Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

İtaliyalı turistlər Lənkərandan zəngin təəssüratla ayrıldılar

04 İyun 2017
İtaliyanın müxtəlif yerlərindən olan 21 nəfərdən ibarət turist qrupu Lənkərana səfər etmişdir. Qonaqlar üçün Lənkəran Turizm İnformasiya Mərkəzi (TİM) tərəfindən maraqlı turlar təşkil olunmuşdur.

 

İtaliyalı qonaqlar Lənkəranın və Astaranın füsunkar təbiəti, Hirkan Milli Parkı, çay plantasiyaları və Çay Fabriki ilə tanış olmuş, Lənkəran Tarix-Diyarşünaslıq Muzeyinə ekskursiya etmişlər. Onlar soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidə kompleksinə və Lənkəran şəhərinin görməli yerlərinə də baş çəkmişlər.

Lənkəranın memarlıq abidələrinin, təbiətinin, adət-ənənələrinin və zəngin folklorunun qonaqlara tanıdılması da yüksək səviyyədə təşkil olunmuşdur. Belə ki, italiyalı qonaqlar Lənkəranın Separadi kəndində TİM-in təşkilatçılığı ilə kənd folklor evinin “Nənələr” folklor kollektivinin üzvləri ilə görüşmüş, çay və yemək süfrəsinə dəvət olunmuşlar. Yerli çaydan və Lənkəranda yetişən meyvələrdən dadan italiyalı turistlərə “Nənələr” kollektivinin ifasında folklor nümunələri təqdim edilmişdir. İlk dəfə olaraq belə formatda təşkil olunan tədbir xarici qonaqların xoşuna gəlmişdir. Lənkərana səfərdən qabaq Gürcüstanda olan qonaqlar etiraf etmişlər ki, burada onlara daha maraqlı və mənalı istirahət təqdim edildi.

                                                                      

İlqar ƏZİMOV,

Lənkəran Turizm İnformasiya

Mərkəzinin direktoru