Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Zəfər döyüşlərinin əmrini gözləyirik

19 İyul 2017
 

Azərbaycan Ordusunun məğrur əsgərləri mükəmməl hərbi hazırlığa, yüksək qələbə əzminə malikdirlər

 

Qüdrətli Azərbaycan Ordusu!..
Bəli, bu sözün mahiyyətindəki əzəmət artıq onun faktiki mövcudluq qüdrəti ilə tamamlanır. Vaxtilə “milli ordumuz” deyiminin yalnız ifadəsi ilə qürrələnirdiksə, indi Silahlı Qüvvələrimizin keyfiyyətcə yeniləşməsi, müasirləşməsi, maddi-texniki təminatının yüksək səviyyədə ödənməsi, döyüş əhvali-ruhiyyəsinin daim artması və nəticə etibarilə, Azərbaycan əsgərinin Cənubi Qafqazın ən sivil, modern və hazırlıqlı hərbçisinə çevrilməsinin iftixarını yaşayırıq.
Çünki bu gün Azərbaycan Silahlı Qüvvələri dövlətimizin qüdrətinin nümunəsi, xalqımızın iftixar yeridir və ölkəmizin ərazi bütövlüyünü təmin etmək iqtidarında olan yüksək hazırlığa sahibdir.
Milli ruhda köklənən, tarixi təməl üzərində sürətlə inkişaf edərək regionun ən qüdrətli Silahlı Qüvvələrinə çevrilmiş Azərbaycan Ordusu ötən ay yaranmasının 99 illiyini təntənə ilə qeyd etdi.
Bu gün ordu quruculuğu prosesi elə bir mühüm və həlledici mərhələyə qədəm qoyub ki, qazanılan nailiyyətlərlə yerindəcə, hərtərəfli, bilavasitə tanış olmadan Azərbaycan Ordusunun ürəkaçan durumunu yetərincə canlandırmaq, dolğun fikir söyləmək mümkün deyil. İndi nəinki arxa cəbhədə, hətta düşmənlə üzbəüz təmas xəttində yerləşən hərbi hissələrdə özünü göstərən hərbi quruculuq prosesi yalnız böyük qürur və sevinc hissi doğurur.

 

Yolumuz yenə düşmənlə təmas xəttinə, cəbhə bölgəsinədi...

 

Azərbaycan əsgərinin mənəvi-psixoloji durumu, hərbi və maddi-texniki təchizatı, döyüş hazırlığı, bir sözlə, ümumi vəziyyəti ilə əyani surətdə tanış olmaq, qazanılan uğurların canlı şahidinə çevrilmək üçün budəfəki səfərimiz Tovuz rayonuna - düşmənlə təmas xəttinə, cəbhə bölgəsinə idi. Düşmənlə üz-üzə dayanan əsgər və zabitlərin vətən, torpaq sevgisini duymaq, mübarizə ovqatını, düşmənlə mübarizə ruhunda köklənən yüksək mənəvi-psixoloji durumunu yaxından hiss etmək və bütün bunları olduğu kimi, hər cür mübaliğəsiz qələmə almaq peşə fəaliyyətimizlə yanaşı, həm də mənəvi borcdur.
“N” saylı hərbi hissənin zabiti, hərbi bilik səviyyəsi, intellekti ilə seçilən Loğman Xanlarovun bələdçiliyi ilə hərbi hissəyə yollanırıq və ilk qarşılaşdığımız mənzərə qürurvericidir. Hərbi hissənin girişində ötən ilin dekabr ayında Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən qəhrəmancasına döyüşərək həlak olan və Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülən Çingiz Qurbanovun böyük fotostendi quraşdırılıb. Üzərində isə Ali Baş Komandanın igid əsgərin şücaətinə verdiyi qiymət öz əksini tapıb. Bəli, bura Çingiz Qurbanovun şərəflə xidmət etdiyi hərbi hissədir.

