Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“Xəzərin mirvarisi" İslamiadaya hazırdır

27 Aprel 2017
 

Bakıda təşkil olunacaq IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq işləri yekunlaşmaq üzrədir. 3 mindən çox idmançının mübarizə aparacağı arenalar demək olar ki, yarışları qəbul etməyə  hazırdır. Bunlardan biri də “Baku Crystall Hall”dır. “Bakı-2015” ilk Avropa Oyunlarına yüksək səviyyədə evsahibliyi edən “Xəzərin mirvarisi” indi də IV İslam Həmrəyliyi Oyunlarına  öz töhfəsini verəcək.

Burada 3 idman növü üzrə yarışlar təşkil olunacaq. “Crystall Hall-1”də kişi və qadınlar arasında voleybol, “Crystall Hall-2”də boks və zorxana yarışları keçiriləcək. Boksçuların mübarizəsi mayın 12-18-də, zorxanaçıların görüşləri isə mayın 20-21-də təşkil olunacaq.

Voleybolçular isə mübarizəyə mayın 11-dən başlayacaqlar. Hər 2 qalibin adı mayın 21-də bəlli olacaq. Voleybol yarışlarını 2200 nəfər, boks və zorxana turnirlərini 1600 nəfər izləyə biləcək. Boks yarışında təxminən 30-a yaxın ölkənin 160 boksçusunun iştirakı planlaşdırılır.

Məlumat üçün qeyd edək ki, “Baku Crystal Hall” çoxməqsədli idman-konsert kompleksidir. Burada genişmiqyaslı konsert tədbirlərini və idman yarışlarının həm komanda, həm də ayrı növlərini keçirmək nəzərdə tutulub. Kompleks Prezident İlham Əliyevin “Bakı şəhərində müasir idman-konsert kompleksinin inşa edilməsi haqqında” 2011-ci il iyulun 11-də imzaladığı sərəncama əsasən inşa olunub. 2012-ci il yanvarın 15-də isə Avropa Yayım Birliyi “Eurovision-2012” mahnı müsabiqəsinin məhz “Crystal Hall”da keçirilməsi ilə bağlı qərar qəbul etmişdi.

“Crystal Hall” müasir texnika ilə təchiz olunduğundan burada işıqlandırma,  havalandırma sistemi yüksək səviyyədədir. 25 min nəfərlik tamaşaçı yeri olan kompleks orijinal arxitekturası ilə də fərqlənir və paytaxtın memarlıq quruluşuna xüsusi yaraşıq verir. “Baku Crystal Hall”ın əhəmiyyətini artıran mühüm amillərdən biri onun Dövlət Bayrağı Meydanı ətrafında yerləşməsidir. Xatırladaq ki, kompleksin layihəsinin baş dizayneri alman şirkəti “GMP”, arenanın dizayneri İsveçrə şirkəti “Nüssli International AG”dir. Tikinti işləri 2012-ci il aprelin 16-da başa çatıb. Həmin il mayın 7-də Prezident İlham Əliyevin iştirakı ilə kompleksin rəsmi açılışı olub.

Kompleksin ümumi sahəsi 30958 kvadratmetrdir. Kristal zalın fasadı müxtəlif işıq effektləri yaratmağa imkan verən 1200 ədəd müasir dinamik led lampalarla təchiz edilib. Zal və arena boyu dəhliz iki simmetrik yerə bölünür. Ümumilikdə 30 girişi var. Dəhliz boyu iaşə obyektləri, keytrinqlər, tibbi yardım məntəqəsi, sanitar qovşaqlar fəaliyyət göstərir.

2015-ci ildə qitə tarixində ilk dəfə təşkil olunan Avropa Oyunlarında boks, karate, taekvondo və voleybol yarışları burada keçirilib. Arenadakı ən modern infrastruktur azarkeş və idmançıların böyük marağına səbəb olub. Nəticə etibarilə bir çox idman və konsert tədbirlərini yüksək səviyyədə təşkil etməsi onu deməyə əsas verir ki, “Crystal Hall” IV İslam Həmrəyliyi Oyunları zamanı da üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gələcək.

 

Elçin CƏFƏROV,

“Azərbaycan”