Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Xəzərdə ən böyük beynəlxalq ticarət limanı Ələtdədir

20 Aprel 2017
 

Tam fəaliyyətə başladıqdan sonra hər il buradan 25 milyon ton yük və 1 milyon konteyner daşınacaq

 

Azərbaycan öz coğrafi mövqeyinə görə Şərqlə Qərbin, Şimalla Cənubun kəsişdiyi ərazidə yerləşir. Bu coğrafi üstünlük hələ qədim zamanlardan Azərbaycanı tranzit ölkə kimi məşhurlaşdırmışdır. Təsadüfi deyil ki, İpək yolunun yenidən müasir dövrün tələblərinə uyğunlaşdırılaraq inkişaf etdirilməsinin təşəbbüskarı da ölkəmizdir. Bu istiqamətdə ulu öndər Heydər Əliyevin atdığı addımlar sayəsində müasir infrastrukturu olan “Şərq-Qərb dəhlizi” fəaliyyətə başlayıb.

Ölkəmiz həm də Xəzər sahilində yerləşdiyindən dəniz nəqliyyatından istifadə etmək imkanımız var. Ələt Bakı Beynəlxalq Dəniz Ticarət Limanı da bu məqsədə xidmət edir. Qeyd edək ki, bu, Xəzərdə ən böyük ticarət limanıdır. Limanın tam istifadəyə verilməsi başa çatdıqdan sonra il ərzində milyon tonlarla yükü Şərqdən Qərbə və Şimaldan Cənuba daşımağa imkan verəcək.
Prezident İlham Əliyev Ələt Beynəlxalq Dəniz Ticarət Limanının əhəmiyyətini vurğulayaraq demişdir: “...2010-cu ilin noyabrında bu limanın təməli qoyulmuşdur. Məqsəd ondan ibarət idi ki, Azərbaycan öz tranzit imkanlarından tam şəkildə istifadə etsin. Mütləq bizə yeni böyük ticarət limanı lazım idi və dövlət bu məqsədlərə böyük həcmdə investisiya ayırmışdır. Burada tikilən bütün infrastruktur dövlət büdcəsi hesabına mümkün olmuşdur və bu, bir daha onu göstərir ki, ölkəmizin, o cümlədən nəqliyyat sektorunun inkişafı ilə bağlı çox konkret proqramlarımız, planlarımız var. Biz bu planları ardıcıl surətdə icra edirik və hazırda Azərbaycanda mövcud olan nəqliyyat infrastruktur obyektləri bizim nəqliyyat təhlükəsizliyimizi təmin edir... Bu limanın yükdaşıma qabiliyyəti 25 milyon ton yük və 1 milyon konteyner olacaq. Yəni Ələt Ticarət Limanı Xəzər dənizində ən böyük limandır. Biz bu limanın tikintisi ilə, eyni zamanda Xəzər dənizində əməkdaşlığı daha da genişləndirəcəyik”.
Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran məsələlərə həsr olunan iclasında da ölkəmizin bu sahədəki imkanları barədə söhbət açılıb. Qeyd olunub ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin donanmasının tərkibinə və göstərdiyi xidmətlərin müxtəlifliyinə görə dünyada ən nadir gəmiçiliklərdən biridir. Hazırda QSC-nin balansında 300-ə yaxın müxtəlif təyinatlı gəmi var. Xəzər Dəniz Gəmiçiliyinin beynəlxalq sularda Azərbaycan bayrağı altında 10 gəmisi üzür. Bu gün QSC-nin quru yük daşımalarının 34 faizini Xəzərdə, 66 faizini isə Xəzər dənizindən kənar beynəlxalq sularda daşımalar təşkil edir. Bu isə ilk növbədə ölkəyə əlavə valyuta qazandırır. Vaxtında görülən tədbirlər nəticəsində gəmiçiliyin gəlirləri ötən il 2015-ci illə müqayisədə 2 dəfə artıb. Keçən il QSC-nin dövlət büdcəsi və Dövlət Sosial Müdafiə Fonduna ödənişləri ümumilikdə 100 milyon manata yaxın olub.
