Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan inkişafda olan ölkələr arasında ilk yerdədir

22 Aprel 2017
 

İxracatın artması iqtisadiyyatın uğurla modernləşdiyini göstərir

 

Azərbaycan qlobal böhran şəraitində bir çox ölkələr üçün əlçatmaz görünən iqtisadi inkişaf sürətinə nail olub və bunu beynəlxalq maliyyə qurumları da etiraf edirlər. Cari ilin birinci rübünün iqtisadi qiymətlən-dirməsi deməyə əsas verir ki, hökumətin maliyyə sabitliyinin təmini yönümündə həyata keçirdiyi tədbirlər praktik baxımdan özünü doğruldub, Azərbaycan iqtisadi böhranın təsirinə ən az məruz qalan dövlətlərdən olub. Əvvəlki illərdən yaradılmış möhkəm maliyyə-iqtisadi potensial hesabına ölkə iqtisadiyyatının dayanıqlığı qorunub saxlanılıb.
İqtisadi fəallığın hökumət tərəfindən dəstəklənməsi inkişaf dinamikasına müsbət təsir göstərib, xaricdən gələn müəyyən inflyasiya meyillərinə baxmayaraq, makroiqtisadi sabitlik qorunub. İqtisadiyyatın qeyri-neft sektoru 2,4 faiz, qeyri-neft sənayesi 2 faiz, kənd təsərrüfatı isə 3,5 faiz artıb. Eyni zamanda, yüksək iqtisadi inkişaf meyilləri iqtisadiyyatın qeyri-neft sektoruna böyük həcmdə investisiyaların yatırılmasına imkan verib. Makroiqtisadi və maliyyə sabitliyinin möhkəmlənməsi, habelə qlobal böhranın təsirlərinin zəiflədilməsi də hökumətin fəaliyyətinin prioritet istiqamətlərindən birinə çevrilib. Qlobal böhran şəraitində daxili istehsalın təşviq edilməsi, sahibkarlara kreditlərin verilməsi, özəl sektorun maraqlarının müdafiəsi inkişaf dinamikasını yüksəldib, respublikanın neft amilindən asılılığını əhəmiyyətli dərəcə azaldıb. Cari ilin üç ayında ticarət dövriyyəsi 15 faiz artıb. Bu da müsbət göstəricidir. Ötən müddətdə ixracın 50 faiz artması da aparılan uğurlu iqtisadi islahatların nəticəsidir.
Dünya maliyyə-iqtisadi böhranı Azərbaycanın öz iqtisadiyyatını sadəcə neft amili üzərində qurmadığını, qazanılan uğurlu nəticələrdə qeyri-neft sektorunun da mühüm paya malik olduğunu təsdiqləyir. Bu baxımdan cari ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarını da müsbət qiymətləndirmək olar. Ötən dövrün pozitiv nəticələri respublika iqtisadiyyatının yalnız neft amilindən asılılığı barədə indiyədək irəli sürülən müəyyən qərəzli iddiaların əsassızlığını tam sübuta yetirmişdir. Həyata keçirilən şaxələndirmə tədbirləri, sahibkarlığın inkişafı, investisiya mühitinin daha da yaxşılaşdırılması nəticəsində qeyri-neft sektorunun inkişafı davam etmişdir. Azad sahibkarlıq fəaliyyətinə geniş imkanlar yaratmadan işsizlik probleminin aradan qaldırılmasının, infrastrukturun yeniləşdirilməsinin, regionların tarazlı və davamlı inkişafının və digər mühüm vəzifələrin həyata keçirilməsinin mümkünsüzlüyünü özünəməxsus rasional yanaşma tərzi ilə düzgün müəyyənləşdirən Prezident İlham Əliyev ötən müddətdə də özəl sektorun inkişafına xüsusi diqqət yetirmişdir. Beynəlxalq təşkilatların vaxtaşırı açıqladıqları hesabatlarda Azərbaycanın müsbət yer alması ölkə iqtisadiyyatının dayanıqlıq potensialını nümayiş etdirir. İnkişafda olan ölkələr arasında reytinqə görə Azərbaycanın ilk yerlərdən birini tutması da deyilənlərə əyani misaldır.
