Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycanda universitetlərin inkişaf strategiyası: reallıqlar və perspektivlər

19 Aprel 2017
 

“Təhsil sahəsi həyatımızın ən gərəkli, ən mühüm sahəsidir. O, milli məqsədlər, mənafelər əsasında qurulmalıdır”.

 

Heydər ƏLİYEV

 

Ölkəmizin davamlı inkişafını təmin etmək, gələcək inkişafın neft amilindən asılılığını maksimum azaltmaq qarşıda duran əsas vəzifələrdəndir. Bununla bağlı qısamüddətli və uzunmüddətli strateji hədəfləri müəyyən edən zəruri normativ-hüquqi sənədlər qəbul edilmişdir. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında nəzərdə tutulan müddəaların reallaşdırılmasını təmin etmək üçün Azərbaycan Respublikası Prezidentinin 24 oktyabr 2013-cü il tarixlı sərəncamı ilə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” təsdiq edilmişdir. Bu strategiyanın həyata keçirilməsi üçün Prezidentin 19 yanvar 2015-ci il tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı” təsdiq edilmişdir. Həmin  sənəddə insan kapitalının formalaşdırılması və biliklər iqtisadiyyatına əsaslanan yeni təhsil sisteminin, mühitinin və mexanizminin yaradılması, təhsilin bütün pillələri və səviyyələri üzrə həyata keçiriləcək lazımi fəaliyyət istiqamətləri əksini tapmışdır.

Prezident İlham Əliyevin fərmanı ilə 6 dekabr 2016-cı ildə “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”nin təsdiq edilməsi təhsilin bütün pillələrində keyfiyyətin yüksəldilməsini və ali təhsil müəssisələrinin “təhsil-tədqiqat-innovasiya” formatında inkişafını təmin etmək məqsədini daşıyır.

Universitetlərin və ali təhsilin inkişaf tarixi göstərir ki, ali məktəblərin tərəqqisi  ilə cəmiyyətin bütün sahələrində əsaslı irəliləyişlər paralel surətdə gedir. Hələ XI-XVII əsrlərdə Avropanın siyasi, iqtisadi və mədəni cəhətdən çiçəklənməsi məhz həmin dövrlərdə Qərb ölkələrində ali təhsil cəmiyyətinin formalaşması, yəni universitetlərin yaradılması ilə əlaqədar olmuşdur. Bu baxımdan ümummilli lider Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə təhsilin inkişafını strateji vəzifə kimi qarşıya qoymuşdur. Prezident İlham Əliyevin “Təhsil Azərbaycanın davamlı inkişaf strategiyasının ən öncül istiqamətlərindən biridir” fikri isə ölkənin tərəqqisinin bilavasitə təhsilin inkişafından asılı olduğunu bir daha göstərir və onun prioritet sahə kimi davamlı inkişafını ön plana çəkir.

Məhz bu strateji yanaşma hesabına Dünya İqtisadi Forumunun 2015-ci il üçün açıqladığı “İnsan Kapitalı İndeksi” hesabatında Azərbaycan 124 ölkə arasında 63-cü yer almaqla Türkiyə, Çin, İndoneziya və Küveyt kimi ölkələri qabaqlamışdır. Dünya İqtisadi Forumunun 2016-2017-ci illər üçün açıqladığı Qlobal Rəqabətlilik Hesabatında isə Azərbaycan 138 ölkə arasında 37-ci olmuşdur ki, bu göstərici də respublikamızın davamlı inkişafını təmin etmək üçün böyük imkanlara malik olduğunu təsdiqləyir.

Yüksəkixtisaslı kadrların hazırlanması, bununla da davamlı inkişafa ciddi zəmin yaradılması üçün ən ümdə vəzifələrdən biri universitet təhsilinin keyfiyyət göstəricilərinin maksimum yaxşılaşdırılmasından ibarət olmalıdır.

Hazırda dünyada ali təhsilin vəziyyəti və perspektivləri barədə ciddi diskussiyalar aparılmaqdadır. Belə bir qənaət yaranmışdır ki, insan cəmiyyətinin elitar təbəqəsinin formalaşmasında, onların daha sivil və kamil səviyyəyə çatmasında ali təhsilin, xüsusilə universitetlərin rolu əvəzsizdir.