 

Üç Milli Qəhrəmanı ilə öyünən hərbi hissə və müqəddəsləşən “22” rəqəmi

 

1 fevral 1992-ci ildə rayonun özünümüdafiə taboru şəklində yaradılan və 1993-cü ildə alay kimi formalaşan hərbi hissə rayonun müdafiəsində, strateji yüksəklikləri uğrunda döyüşlərdə fəal iştirak edib. 1992-1993-cü illərdə Gədəbəy, Ağdam, Ağdərə rayonları istiqamətində gedən ağır döyüşlərdə hərbi hissənin döyüşçüləri əsl qəhrəmanlıq nümayiş etdiriblər.
Vətən uğrunda döyüşlərdə hərbi hissə 100-dən çox şəhid verib. İgid döyüşçülərdən 3 nəfəri - çavuş Qasım Rzayev (1970-1992), əsgər Naiq Yusifov (1970-1992) və əsgər Çingiz Qurbanov (1994 - 2016) Milli Qəhrəman adına layiq görülüblər. Hərbi hissənin iki döyüşçüsü “Azərbaycan bayrağı” ordeni, onlarca hərbçisi isə müxtəlif medallarla təltif edilib. Hərbi hissənin qərargahının yanında üç Milli Qəhrəmanın xatirəsi əbədiləşdirilib. Abidəyə nəzər yetirdikdə isə diqqətimizi bir məqam çəkir. Hər üç hərbçi 22 yaşında qəhrəmancasına döyüşərək müqəddəs şəhidlik zirvəsinə yüksəlib. Bu da yəqin ki, hərbi hissənin şərəfli döyüş yoluna yazılan bir qismətdir, taledir.

 

Milli Qəhrəman Çingiz Qurbanovun şücaəti bütün şəxsi heyətin döyüş ruhunu daha da yüksəldib

 

Ərazidə abadlıq-quruculuq işləri gedir. Şəxsi heyətin dərs prosesi davam etdiyi üçün hərbi hissənin ərazisi ilə tanış oluruq. Burada qərargah, kazarmalar, yeməkxana, tibb məntəqəsi, hərbi hissəyə təşrif buyuranlar üçün qonaq otaqları mövcuddur. Hərbçilərin idmanın müxtəlif növləri ilə məşğul olmaları üçün burada idman şəhərciyi də salınıb.
Qərargah binasında Ali Baş Komandan İlham Əliyevin, müdafiə naziri general-polkovnik Zakir Həsənovun ordu quruculuğuna diqqət və qayğılarını, hərbçilərlə görüşlərini əks etdirən fotolardan ibarət guşə yaradılıb.
Şəxsi heyətin cəlb olunduğu dərslərdə əsas diqqətin hər bir əsgərin hərbi texnikanı və taktikanı dərindən qavramasına, müasir silah növlərindən döyüş şəraitində bacarıqla istifadə edilməsinə yönəldiyini söyləyən bələdçimiz bildirdi ki, bununla yanaşı, şəxsi heyətin hərbi vətənpərvərlik ruhunun gücləndirilməsi məqsədilə bütün lazımi tədbirlər həyata keçirilir. Bu tədbirlər həm də əsgərlərin mənəvi-psixoloji durumunu və döyüş hazırlığını daha da yüksəldir.
Zabit Loğman Xanlarov deyir ki, Milli Qəhrəman Çingiz Qurbanov hərbi hissənin bütün şəxsi heyətinin qürur mənbəyidir. Çünki Çingiz doğma torpağını müdafiə edərkən qəhrəmancasına həlak olub. O, böyük igidlik göstərib. Düşmənlə üz-üzə qalaraq qeyri-bərabər döyüşdə bir daha Azərbaycan əsgərinin nəyə qadir olduğunu göstərib. Təkbaşına böyük diversant qrupu ilə üz-üzə qalan Çingiz son nəfəsinə qədər vuruşaraq şəhidlik zirvəsinə ucaldı. Hərbi hissənin bütün hərbçiləri, eləcə də bütün Azərbaycan gəncləri Çingizlə fəxr edir.
Çingizin qəhrəmanlığı bütün əsgərlərin döyüş əzmini daha da yüksəldib və bu gün vətən torpağının keşiyində duran hərbi hissənin şəxsi heyəti daim döyüş hazırlığı səviyyəsini yüksəldərək hər cür döyüş tapşırığını yerinə yetirməyə hazırdır. Xüsusən silahlı qüvvələrimizin silah və sursatla yüksək səviyyədə təchizatı, ən müasir silahlardan peşəkarcasına istifadə, gənclərimizin hərbi vətənpərvərlik ruhunda tərbiyə edilməsi, ordumuzu gələcək zəfər döyüşlərinə səfərbər edir.

