Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Daha bir Şərq möcüzəsi - Malayziya

20 Aprel 2017
 

İki minilliyin qovşağında dünya nədənsə aramsız olaraq böhran və milli münaqişələrin məngənəsində çırpınır. Təəssüf doğuranı da odur ki, bu qanlı hadisələr bir qayda olaraq müsəlman ölkələrində baş verir və nədənsə tükənmək bilmir ki, bilmir. İxtiyarsız düşünməyə məcbursan: necə olur ki, dünyanın digər dövlətləri inkişaf edir, varlanır, amma müsəlman ölkələri qan çanağına çevrilir, səfalətin, kasıblığın və müharibələrin ümidsiz girdabına yuvarlanır? 

Bu baxımdan 1969-cu ilin mayında milli zəmində sərt toqquşmalar baş verən və artıq iqtisadi və siyasi uçurumlara yuvarlanan Malayziyanın qırğınlardan xilas olması və möcüzəvi inkişafı xüsusi maraq kəsb edir. O zaman milli zəmində baş verən çaxnaşmalarda 200-dən artıq adam ölmüşdü, yaralananların sayı isə 1000 nəfərin ətrafında idi. Bir sözlə, Malayziyada təxminən 50 il əvvəl baş verən hadisələr bədbin proqnozlardan xəbər verirdi.
Ərazisi 330 min kvadratkilometrə yaxın olan Malayziya Malakk yarımadası və onun ətrafındakı adalarda yerləşir. Əhalisi 31 milyon nəfərdir. Hər 100 nəfərin 60-ı müsəlman, 19-u bütpərəst,
9-u xristian, 6-sı indus və yerdə qalan 3 nəfəri kunfu, dao və Çin üçün ənənəvi olan digər dini fəlsəfələrə etiqad edənlərdir. Göründüyü kimi, alovlanan milli münaqişənin bu ölkəni də qan çanağına döndərməsi üçün “münbit şərait” var idi.
Lakin gözlənilməyən bir möcüzə baş verdi. Asiyanın Cənubi-Şərqində yerləşən bu ölkə Böyük Britaniya müstəmləkəçiliyindən yaxasını qurtaran kimi bütün çətinliklərə baxmayaraq, siyasi və iqtisadi islahatların düzgün yolunu təyin etdi, “üçüncü ölkələr”in siyahısından qoparaq, Qərb mütəxəssislərin təbirincə desək, “Asiya pələngləri”ndən biri kimi tarixə düşdü.
Aqibətinə faciələr yazılan, gələcəyi ümidsiz görünən Malayziyanı səfalətdən xilas edən və dünyaya misilsiz islam möcüzəsi kimi tanıdan, müsəlman dini ənənələrini müasirləşdirə bilən tarixi şəxsiyyət bu dövlətin keçmiş baş naziri Mahathir Məhəmməd oldu. O, 1925-ci ildə anadan olub, 1945-ci ildən siyasi karyerasına başlayıb, 1964-cü ildə ölkənin federal parlamentinə seçilib.
Gələcək baş nazir “Malay dilemması” kitabını yazmış, çoxmillətli malay cəmiyyətində sülhün və sabitliyin qorunması üçün iqtisadi islahatların islamın iqtisadi və əxlaq kodeksi əsasında həyata keçirilməsini önə çəkmişdir. 1981-ci ildə baş nazir seçilən Mahathir Məhəmməd məhz bu ideyalarla silahlanaraq islahatlara start vermiş və 2003-cü ilə kimi ölkəni idarə etmişdir.
Bu illər ərzində ölkədə misilsiz iqtisadi sıçrayışlar baş vermiş, Malayziya istilik-enerjisi və aqrar xam məhsulları ixrac edən ölkədən yüksək inkişaf etmiş sənaye dövlətinə çevrilmiş, iqtisadiyyatın irəli sıçrayan yeni texnologiyalara əsaslanan sahələrini yaratmışdır. Gəlirdən daha çox cəmiyyətin bütün təbəqələrinin çiçəklənməsi üçün istifadə edilməsi qarşıya məqsəd qoyulmuşdur. İlk növbədə yalnız neft sahəsində yox, avtomobil istehsalında, bir çox başqa sahələrdə müasir tipli milli kompaniyalar yaradılmışdır. 1988-1997-ci illərdə illik iqtisadi artımı 10 faiz təşkil edən Malayziyada həyat səviyyəsi 20 dəfə yaxşılaşmış, bütün inkişaf edən ölkələrə xas olan yoxsulluq minimuma enmişdir.