Yükdaşımada da dinamik artım müşahidə olunur. Belə ki, 2015-ci illə müqayisədə 2016-cı ildə QSC tərəfindən daşınan vaqonların miqdarında 18 faiz, avtotexnikanın sayında ümumilikdə 2,2 dəfə artım qeydə alınıb. Cari ilin birinci rübündə də artım tendensiyası davam edir. Ötən ilin analoji dövrü ilə müqayisədə tankerlərlə 70, quru yük gəmiləri ilə 8 faizdən çox yük daşınıb. Eyni zamanda, daşınan vaqonların miqdarında 35, avtotexnikanın sayında 44 faiz artım olub.
Gəmiçiliyin dövlət büdcəsindən ayrılan vəsait hesabına tikilən və 2010-cu ildə istifadəyə verilən “Zığ quru yük limanı”ndan keçən il 100 tona yaxın quru yük, o cümlədən 3 min TIR, cari ilin birinci rübündə isə 49 min ton quru yük, 1600 TIR daşınıb.
Qeyd edək ki, hazırda Xəzəryanı ölkələr arasında tranzit yüklərin daşınmasında kəskin rəqabət gedir. Yükdaşımalar iqtisadi cəhətdən böyük səmərə verdiyi və dövlətlərin siyasi nüfuzu artdığı üçün qapalı dəniz olan Xəzərdə Xəzəryanı dövlətlər tərəfindən ciddi rəqabət var. Hansı ölkə bu sahədə liderliyi ələ alsa, axıra kimi də həmin ölkəyə yük göndərən və yük alan şirkətlər üstünlük verəcək. Bunun üçün də Azərbaycanın regionda müasir nəqliyyat-logistika qovşağına çevrilməsi istiqamətində apardığı siyasət başadüşüləndir.
Tarixə nəzər saldıqda da görərik ki, Bakı limanı həmişə digər Xəzəryanı limanlar içərisində üstün mövqedə olub. Bakı limanı Xəzərdə mövcud olan limanların ən qədimidir. İllər boyu Bakı limanı qədin İpək yolu, eləcə də Şimali Avropa və Rusiyanı Orta Şərq və Cənubi Asiya ilə birləşdirən “Şimal-Cənub nəqliyyat dəhlizi” üzərindən daşınan yüklərin həcminə görə Xəzərdə liderliyini qoruyub. Qədim zamanlardan Bakı limanından Rusiya, Avropa, Hindistan və digər ölkələrdən olan tacirlər yararlanıblar. 1703-cü ildə ipək, neft, balıq, xəz, mis, at, təbii boya, kürü və dəri ixrac edən 20-dən çox Hindistan karvanı Ərdəbil-Bakı marşrutu boyunca hərəkət edib. Azərbaycanın Rusiya tərəfindən işğalından sonra da Bakı limanına xüsusi diqqət verilib. Liman hərbi dəniz limanı statusu daşısa da, əvvəlki kimi ticari əhəmiyyətini qoruyub. Həmin dövrdə limandan pambıq, meyvə və qənd kimi quru və s. yüklər daşınıb. Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra da liman öz fəaliyyətini davam etdirib. 1923-1924-cü illərdə Bakı limanından daşınan ticarət yüklərinin həcmi sovetlər birliyi üzrə ümumi yük həcminin 27,3 faizini təşkil edib. Bu fakt sovetlər birliyi dövründə də Bakı limanının əhəmiyyətini göstərir. Xüsusilə, İkinci Dünya müharibəsi dövründə bu limanın faşizm üzərində qələbədə özünəməxsus rolu olub.
Bu gün isə Bakı limanı sözün həqiqi mənasında Azərbaycan iqtisadiyyatına xidmət göstərir. Avropadan Asiyaya, Asiyadan Avropaya daşınan yüklərin Bakı limanı üzərindən həyata keçirilməsi ildən-ilə sürətlə artır. Ələt Beynəlxalq Dəniz Ticarət Limanı isə qeyri-neft sektorunda ölkəmizin ən böyük layihələrindəndir. Qeyd etdiyimiz kimi, liman tam gücü ilə fəaliyyətə başlayandan sonra buradan milyon tonlarla yük daşınacaq və ölkə büdcəsinə böyük miqdarda vəsait daxil olacaq. Üstəlik, Azərbaycanın beynəlxalq tranzit ölkə kimi nüfuzu və əhəmiyyəti daha da artacaq.

Rüstəm KAMAL,
“Azərbaycan”