Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Əlverişli biznes mühiti makroiqtisadi sabitliyin əsas şərtidir

08 İyul 2017
 

Çoxdan sübut olunmuş həqiqətdir ki, şaxələndirilmiş və dayanıqlı iqtisadiyyatın əsasını sabit əlverişli makroiqtisadi mühit təşkil edir. Bu səbəbdən ötən illər ərzində Azərbaycanın Dünya İqtisadi Forumun Qlobal Rəqabətlilik Hesabatında dünyanın 10 ən sabit makroiqtisadi mühitə malik ölkələri arasında olması sıradan bir fakt deyil. Sıradan olmayan digər bir fakt isə gələcəkdə də bu reytinqi saxlamaq üçün Azərbaycanda çoxsaylı iqtisadi islahatların həyata keçirilməsidir. Bu islahatlar ən azı yaxın gələcək üçün ölkəmizdə daha çox şaxələndirilmiş gəlir strukturunun yaradılmasına, daha doğrusu, birbaşa qeyri-neft sektorunun inkişafına xidmət edir. Başqa sözlə desək, onlar ölkəmizin iqtisadiyyatını neft və qazın qiymətindəki dəyişikliklərdən qorumaqla sosial-iqtisadi inkişafı əsasən digər sahələr hesabına təmin etməyə yönəlib. 