Bu gün Malayziya dünya bazarına təbii ehtiyatlardan başqa yüksək texnologiyalar, elektron cihazlar ixrac edən nadir müsəlman ölkəsidir. Azad bazar münasibətlərinin, özəl sektorun inkişafı, sistemli güzəştlərin tətbiqi, dotasiyaların ayrılması, monopoliyaya, qiymətlərin süni artımına qarşı ciddi nəzarət, ədalətli rəqabət bu tərəqqini təmin edən amillərdəndir. İqtisadi və siyasi şəffaflıq xarici sərmayədarları bu gün də özünə cəlb edir, onlarda bizneslərinin inkişafına əminlik yaradır. Güclü bank xidmətlərinin qurulması ölkə iqtisadiyyatına əlavə dayanıqlıq verir, onun beynəlxalq imicini gücləndirir.
Onu da qeyd edək ki, islahatların ilk mərhələsində dünyanın nüfuz mərkəzləri, beynəlxalq güclər Malayziyanın da daxili işlərinə ciddi müdaxilə edir, onu öz maraqlarına xidmət və tövsiyələrinə əməl edən itaətkar və asılı dövlətə çevirmək istəyirdilər. Malayziya isə xarici müşavirlərin məsləhətlərini, beynəlxalq qurumların tövsiyələrini qulaq ardına vurdu və heç kimə qulaq asmadı. Perspektivləri və real planları özü müəyyənləşdirdi. Fərqli, bəzi məqamlarda isə aparıcı dövlətlərin heç də məqbul saymadığı, onların inkar etdiyi yollar seçdi. Məsələn, xaricilər tövsiyə edirdilər ki, Malayziya ucuz xammal ixrac edən ölkə olaraq qalsın. Amma Malayziya sənayeləşməni seçdi. Xaricilər sosial ədalət siyasətinin əleyhinə idilər. Malayziya isə etnik və dini qruplar arasında didişmələrə yol verməyən yeni iqtisadi siyasətə üstünlük verdi. Xaricilər avtomobil sənayesinin qurulmasının tam əleyhinə idilər. Malayziya isə buna getdi və uğurlar qazandı. Xaricilər böyük infrastruktur layihələrinin perspektivlərini müəmmalı görürdülər. Amma Malayziya hökuməti fərqli kateqoriyalarda düşünərək qlobal layihələrin böyük gəlirlər verəcəyinə inandı və zaman onun haqlı olduğunu təsdiq etdi.
Bütün bunlar baş nazir Məhəmmədin xarici müşavirlərdən, ekspertlərdən daha çox öz gücünə və öz xalqına etibar etməsi sayəsində baş verdi. Məhz Mahathir Məhəmməd güclü sənaye dövləti qurdu, müsəlman ölkələrinin ümumi inteqrasiyasına və şərti “qızıl dinara” söykənən ortaq bazarın yaradılması ideyasını gündəmə gətirdi. Bunun üçün, məsələn, “Sony”, “Panasonic” kimi tanınmış şirkətlər ölkəyə cəlb olundu və onlara ilk 10-15 ildə vergi güzəştləri tətbiq edildi. Bu gün də məhz həmin güzəştlərin sayəsində Malayziyada xaricilər yeni şirkətlər yaradırlar. Nəticədə bu gün ölkədə işsizliyin səviyyəsi 2 faizdən azdır. Sənaye gücü də ki, öz yerində.
1997-ci ildə baş nazir Məhəmməd Asiyanı cənginə alan böhranı aradan qaldırmaq məqsədi ilə Beynəlxalq Valyuta Fondunun (BVF) təklif etdiyi təkliflər paketindən imtina etdi. Bəyan etdi ki, ölkəsi öz gücünə qısa müddətdə böhrana qalib gələcək. Az sonra BVF malayziyalı baş nazirin haqlı olduğunu rəsmi şəkildə etiraf etməli oldu.
Müsəlman ölkələrinin bugünkü ağır durumu və qan içində boğulmasını xatırlayanda Malayziya iqtisadi modeli az qala xilas yolu kimi görünür. Bəs, bu ölkə digərlərindən nə ilə fərqlənir? Həmin fərqləri nəzərdən keçirəndə bütün hallarda əsas amillər şəxsiyyət kimi baş nazirin atdığı addımlar və onun yanaşmaları ilə bağlıdır.
