdur ki, cəlilabadlılar ilin birinci yarısını yaxşı nəticələrlə yola salmışlar. Rayon üzrə 160,5 min ton buğda, 13,4 min ton arpa, 4,8 min ton vələmir, 8,7 min ton noxud, 1,2 min ton mərci, həmin dövrə kimi 98,2 min ton çiyələk və digər məhsullar istehsal edilmişdir. Bu məhsulların bir qismi, xüsusən kartof və çiyələk daxili bazarlarla bərabər, Rusiya Federasiyasının müxtəlif şəhərlərinin ticarət şəbəkələrinə daşınaraq, “Made in Azerbaijan” brendi altında realizə edilmişdir.
Üzümçülük rayon üçün ənənəvi sahədir. Hazırda burada 1500 hektardan artıq üzüm bağ var. Bu bağlarda dünyada məşhur olan üzüm sortları yetişdirilir. Kişmişi və digər süfrə üzümü növlərinin yığımına start verilmişdir. Bu məhsulun da çox hissəsi yaxın xarici ölkələrin bazarlarına göndərilir.
Pambıqçılığın inkişaf etdirilməsi ilə əlaqədar bu il 500 hektarda əkin aparılmışdır. Münbit torpaq amili bu sahədə də özünü göstərir. Tarlalarda bol pambıq yetişir. Baramaçılığın da inkişafı diqqət mərkəzindədir. Bu məqsədlə 10 min tut ağacı əkilmiş, kümçülərin səyi ilə 243 kq barama istehsal edilmişdir. Tütün, fındıq, zeytun məhsullarının da istehsalı üçün tədbir görülür. “Aqrolizinq” ASC tərəfindən kənd təsərrüfatı məhsulları istehsalçılarına 70 faiz güzəştlə 3 min 291 ton azot, 180 ton karbomid, 1414 ton digər gübrələr, habelə 8 ton herbisid satılmışdır.
Rayonda qaramalın sayı 99,3 min, davarlarınkı isə 122,9 min başa çatmışdır. 6 ay ərzində 7,9 min ton ət, 41,3 min ton süd, 18,8 milyon ədəd yumurta istehsal edilmişdir. Mal-qaranın cins tərkibinin yaxşılaşdırılması üçün süni mayalandırma işlərinin təşkili xeyli yüksəlmiş, 6 ay ərzində 1628 baş heyvan süni mayalandırılmış, 713 baş sağlam buzov alınmışdır.
Birinci yarımildə regionların özünü maliyyələşdirməsi, mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi, idxalı əvəz edən ixracyönümlü istehsal, emal və infrastruktur layihələrinin yaradılması istiqamətində davamlı iş aparılmışdır. Bu məqsədlə kənd təsərrüfatı məhsulları istehsalı və toxumçuluqla məşğul olan “Qreen Fired-KT” MMC fəaliyyətə başlamışdır. Paxlalı bitkilər və un məmulatlarının qablaşdırılması, paketləşdirilməsi zavodunun tikintisi davam etdirilməkdədir. Muğan kəndində gündəlik istehsal gücü 5 ton olan bitki yağının istehsal müəssisəsində son tamamlama işləri görülür. Müəssisəni xammalla təmin etmək üçün 70 hektarda günəbaxan əkilmişdir. Qarazəncir kəndində gündəlik istehsal gücü 450 kq olan pendir sexinin fəaliyyətə başlaması, Uzuntəpə kəndində 50 kektar ərazidə balıqçılıq təsərrüfatının yaradılması həyata keçirilən tədbirlər sırasındadır. 6 ay ərzində rayonda 437 daimi iş yeri açılmışdır. Görülən tədbirlər nəticəsində rayonda istehsal olunan məhsullar beynəlxalq standartlara uyğun olaraq qablaşdırılacaq, onların daxili və xarici bazarlara çıxarılmasına sahibkarların marağı artacaq.
Qeyd etmək lazımdır ki, rayondakı bank filialları və kredit təşkilatları tərəfindən ilin birinci yarısında 3 min 218 sahibkara 6,1 milyon, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən isə 20 nəfərə 218 min manat məbləğində kredit verilmişdir.
Bütün bunlar yarım il ərzində aqrar sektorda görülən işlərin yalnız bir hissəsidir. Ttikinti, quruculuq, abadlıq, habelə infrastruktur layihələrinin, o cümlədən yolların yenidən qurulması, Cəlilabad şəhərində su-kanalizasiya xətlərinin çəkilişi və bu kimi başqa işlər davam etdirilir.

Seyran CAVADOV,
“Azərbaycan”