Qeyri-neft sektorunun davamlı inkişafı, sahibkarlığa göstərilən diqqət beynəlxalq miqyasda təqdir olunur. Bu yaxınlarda Azərbaycan ABŞ-ın www.usnews.com portalının və Pensilvaniya Universitetinin birgə təşkilatçılığı ilə keçirilən sorğunun nəticələrinə görə dünyanın ən yaxşı ölkələrinin reytinqində yer alıb. Reytinqdə ölkələr turizm sektorunun inkişafı, innovasiyalar, mədəniyyət, iqtisadi artım, əlverişli biznes mühiti və tarixi irs meyarları üzrə seçiliblər. Dünyanın 36 ölkəsində 20 min nəfər arasında aparılan sorğunun nəticələrinə görə, Azərbaycan ən yaxşı 80 ölkə arasında 69-cu yerdə qərarlaşıb.
Xatırladaq ki, Davos Dünya İqtisadi Forumu da bir müddət əvvəl Azərbaycan iqtisadiyyatını rəqabətqabiliyyətliliyinə görə dünyada 37-ci yerə layiq görmüşdü. Dünyada iqtisadi-maliyyə böhranının davam etdiyi bir şəraitdə Azərbaycan iqtisadiyyatının belə yüksək qiymət alması çox böyük nəticədir. Dünya Bankının 190 ölkənin biznes mühitini qiymətləndirən “Doing Business 2017” hesabatında isə Azərbaycan 65-ci pillədə qərarlaşıb. Hesabata əsasən, Azərbaycan dünyada üç və daha çox islahat aparan 29 ölkədən biridir.
Bu gün qarşıda duran ümdə vəzifələrdən biri də ixracın həm məhsulların çeşidi, həm də coğrafiyası baxımından şaxələndirilməsidir. Bu məqsədlə ixracın təşviqi, o cümlədən geri ödəmə dəstəyinin verilməsi, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqi, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patentlərin alınması istiqamətində işlər görülür. İqtisadiyyatın şaxələndirilməsi, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi, özünütəminat səviyyəsinin yüksəldilməsi, məşğulluğun təmin olunması, qeyri-neft məhsullarının ixracının artırılması, idxaldan asılılığın azaldılması və digər strateji vəzifələrin həllində özəl sektor həlledici rola malikdir. Təsadüfi deyil ki, cari ilin birinci rübündə 85 min yeni iş yeri açılıb ki, onlardan 70 mini daimidir.
Ölkə rəhbərliyi tərəfindən qəbul edilən mühüm qərarlar sayəsində qlobal miqyasda baş verən maliyyə böhranından Azərbaycan analoji problemlərlə üzləşən ölkələr arasında az itkilərlə çıxan ölkədir. İqtisadi dayanıqlılığın təmin olunmasında ölkədə yaradılmış siyasi sabitliklə yanaşı, iqtisadiyyatın şaxələndirilməsi siyasətinin, bu siyasətin prioritet istiqamətlərindən olan regionların sosial-iqtisadi inkişafı proqramlarının müstəsna əhəmiyyəti var. Hazırkı dövrdə əlavə valyuta tələbi yaradan, idxalı əvəz edən və ölkəyə valyuta gətirən ixracyönümlü yerli istehsalın genişlənməsinin sürətləndirilməsi məqsədilə dövlət tərəfindən konkret layihələrə yönəldilən infrastruktur dəstəyi yerli istehsalın daha sürətli artımına, dövlət investisiyalarının məqsədyönlü və səmərəli istifadəsinə, əhalinin məşğulluğuna öz töhfəsini verəcək.
Prezident İlham Əliyev bu günlərdə Yevlaxda keçirilən qeyri-neft ixracatçılarının respublika müşavirəsində bildirib ki, “biz istehsalımızı daim artırmalıyıq ki, daxili tələbatı tam ödəyək və ixraca rəqabətqabiliyyətli mallar təqdim edək. Ona görə, növbəti illərdə daxili tələbatı yerli məhsullarla təmin etmək məsələləri birinci dərəcəli vəzifələrdir. Eyni zamanda, biz dövlətin dəstəyi ilə yeni bazarlara çıxış əldə etməliyik. Biz bunu edirik və edəcəyik, ixracyönümlü məhsulların həcmini artırmalıyıq. Ərzaq təhlükəsizliyi də bu iki amillə bilavasitə bağlı olan məsələdir. Biz buna da yaxınlaşırıq ki, ərzaq təhlükəsizliyimizi tam şəkildə təmin edək”.