Malayziyada biznesin qurulması fərqli qaydalara söykənir. Əksər ölkələrdə xaricilərin qarşısına şərt qoyulur ki, aksiyaların sayı yerli biznesmenlərlə yarıbayarı bölünsün. Malayziyada isə müsəlmanı biznesə cəlb etdikdə ona 70 faiz pay vermək olar. Bunun da səbəbi var. Belə ki, Malayziyada əhalinin yarıdan çoxu müsəlman, üçdəbiri çinli olsa da, ölkə biznesinin 70 faizi çinlilərin əlində cəmləşmişdir. Dövlət müsəlmanlara müəyyən güzəştləri tətbiq etməklə onların ölkə iqtisadiyyatında güclənməsinə təkan verir.
Malayziyanın vergi sistemi də mürəkkəb deyil. Burada əlavə dəyər vergisi kimi bir anlayış yoxdur və ümumiyyətə, vergi sistemi sadəliyi ilə seçilir. İstehsalla məşğul olan şirkətlərə güzəştlərin tətbiq olunduğu Malayziyada şirkətlərin ödədiyi əsas vergi korporativ gəlir sayılır ki, onun da həcmi 2009-cu ildən başlayaraq 25 faizədək aşağı salınmışdır. Üstəlik yeni texnologiyalar sahəsində ixtisaslaşan müəssisələr bu vergidən 5 il azad edilə bilər. Bu azmış kimi, həmin müddətin uzadılması da mümkündür.
Malayziyanın, qeyd etdiyimiz kimi, əhalisinin 60 faizini müsəlmanlar, üçdəbirini isə bütpərəstlər təşkil edir. İlk baxışda bu bir-birinə zidd iki fəlsəfənin dinc yanaşı yaşaması müşkül məsələdir. Odur ki, baş nazir Məhəmmədin rəhbərliyi altında qanunvericiliyə həssas düzəlişlər edilmiş, bütün xalqların milli və iqtisadi azadlıqlarının qanunla qorunması təmin olunmuşdur. Məsələn, Malayziya müsəlman ölkəsi elan edilsə də, burada şəriət qaydaları yalnız ailə səviyyəsində tətbiq edilir. Əvəzində kreditlərin verilməsində islamın tövsiyələrinə əməl olunur. Belə ki, bank mühasibatlığı şəriət qaydalarına uyğun aparılır və pul məhsul sayılmadığı üçün satılmır.
Malayziyada təhsilin təkmilləşməsinə xüsusi önəm verilir. “Təhsil kütləvi olmalıdır” şüarının önə çəkildiyi ölkədə dəqiq elmlərə üstünlük verilir, ali təhsil sistemində islahatlar tətbiq edilir, yüksək tələblərə və standartlara cavab verən yeni universitetlər yaradılır.
Xarici siyasətdə isə dəqiq və aydın siyasət yeridilir. İlk növbədə Qərb, Avropa və Yaponiya ilə iqtisadi maraqları təmin edən əlaqələr bərabər inkişaf etdirilir, beynəlxalq münasibətlərdə ideoloji kompromislərə üstünlük verilmir. Hətta Məhəmməd “İnsan hüquqları haqqında ümumi deklarasiya”nı belə tənqid etməkdən çəkinmir. Açıq bildirir ki, müasir dünya düzənində inkişaf etməkdə olan xalqlar üçün azadlıq şüarından daha çox iqtisadiyyatda real tərəqqiyə nail olmaq daha önəmlidir.
Malayziya ilə Azərbaycanı müqayisə etdikdə aydın görünəni odur ki, dövlətimiz də öz inkişafında müstəqil siyasət yeridir, iri investisiya layihələri həyata keçirir, eyni zamanda beynəlxalq münasibətlərdə müstəqil siyasət yürüdür, iqtisadi islahatlarda yeniliklərə, novatorluğa önəm verir. Qarabağ münaqişəsi kimi üzücü münaqişənin həllində isə getdikcə beynəlxalq qurumlardan daha çox öz siyasi qüdrətinə və hərbi gücünə güvənir. Tarix də onu göstərir ki, öz yolunu düzgün seçə bilən xalq siyasətdə də, iqtisadiyyatda da böyük nailiyyətlərə nail olur.

Bahadur İMANQULİYEV,
“Azərbaycan”