Qloballaşan dünyada və müasir cəmiyyətin bugünkü vəziyyətində onun ən qiymətli kapitalı məhz insanlar hesab edilir. O insanlar ki, yeni biliklərin əldə edilməsi mexanizmlərini mənimsəyir, həmçinin qeyri-standart situasiyalarda düzgün qərar çıxarmaq bacarığına malik olurlar. Müasir cəmiyyətdə güclü elmtutumlu istehsal sahələrinin yaranması nəticəsində qlobal ekoloji fəlakətlərin meydana çıxması, dünya miqyasında qarşısıalınmaz fəlakətlərin törətdiyi fəsadların aradan qaldırılması insanlardan yeni bilik və bacarıqlar tələb edir. Bu vəzifəni isə ali təhsil müəssisələri - universitetlər yerinə yetirməlidirlər. Digər tərəfdən hazırda cəmiyyətin inkişafı elə bir fazaya gəlib çıxmışdır ki, bu gün verilən təhsil bir çox hallarda qısa müddətdən sonra  yeni bilik və bacarıqların, vərdişlərin qazanılmasına ehtiyac yaradır. Ona görə də artıq elm, təhsil cəmiyyəti fasiləsiz təhsil ideyasını qəbul etməkdədir. Bir məsələyə diqqət yetirmək lazımdır ki, ABŞ kimi inkişaf etmiş ölkələrdə belə, mütəmadi olaraq təhsilin keyfiyyət problemləri barədə müzakirələr aparılır, bəzi hallarda isə elm və texnika sahəsində geridə qaldıqları söylənilir. Göründüyü kimi, ABŞ-da da, digər inkişaf etmiş dövlətlərdə də təhsilin səviyyəsinə münasibət birmənalı deyil. Ona görə də ali təhsil islahatları hər zaman dövlətin prioritet vəzifələrindən biri olmuşdur.

Ali təhsilin cəmiyyətdəki ənənəvi vəzifələrini təhlil edib, ümumiləşdirsək görərik ki, onun əsas vəzifəsi elmi ideyaların formalaşdırmasını, bu ideyaların bütün sahələrdə daşıyıcıları olan yüksək peşəkar kadrların hazırlanmasını təmin etmək və təhsil prosesi müddətində bütün növ məktəblərdə mənəvi dəyərlər kompleksini aşılamaqdan ibarətdir. Bu vəzifələrin yerinə yetirilməsi nəticəsində cəmiyyət yüksək mənəvi keyfiyyətlərə malik peşəkar mütəxəssislərlə təmin olunurlar ki, bu da öz  növbəsində universitetlərin, ali təhsil ocaqlarının ən yaxşı məzunlarından ibarət  elitar təbəqənin formalaşmasına gətirib çıxarır.

Ölkəmizin müstəqillik və bazar iqtisadiyyatına keçid dövrünün təhlili göstərir ki, o zaman ali təhsil sistemi üçün bir sıra xarakterik problemlər özünü göstərmişdir: ali təhsil sistemində təhsil xidmətlərindən istifadəyə maraq azalmışdı; ali təhsil sistemində işləmək əvvəlki kimi cəlbedici deyildi; ali təhsil sistemində mövcud maddi-texniki baza köhnəlmişdi; ali təhsilin idarəçiliyində dünya inkişaf tendensiyasını mənimsəmiş idarəedici personal yox idi; ali təhsil sistemində təlim texnologiyaları günün tələblərinə uyğun deyildi, əmək bazarının tələblərindən kəskin fərqlənirdi; elmi-pedaqoji və maddi-texniki bazası çox zəif olan ali məktəblərin yaradılması və keyfiyyətsiz təhsil verilməsi halları müşahidə olunurdu və s.

Göstərilən xarakterik çatışmazlıqlar xüsusilə texniki ali məktəblərdə daha çox nəzərə çarpırdı. Odur ki, universitet təhsilində ciddi islahatların həyata keçirilməsi və yeni yanaşmalar zəruri idi.

Əlbəttə, dövlət başçısının həyata keçirdiyi siyasət göstərilən xarakterik problemlərin hissə-hissə həlli istiqamətində xeyli irəliləyişə nail olunmasına imkan verdi. Hazırda bu istiqamətdə yeni fazada ciddi islahatlar aparılmaqda davam edir. ADA Universiteti, Bakı Ali Neft Məktəbinin təşkili, bir sıra nüfuzlu, ənənələri olan universitetlərin Bakıda filiallarının açılması ilə yeni universitet modelinin tətbiqi Azərbaycanda bu istiqamətdə aparılan islahatların müsbət nəticə verəcəyinə inamı artırır. Bakı Mühəndislik Universitetinin təşkil edilməsi də bu qəbildən olan ideyalardan biri kimi qiymətləndirilə bilər. Mühəndis hazırlığının daha baha başa gəldiyini və davamlı inkişafda böyük paya malik olduğunu nəzərə alsaq, demək olar ki, bu addımlar ciddi perspektivlər vəd edir.