Sözügedən məsələ Prezident İlham Əliyevin “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritəsinin başlıca istiqamətləri”nin təsdiqi və bundan irəli gələn məsələlər haqqında” ötən ilin martında imzaladığı sərəncamla təsdiq olunmuş sənəddə də geniş əksini tapıb. Həmin sənəddə göstərilir ki, hazırda dövlət büdcəsində kifayət qədər yüksək çəkiyə malik olan Azərbaycan Respublikası Dövlət Neft Fondundan (ARDNF) transferlər üçün yaxın illərdə “qızıl qayda”nın tətbiqinə başlanacaq. Bu qaydadan istifadə və güclü xərc çərçivəsinin şərtləndirdiyi fiskal intizam iqtisadiyyatı neftin qiymətindəki dəyişiklikləri zərərsizləşdirəcək, ARDNF-nin ehtiyat toplamasına imkan verəcək və dövlət borcunun aşağı səviyyədə saxlanılmasına şərait yaradacaq. “Qızıl qayda” həmçinin dövlət xərclərini qeyr-neft ümumi daxili məhsul istehsalı ilə əlaqələndirib qeyri-neft gəlirlərinin dövlət xərclərini ödəmək səviyyəsini artıracaq. Bütün bunlar isə nəticədə Azərbaycanın əsas beynəlxalq reytinq agentliklərindən investisiya dərəcəli kredit reytinqi almasını təmin edəcək.
Məlumdur ki, bu gün Azərbaycanda müasir texnologiyalara, bazarlara və maliyyə vəsaitlərinə uyğun çıxış imkanlarına şərait yaradan əlverişli rəqabət mühiti yaradılır. Bu, yerli şirkətlərin fəaliyyətini canlandırmaqla yanaşı, ölkədə xarici investorlar üçün səmərəli biznes şəraiti də formalaşdırır. Azərbaycan habelə regional qovşaq kimi mövqeyini gücləndirmək üçün səmərəli infrastruktura investisiya qoyuluşunu davam etdirir ki, bu da səbəbsiz deyil. Gələcəkdə Azərbaycan iqtisadiyyatı ölkənin dəmir yollarının Gürcüstan, Türkiyə və İranın dəmir yol şəbəkələri ilə Bakı-Tbilisi-Qars və Astara-Astara layihələri vasitəsilə birləşməsindən, eləcə də Xəzər hövzəsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisinin başa çatdırılmasından yetərincə yüksək gəlir götürəcək. Beləliklə, şaxələndirilən nəqliyyat logistika imkanlarımız ölkədən ixracın artması üçün şərait yaradaraq bütünlükdə biznes xərclərinə qənaət etməyə imkan verəcək. Bunlardan əlavə, təkmilləşdirilən nəqliyyat infrastrukturu daha sürətli inteqrasiyaya imkan verməklə regionlarda biznesin inkişafına əlavə stimul yaradacaq.
Bu sahəyə geniş yer ayırmış sözügedən sənəddə o da bildirilir ki, xüsusən MDB, eləcə də Türkiyə, Gürcüstan və İran kimi yaxın qonşu ölkələrlə əlverişli ticarət sazişlərinə əsaslanan aşağı tarifli mühitdə səmərəli gömrük prosedurları Azərbaycanın iqtisadi perspektivində regional ticarət qovşağı kimi mövqeyini gücləndirəcək: “Qeyri-neft mal və xidmətləri üzrə ticarətin əsas həcminə görə regional inteqrasiya Azərbaycanın geosiyasi və iqtisadi mövqeyi üçün əhəmiyyətlidir. Məsələn, Azərbaycanın kənd təsərrüfatı və ərzaq məhsullarının demək olar ki, 90 faizi Rusiya, Gürcüstan və Orta Asiya ölkələrinə göndərilir. Qonşu ölkələrlə ticarət sazişlərinin yekunlaşdırılması Azərbaycana daha sərfəli şərtlərlə xarici bazarlara mal və xidmət ixracını genişləndirmək imkanı verəcək. Həmçinin regional inteqrasiya xarici investorlar üçün Azərbaycanın ixracyönümlü investisiya cəlbediciliyini artıracaq. 2025-ci ilədək regional inteqrasiyanı davam etdirərək Azərbaycanda xüsusən yüksək dəyərli məhsul və xidmətlər üçün qlobal dəyər zəncirlərinə inteqrasiya məqsədilə əlaqələr qurulacaq və sazişlər imzalanacaq”.
Hazırda ölkəmizdə ticarətin asanlaşdırılması və keyfiyyətin dəqiq qiymətləndirilməsi üçün beynəlxalq standartlar və sertifikatların tətbiqi genişləndirilir. İxracyönümlü məhsul istehsal edən şirkətlər bu işdə daha çox maraqlıdır. Çünki məhz beynəlxalq standartların tələbləri çərçivəsində istehsal olunan və beynəlxalq sertifikat alan məhsulların xarici bazarda özünə müştəri tapması daha realdır. Odur ki, yerli şirkətlərimiz ilk növbədə bizə coğrafi baxımdan yaxın iki regional bazara - Avropa və Avrasiya ittifaqları ölkələrinə xüsusən qeyri-neft məhsulları ixrac etmək üçün Dünya Ticarət Təşkilatının standartlarını mənimsəməyə çalışırlar. Onlar bu standartlar çərçivəsində öz məhsullarının keyfiyyətini yaxşılaşdırmaqla həm də yerli alıcıların getdikcə artan tələbatlarını ödəmiş olurlar. Bu, bir tərəfdən “Made in Azerbaijan” brendinin xarici bazarlarda keyfiyyət göstəricisinə çevrilməsi üçün şərait yaradırsa, digər tərəfdən daxili bazara çıxarılan məhsulların keyfiyyətini artırır. Yeri gəlmişkən qeyd edək ki, “Made in Azerbaijan” brendinin daha çox tanıdılması və bu sahədə işlərin səmərəliliyini artırmaq üçün ölkəmizdə istehsal olunan mallar və həmin malların istehsalçıları barədə məlumatları əks etdirən internet portalı yaradılmışdır. Portalda məlumatlar üç - Azərbaycan, ingilis və rus dillərində yerləşdirilir ki, bu da həm istifadəçilərin əhatəsini genişləndirir, həm də istehsalçı-istehlakçı arasında əlaqəni asanlaşdırır.
Dünya iqtisadiyyatında baş verən çalxalanmalara və proqnozlaşdırılması asan olmayan perspektivlərə baxmayaraq, Azərbaycan xarici sərmayədarlar üçün bu gün də əlverişli ölkə olaraq qalır. Bunu sübut etmək üçün son statistikaya nəzər salaq: Dövlət Statistika Komitəsinin cari ilin yanvar-may ayları üzrə açıqladığı rəqəmlərə görə, göstərilən müddətdə xarici müəssisə və təşkilatlar tərəfindən ölkəmizin əsas kapitalına 3,5 milyard manatdan çox vəsait yönəldilmişdir. 85 faizdən artığının ABŞ, Böyük Britaniya, Yaponiya, İsveçrə, Türkiyə, Rusiya, Malayziya, İran kimi ölkələrin investorlarının payına düşdüyü həmin vəsaitin 2 milyard manatdan çoxu qeyri-neft sektorunun inkişafına sərf edilmişdir.
Bununla belə, Azərbaycan dövləti sözügedən sahədə vəziyyəti daha da yaxşılaşdırmaq üçün tədbirlərin davam etdirilməsinə qərar verib. Strateji Yol Xəritəsində göstərilir ki, 2025-ci il perspektivində Azərbaycana sərmayə qoymuş investorların daha da möhkəmlənməsi və yeni xarici investisiyaların cəlb edilməsi təmin olunacaq: “Xüsusilə rəqabət üstünlüyü olan konkret investisiya layihələri maraqlı xarici sərmayədarlara təqdim olunacaq. Azərbaycanı qlobal dəyər zəncirlərinə inteqrasiya etmək imkanına malik mühüm investorların və ya eyni sektorda fəaliyyət göstərən şirkətlərə ciddi siqnal verən investorların cəlb olunması üçün xüsusi investisiya imtiyazları və təklifləri veriləcək. Mövcud və potensial investorlara göstərilən xidmətlər onlara inzibati prosesləri çevik başa çatdırmağa və tikinti firmaları, təchizatçılar, yaxud təhsil sektorundakı təşkilatlarla əlaqə qurmağa imkan verəcək. Xarici investorların yerli məhsul və xidmətlərə daha çox tələbatının yaradılması üçün mexanizmlər qurulacaq”.

Raqif MƏMMƏDOV,
“Azərbaycan”