Ölkəmizdə aparılan islahatların əsas məqsədi məhz qeyri-neft sektorunun inkişafıdır. Ötən müddət ərzində dövlət investisiyaları hesabına rəqabətqabiliyyətli məhsul istehsalının əsas şərtlərindən olan elektrik enerjisi, qaz, su, suvarma, yol-nəqliyyat və digər infrastruktur layihələri həyata keçirilib və bu istiqamətdə işlər davam etdirilir. Cari ilin birinci rübündə 150 min hektardan çox torpağı əkin dövriyyəsinə cəlb etmək və burada yüksək məhsuldarlığa nail olmaq məqsədilə suvarma suyu və elektrik enerjisi ilə təminat layihələrinə 250 milyon manatdan çox dövlət vəsaiti yönəldilib. Bununla yanaşı, qeyri-neft sənayesi və kənd təsərrüfatı, o cümlədən fındıqçılıq, üzümçülük və şərabçılıq, tütünçülük, pambıqçılıq, baramaçılıq, ipəkçilik sahələrində, turizm və tranzit potensialının genişləndirilməsi və digər sektorların inkişaf etdirilməsi üçün qanunvericiliyin təkmilləşdirilməsi, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması təmin edilir, müxtəlif dövlət dəstəyi mexanizmləri həyata keçirilir.
Sahibkarlığın inkişafı ölkə iqtisadiyyatının diversifikasiyası baxımından həyata keçirilən dövlət siyasətinin aparıcı istiqamətlərindən birini təşkil edir. Bu siyasət iqtisadiyyatın bütün sahələrində, xüsusilə prioritet inkişaf sahələrində işgüzar fəaliyyət üçün normativ-hüquqi, təşkilati və maliyyə təminatı səviyyəsinin yüksəldilməsinə yönəldilib. Dövlət başçısının ölkədə sahibkarlığın inkişafı istiqamətində atdığı addımlar sistemli və ardıcıl fəaliyyət konsepsiyasına əsaslanır. Azərbaycan Prezidenti hesab edir ki, bazar mexanizminin hərəkətverici qüvvəsi sayılan sahibkarlığın inkişafı sosial-iqtisadi sistemin yenidən qurulmasında, sosialyönümlü problemlərin kompleks həllində mühüm rol oynayir. Ötən illər ərzində sahibkarlığın hüquqi bazasının sistem halına gətirilməsini təmin edən qanunlar və bir sıra digər mühüm normativ sənədlər qəbul edilib. Eyni zamanda, mərkəzdə və regionlarda infrastrukturun yeniləşdirilməsinin, respublikanın müxtəlif bölgələrində modul tipli elektrik stansiyalarının qurulması dövlətin özəl sektora dəstəyinin real təzahürüdür. Sahibkarlara dövlət büdcəsindən ayrılan vəsaitlərin həcminin ildən-ilə artırılması, onların fəaliyyətlərinə süni müdaxilələrin aradan qaldırılması, antiinhisar və korrupsiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi iş adamları tərəfindən də razılıqla qarşılanır.
2008-ci ildən başlamış və daha çox inkişaf etmiş ölkələrin iqtisadi və maliyyə-bank sistemlərini sarsıdan qlobal maliyyə-iqtisadi böhranın mənfi fəsadlarının beynəlxalq miqyasda əlaqələndirilmiş səylərə baxmayaraq, tam aradan qaldırılmasına nail olunmayıb. Qlobal böhranın ciddi təsirlərinin müşahidə olunduğu bir şəraitdə Azərbaycanda xalqın rifahının yüksəldilməsinə yönəlmiş sosial-iqtisadi siyasət öz müsbət nəticələrini verib.

Elnur HACALIYEV,
“Azərbaycan”