Qeyd edilən amil Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsində də geniş şəkildə öz əksini tapmışdır. Həmin sənəddə qeyd edildiyi kimi, “Ali təhsil müəssisələrində yetişdirilən mütəxəssislər dövlətin və şirkətlərin idarə olunmasında, daha çox əlavə dəyərin yaranmasında, iqtisadi artımda və əmək məhsuldarlığının yüksəldilməsində fəal iştirak edirlər. Bunu nəzərə alaraq, Azərbaycanda iqtisadi və sosial baxımdan daha səmərəli ali təhsil sisteminin formalaşdırılması dəstəklənəcəkdir. Bunun üçün ali təhsilin keyfiyyətinin yüksəldilməsi, qlobal təhsil məkanına inteqrasiyası, ali təhsilli kadrlara tələbatın ödənilməsi, habelə ali təhsilin informasiya cəmiyyətinin və biliklərə əsaslanan iqtisadiyyatın tələblərinə uyğunlaşdırılması istiqamətində islahatlar sürətləndiriləcəkdir. Hazırda Azərbaycanda gənclərin ali təhsillə əhatəolunma səviyyəsi aşağıdır. Bu da uzaq perspektivdə ölkənin rəqabətqabiliyyətli və dayanıqlı inkişafına maneə törədə bilər”. Bu fikirlər ali təhsil sistemi qarşısında ciddi tələblər qoymaqla bərabər, böyük perspektivlər də açır.

Dünyanın inkişaf etmiş ölkələrinin təhsil sistemində ali təhsil xidmətləri göstərmək, eyni zamanda həmin ali məktəbin maliyyə imkanlarının genişlənməsinə səbəb olur. Yəni ali təhsilə daha çox tələbələrin cəlb olunması, ali təhsilin daha geniş formatda əlçatan olması məqsədəuyğundur və bu, ölkənin davamlı inkişafına hesablanır. Sadəcə, universitetlər daxildə təlim texnologiyalarını o qədər çevikləşdirməlidirlər ki, müxtəlif qabiliyyətə malik insanlara təhsilvermə imkanları olsun. Universitet təhsili yalnız tələbələrə deyil, eyni zamanda qısamüddətli təhsil proqramları üzrə təhsilvermə imkanlarına malik olmalı, təhsil proqramlarının qiymətləndirilməsində ödənişli xidmətlər göstərməli, istehsalat müəssisələri ilə birgə geniş spektrli konsaltinq xidmətləri təşkiletmə praktikasına yiyələnməli, səmərəli kitabxana-informasiya şəbəkəsinə malik olmalı, təhsil xidmətlərinin kommersiyalaşdırılması istiqamətində ciddi addımlar atmaq üçün dünya praktikası dərindən mənimsənilməlidir. Əlbəttə, bu işlərin həyata keçirilməsi üçün professor-müəllim heyətinin və digər personalın hazırlıq məsələləri daim diqqətdə saxlanılmalıdır. 

Ali təhsildə digər ciddi çatışmazlıqlardan biri də bəzi tədris müəssisələrinin özünün ənənəvi profilinə uyğun olmayan, lakin cəmiyyətdə cəlbedici görünən ixtisasların hazırlanmasına cəhd göstərmələri idi. Həmin proses keyfiyyətli kadr hazırlığına, universitetlərə inamı azaltdı. Bu baxımdan ali məktəblərdə özünün kadr potensialına, maddi-texniki bazasına, təhsil ənənələrinə tamamilə uyğun olan mütəxəssislərin hazırlanması daha məqsədəuyğundur. Onlarda rentabelli təhsilin təmin olunması üçün tələbə sayının artırılması daha məqsədyönlü olardı, nəinki süni şəkildə ixtisas spektrinin genişləndirilməsi. Son illər bu istiqamətdə Təhsil Nazirliyinin həyata keçirdiyi islahatlar təqdir olunmalıdır. Xüsusilə pedaqoji kadrların hazırlığı yönümündə əsaslı addımlar atılmışdır.

