Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Zəvvarlar Səudiyyə Ərəbistanında vəbaya yoluxa bilər

15 İyul 2017
Yəməndə tüğyan edən vəba epidemiyası qonşu Səudiyyə Ərəbistanına Həcc ziyarətinə yollanacaq zəvvarlar üçün ciddi təhlükə yarada bilər. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) xəbərdarlığına istinadən “İnterfaks” agentliyi xəbər verir.

ÜST-nin müvafiq bəyanatında deyilir: “Hazırda Yəməndə, habelə Afrikanın bəzi ölkələrində sürətlə yayılan vəba xəstəliyi Səudiyyə Ərəbistanına Həcc ziyarəti zamanı və hətta vətənə qayıtdıqdan sonra bütün zəvvarlara ciddi təhlükə yarada bilər”.

Bu arada vəba ilə mübarizə üzrə təşkilatın eksperti Dominik Leqros bildirmişdir ki, Səudiyyə Ərəbistanı virusun yayılmasının qarşısını almaq üçün “yaxşı hazırlaşmışdır”.

ÜST-nin məlumatına görə, hazırda Yəməndə 330 mindən çox adam vəba xəstəliyinə yoluxmuşdur.

Xatırladaq ki, bu il Həcc ziyarəti sentyabr ayının əvvəlinə təsadüf edir.