Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

İlham Əliyevə güvənib, Azərbaycana sərmayə yatırdıq

21 Aprel 2017
 

Moskvadan qayıdıb Qobustanda qurduğumuz iş dövlətin dəstəyi ilə gəlirli sahəyə çevrildi

 

Uzun illər Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində qardaşım Bəyazla birlikdə kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşuq. Vətəndən kənarda olduğumuz müddətdə ölkəmizdə olan prosesləri izləyir və sahibkarlığın inkişafına dövlət səviyyəsində verilən dəstəyi açıq şəkildə hiss edirdik.
Son illər sahibkarlara ümumilikdə 2 milyard manatdan çox güzəştli kredit verilməsindən də xəbərdar idik. Ayrı-ayrı icra hakimiyyəti orqanlarının sahibkarlıq subyektlərində qanunsuz yoxlama aparmalarının qarşısının dövlət tərəfindən alınması da bizdə doğma vətənimizdə, el-obamızda iş qurmağa maraq oyatdı.
Qərarımız qəti idi. Moskvadakı işlərimizi dayandırıb Qobustana, Ərəbşahverdi kəndinə üz tutduq. Amma budəfəki gəlişimiz tamamilə fərqli idi. Bir zamanlar bu kəndi məhz maddi çətinlik səbəbindən tərk edərək ucqarlara yollanmışdıqsa, indiki halda investor kimi geri dönürdük. Fikrimiz həm milli sahibkarlığımıza öz töhfəmizi vermək, həm də müəyyən sayda soydaşlarımızın işlə təminatına kömək göstərmək idi.
Konkret olaraq işimizi aqrar sektorda qurmaq niyyətində idik. Bunun üçün torpaq sahəsi və mal-qara əldə etmək vacib idi. Bütün müraciətlərimiz rayon rəhbərliyi tərəfindən yüksək dəyərləndirildi. İstədiyimiz məsələ ilə bağlı həm dəyərli məsləhət, həm də kömək ala bildik. Atdığımız addımın səhv olmadığını aşkar şəlkildə hiss etdik.
2016-cı ildə güzəştli lizinq yolu ilə 2 ədəd şum traktoru, 2 ədəd kombayn, toxumsəpən, pres və gübrəsəpən aldıq. Ərəbşahverdi kəndində 71 hektar sahədə buğda, 20 hektar sahədə isə arpa əkini apardıq. Sahələrdə güzəştlə verilən gübrədən istifadə etdik. Ağbulaq adlanan ərazidə isə təxminən 150 baş inək və 1000 baş xırdabuynuzlu heyvan saxlayırıq. Bütün görülən işlər və alınan əmlakın hamısının maliyyələşdirilməsi özümüzün şəxsi vəsaiti hesabınadır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə aprelin 17-də Yevlaxda keçirilən qeyri-neft ixracatçılarının respublika müşavirəsini diqqətlə izlədim. Orada dövlət başçısının sahibkarlarla bağlı səsləndirdiyi fikirlər mənə çox maraqlı gəldi. Müşavirədə səslənən fikirlərin hər biri sahibkarlar üçün gələcək fəaliyyətlərini daha mükəmməl şəkildə qurmaları baxımından tezis xarakterli idi. Cənab Prezident haqlı olaraq deyir ki, fəaliyyətimizin əsas istiqamətləri daxili tələbatı daxili istehsal hesabına ödəməkdən və ixrac potensialımızı artırmaqdan ibarətdir. Dövlət başçısının sahibkarlarla bağlı fikirləri çox cəlbedici olduğu üçün bunları olduğu kimi səsləndirməyin faydalı olacağını düşünürəm: “Biz bu yolla gedirik. Sahibkarlarla mənim müntəzəm olaraq ildə bir neçə dəfə görüşlərim keçirilir. Son 13-14 il ərzində yüzlərlə sahibkarla görüş keçirilmişdir. Mən sahibkarlıq fəaliyyəti sahəsində bir çox müəssisələrin açılışında şəxsən iştirak etmişəm. Sahibkarlar yaxşı bilirlər ki, onların fəaliyyətinə dövlət tərəfindən çox böyük dəstək, həmçinin siyasi dəstək verilir. Bu gün cəmiyyətdə sahibkarlara münasibət müsbətə doğru dəyişir və əlbəttə ki, sahibkarların sosial məsuliyyəti gündəlikdə duran məsələlərdən biridir. Mən dəfələrlə bu barədə öz fikirlərimi bildirmişəm. Bu, həm sahibkarlara lazımdır ki, cəmiyyət onların işini daha yüksək qiymətləndirsin, eyni zamanda, sahibkarlar da öz tərəflərindən nəinki biznes maraqları, ümumiyyətlə ölkə qarşısında duran vəzifələrin, o cümlədən sosial vəzifələrin icrası üçün də səylərini qoysunlar. Əminəm ki, onlar maddi imkanları artdıqca bu məsələyə daha da böyük diqqət və vəsait ayıracaqlar”.
Mən şəxsən özümüzə, qoyduğumuz sərmayəyə nə qədər həssaslıqla yanaşılmasının canlı şahidiyəm. Ona görə də düşünürəm ki, imkanı olan və iş qurmaq niyyətində olan soydaşlarımız heç bir tərəddüd etmədən vətənə dönməkdə əsla yanılmazlar. Çünki bu gün Azərbaycanda öz işini bilən, innovativ layihələrlə çıxış edən sahibkarların bir nömrəli dostu məhz Prezident İlham Əliyev özüdür. Sahibkarlara kredit verilir, fermerlər torpaq vergisindən başqa bütün vergilərdən azaddırlar. Texnika alınır, güzəştli şərtlərlə gübrələr, yanacaq, subsidiyalar verilir. Bütün bunlar isə qeyri-neft sektorumuzu canlandırmağa xidmət edir.
Qobustanlı imkan sahiblərinə də üzümü tutaraq deyirəm: əlinizdə olan pulu ölü sərmayə kimi saxlamaqdansa, doğma elinizə gətirin. Narahat olmayın, bura heç də qoyub getdiyiniz yer deyil. İndi hər şey tamamilə fərqli görkəm almaqdadır. Yol, işıq, su və sair problemlər, demək olar ki, arxada qalıb. Hazırda Qobustan şəhərinin fasiləsiz su ilə təminatı istiqamətində son tamamlama işləri getməkdədir. Şəhərin ekoloji cəhətdən təmiz alternativ enerji mənbələri ilə işıqlanması tamamilə fərqli bir mövzunun söhbətidir.
Hazırkı işlərimiz az vaxtda tam yerbəyer olduğu üçün qardaşımla məsləhətləşib fəaliyyətimizi daha da genişləndirməyi nəzərdə tuturuq. Bunun üçün ilk olaraq əlavə torpaq sahələrinə sahiblənməyi düşünürük. Ardından heyvandarlıq sekoruna da mütləq əlavə sərmayə qoyuluşuna ehtiyac olacaq. Biz hətta heyvanlar olan sahədə emal müəssisəsi də yaratmağı nəzərdə tuturuq. Hesab edirik ki, bu amil imkanlarımızı daha da artırmaqla yanaşı, yaxın gələcəkdə keyfiyyətli ət və süd məhsullarımızla Prezident İlham Əliyevin xüsusi diqqət yetirdiyi “Made in Azerbaijan” brendli məhsulların ixracında da payımız olacaq.

Rauf PAŞAYEV,
Sahibkar, Qobustan rayonu Ərəbşahverdi kəndi