 

Çingizin adı əbədi olaraq şəxsi heyətin axşam yoxlaması kitabına yazılıb

 

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun göstərişinə əsasən, Milli Qəhrəmanın döyüşdüyü posta onun adı verilib və orada Çingizin büstü ucaldılıb. Ümumiyyətlə, hərbi hissənin hər 3 Milli Qəhrəmanının adı əbədiləşdirilib. Digər Milli Qəhrəmanlar - çavuş Qasım Rzayevin və əsgər Naiq Yusifovun adını daşıyan postlar da var.
Bundan başqa, Çingizin xidmət etdiyi bölüyün şəxsi heyətinin axşam yoxlaması kitabına əbədi olaraq Milli Qəhrəmanın adı yazılıb. Hər gün axşam yoxlamasında Çingizin də adı çəkilir. Bu zaman əsgərlərdən biri deyir: “Erməni silahlı bölmələrinin diversiya qrupunun təxribatının qarşısını alarkən qəhrəmancasına döyüşərək həlak olub. Ali Baş Komandanın sərəncamı ilə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. O, hər zaman bizimlədir”.

 

Döyüş tapşırığını yerinə yetirən taborun yüksək səviyyəli hərbi-texniki təchizatı

 

Hərbi hissə ilə tanışlıqdan sonra üz tuturuq ön xəttə döyüş tapşırığını yerinə yetirən bölmənin yerləşdiyi məkana. Əvvəlcə qeyd edək ki, Milli Qəhrəman Çingiz Qurbanov məhz bu bölmənin əsgəri olub.
Atəş mövqeyindən görünməyən, səngərdən bir qədər aralıda yerləşən bölmənin sosial infrastrukturu, hərbi-texniki təchizatı, hərbi təyinatlı tikililəri səliqə-sahmanı, təmizliyi ilə diqqəti çəkir. Burada şəxsi heyətin xidməti - hərbi hazırlığı, istirahəti, mütaliəsi, asudə vaxtını səmərəli keçirməsi üçün lazımi şərait yaradılıb. Əsgərlərin növbəlilik əsasında dincəldikləri hərbi kazarma əslində, normal şəraiti olan yataqxananı xatırladır. Şəxsi heyətin yüksək səliqə-sahmanı, yataq dəstlərinin təmizliyi xoş təəssürat doğurur.
Burada hər bir zabit üçün istirahət otağı, ideoloji otaq, müasir trenajorlarla təchiz edilmiş idman zalı, məişət otağı, tibb məntəqəsi, əmlak anbarı və bərbərxana da əsgərlərin ixtiyarına verilib. Bir sözlə, buradakı şərait Azərbaycan dövlətinin ordu quruculuğu, o cümlədən hərbçilərin xidmət şəraitlərinin daha da yaxşılaşdırılması istiqamətində atılan addımların ardıcıl xarakter aldığını göstərir. Bu həm də onu göstərir ki, Azərbaycan əsgəri bu gün ən müasir hərbi hissələrdə xidmət keçir. Bu isə Ali Baş Komandanın diqqəti və qayğısı sayəsində mümkün olub.
İdeoloji otaqda dövlət rəmzləri, faciələrimizi əks etdirən plakatlar, hərbi hissənin döyüş yolu, Milli Qəhrəmanlar haqqında məlumatlar mövcuddur. Bölmənin əsgərləri burada həm də əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü Abdulla Qurbaninin müəllifi olduğu “Çingiz dastanı” kitabını da mütəmadi olaraq oxuyurlar. Kitabda 22 yaşlı qəhrəmanın qısa, lakin şərəfli ömür yolundan ətraflı bəhs edilir. Zabit Loğman Xanlarov deyir ki, “Çingiz dastanı”nın hər bir əsgərin döyüş ruhunun, vətənpərvərlik hissinin yüksəlməsində, gənclərin qəhrəmanlıq ənənələri ruhunda tərbiyəsində mühüm rolu var.
Eyni zamanda, bölük və tağım komandirləri burada əsgərlərə hərb elminin incəliklərini öyrədir, onlara lazımi tapşırıq və tövsiyələr, eyni zamanda, düşmənlə təmas xəttində təhlükəsizlik tədbirlərini nəzərdə tutan təlimatlar verirlər.
Taborun müasir avadanlıqlarla təchiz olunmuş qazanxanasında, yeməkxanasında və camaşırxanasında növbəli sistemlə mülki şəxslər çalışır. Bu şəxslər yaxınlıqda yerləşən kəndlərin sakinləridir.

 

Müasir avadanlıqlı yeməkxana və anaların bişirdikləri milli yeməklər

 

Nahar vaxtına az qalıb. Bir qədərdən sonra taborun şəxsi heyəti yeməkxanaya daxil olacaq. Öncə onu qeyd edək ki, müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə aşpazların, yeməkxana və mətbəx işçilərinin, qabyuyanların mülki işçilərlə əvəz olunması hazırlanan yeməklərin və görülən işlərin keyfiyyətinə öz müsbət təsirini göstərib. Bu, əlbəttə ki, yeməklərin daha dadlı, daha keyfiyyətli olması deməkdir. Əvvəllər yeməklərin bişirilməsi ilə əsgərlərin arasından seçilmiş aşpazlar məşğul olurdu. Yəqin ki, hər kəs razılaşar ki, əsgərin bişirdiyi yeməklə qadının, ananın hazırladığı yeməyin keyfiyyəti arasında fərq çox böyük olur.
Həqiqətən, Azərbaycan Ordusunda artıq əvvəlki dövrlə müqayisədə əhəmiyyətli yeniliklər baş verib. Bu gün bir çox hərbi hissə və bölmələrdə təsərrüfat-məişət işlərinə peşəkar mülki işçilər cəlb olunub. Şəxsi heyətin sırf döyüş hazırlığı ilə bağlı tapşırıqlara cəlb edilməsini təmin etmək üçün artıq minlərlə mülki peşəkar şəxs hərbi hissələrdə işə qəbul edilib. Dünyanın müasir ordularının bu sahədə təcrübəsinə əsasən, mülki işçilərin müəyyən işlərə cəlb edilməsinin ordumuzun döyüş hazırlığına müsbət təsir etdiyini qətiyyətlə söyləmək olar.
Yeməkxanada səliqə-sahmana və təmizliyə tam riayət edilir. Bütün müasir avadanlıqla təchiz edilmiş yeməkxanada mətbəx, təsərrüfat otaqları, eləcə də ərzaq və əşya anbarları yaradılıb. Burada milli yeməklərin hazırlanmasına üstünlük verilir.
Yeməkxanada 3 növbəli iş rejimi (hər növbədə 6 qadın işçi) mövcuddur. Şəxsi heyət üçün hazırlanan gündəlik yeməyin çeşidi isə çox zəngindir. Şəxsi heyətin qidalanması ərzaq bölgüsü cədvəlinə uyğun həyata keçirilir. Bu cədvəl hətta kiçik kitabça şəklində hazırlanaraq hər bir hərbi qulluqçuya təqdim edilib.
Səhər yeməyinin qida rasionunda südlü mannı və vermişel sıyığı, kərə yağı, şirin çay, yumurta, naharda mərci və ya borş, soyuq qəlyanaltı, qazan kotleti, plov və ət qiyməsi ilə vermişel sıyığı, makaron, ət kotleti, çəkilmiş mal əti ilə qarabaşaq, kompot, şam yeməyində isə kələm raqusu, qarabaşaq və bulqur sıyığı, balıq konservi, kərə yağı, pendir, çay olur. Həmçinin hərbçilər mövsümi tərəvəz salatları və şirələrlə təmin edilirlər.
Baş aşpaz, kiçik çavuş Nərgiz Abdullayeva 2013-cü ilin dekabr ayından çalışır və öz işini sevə-sevə görür. Mülki şəxs kimi 3 aydır burada çalışan aşpaz Bibinisə Rüstəmova isə hətta bişirdiyi dadlı yeməklərə görə fəxri fərman da alıb: “Biz ana kimi bacardığımız qədər çalışırıq ki, hərbçi oğullarımıza ən yaxşı yeməkləri bişirək. Onların əhvalı, döyüş ruhu nə qədər yüksək olarsa, bizim üçün daha yaxşı olar”.

 

“Evdə yediyimiz xörəklə burada bişirilən yemək arasında fərq yoxdur”

 

Bölmə növbətçisi yeməkxanaya daxil olub yeməklərin keyfiyyətinə baxdıqdan sonra şəxsi heyətin içəri daxil olmasına icazə verir. Hərbçilər növbə ilə yeməkxanaya daxil olurlar.
Hərbçilərlə birgə stol arxasında əyləşib nahar edə-edə söhbətləşirik. Zabit Asim Hüseynli deyir ki, burada bişirilən yeməklərlə evdə hazırlananlar arasında heç bir fərq yoxdur. Əvvəllər gənc əsgərlər hərbi xidmətə gələrkən hərbçi yoldaşlarının bişirdikləri xörəkləri bir müddət yeməkdə çətinlik çəkirdilər. Hətta həmin yeməkləri bəzi halda yemək də olmurdu. Ancaq müdafiə naziri general-polkovnik Zakir Həsənovun müvafiq əmrindən sonra yeməkxanalara mülki şəxslərin cəlb olunması vəziyyəti tamam dəyişdi. İndi anaların bişirdikləri gözəl təamlı yeməkləri hər bir hərbi qulluqçu sevə-sevə yeyir. Əsgər Nazim Abdullayev isə deyir ki, əvvəllər hərbi qulluğa yollanan gənclərin yeganə problemi qida ilə bağlı olurdu. Çünki 18 il evdə bişirilən yeməyi yeyən bir insan birdən-birə başqa mühitə düşdükdə çətinlik çəkirdi: “Ancaq indi vəziyyət tam əksinədir. Burada bişirilən yeməklər daha dadlıdır. Yəni, evdə yediyimiz xörəklər arasında fərq yoxdur. Yüksək səviyyədə xidmət var və yeməklərin keyfiyyətinə söz ola bilməz. Həftə ərzində xeyli çeşiddə yeməklər hazırlanır. Qida rasionumuzda çoxlu sayda yeməklər var”.
Zabit Elşad Heydərov isə bildirdi ki, həqiqətən, Azərbaycan Ordusunda artıq əvvəlki dövrlə müqayisədə əhəmiyyətli yeniliklər baş verib. Bu gün ordu komandanlığının müvafiq əmrinə əsasən, şəxsi heyətin sırf döyüş hazırlığı ilə bağlı tapşırıqlara cəlb edilməsini təmin etmək üçün hərbi hissə və bölmələrdə təsərrüfat-məişət işlərinə peşəkar mülki işçilər cəlb olunub. Dünyanın müasir ordularının bu sahədə təcrübəsinə əsasən, mülki işçilərin müəyyən işlərə cəlb edilməsinin ordumuzun döyüş hazırlığına müsbət təsir etdiyini qətiyyətlə söyləmək olar.
...Nahar başa çatır və şəxsi heyətin istirahət vaxtı başlayır. Biz isə vaxt itirmədən bölmənin ön xəttə döyüş tapşırığını yerinə yetirən taqımına baş çəkmək üçün yola çıxırıq...
(ardı var)

Rəşad BAXŞƏLİYEV,
Elgün MƏNSİMOV,
“Azərbaycan”