Universitet təhsilində respublikamız üçün müstəsna əhəmiyyəti olan, davamlı inkişafın təmin olunmasında əsaslı çəkiyə malik sahələrdən biri də mühəndis kadrların hazırlığıdır. Bu istiqamətdə görüləcək xeyli işlər vardır. Mühəndis kadrların hazırlanması üçün tələb olunan vəsait digər sahələrdən daha çoxdur. Eyni zamanda, bu, ağır sahə olduğundan tələbə cəlbi son illər bir qədər çətinləşmişdir. Odur ki, mühəndis kadrların hazırlığını stimullaşdırmaq üçün uzunmüddətli inkişaf konsepsiyasına ehtiyac duyulur. Uzunmüddətli inkişaf konsepsiyası aşağıdakı komponentlərdən ibarət ola bilər:

- yüksək tələblərə cavab verən universitet modelinin təşkili (bu istiqamətdə artıq ilkin addımlar atılmışdır);

- əmək bazarında daha çox tələb olunan vacib mühəndis kadrları hazırlayan kafedraların maddi-texniki bazasının gücləndirilməsi;

- respublikamızda və respublikadan kənarda bu sahənin yüksək hazırlığa malik peşəkar mütəxəssislərini (pedaqoji heyəti) motivasiya etməklə müasir təlim texnologiyaları ilə tədris prosesinin təşkili;

- mövcud kadrların qısamüddətli treninqlər vasitəsilə müasir təlim texnologiyalarının mənimsədilməsi prosesinin təşkili.

Əlbəttə, göstərilən vəzifələri həyata keçirməklə, qısa müddətdə deyil, yaxın gələcəkdə müsbət nəticələr əldə etmək mümkündür. Nəzərə almaq lazımdır ki, mühəndis kadrların hazırlığı elə qurulmalıdır ki, o, müasir texnologiyalarla ayaqlaşa bilsin və yeni texnologiyaların yaradıcısı olmasa da, ondan istifadəni tez və çevik şəkildə mənimsəmək üçün baza biliklərinə malik olsun. Bu addımların atılması, eyni zamanda Strateji Yol Xəritəsində göstərilən “Yüksəkixtisaslı kadr hazırlığının əmək bazarının tələbinə və beynəlxalq ixtisas təsnifatına uyğunlaşdırılması, uzunmüddətli proqnozlaşdırma mexanizminin hazırlanması istiqamətində fəaliyyətlər, əmək bazarında diferensiallaşmış əməkhaqqı və stimullaşdırma sisteminin yaradılması üzrə mexanizmlərin hazırlanması dəstəklənəcəkdir” ideyasının həyata keçirilməsinə şərait yaradacaqdır.

Strateji Yol Xəritəsində qarşıya qoyulan vəzifələrin icrası universitet klasterlərinin yaradılması “təhsil-tədqiqat-innovasiya” zəncirinin effektivliyini artıra bilər. Ölkəmizdə bəzi ixtisaslaşmış universitetlərdə klasterlərin yaradılması təşviq ediləcəkdir. Nəticədə ali təhsil sisteminin keyfiyyətinin yüksəldilməsi sayəsində daha keyfiyyətli insan kapitalı və intellektual potensial formalaşacaq, əmək məhsuldarlığı artacaqdır. Bu da öz növbəsində gələcək “təhsil-elm-innovasiya” modelinin davamlı inkişafına ciddi töhfələr verəcəkdir.

Lakin ciddi uğurlarla yanaşı qeyd etmək lazımdır ki, ölkəmizin ali təhsil müəssisələrinin məzunlarının potensialı iqtisadiyyatın tələbatı ilə tam uzlaşmır. Bu, ondan irəli gəlir ki, tədris prosesində müasir texnologiyalar məhdud miqyasda tətbiq edilir, bəzi hallarda isə yaradılan sistemlərdən az istifadə olunur. Ali təhsil müəssisələrinin kurikulumları əmək bazarında işçi səriştəsinə olan tələblərə uyğun gəlmir. Ali təhsil pilləsində kurikulumların inkişafı iqtisadiyyatın sürət dinamikasından geri qalır.

Azərbaycan təhsil sisteminin Avropa təhsil sisteminə inteqrasiyası prosesi labüddür. Bununla yanaşı, keçmiş stereotiplərdən imtina edilməməsi yolverilməzdir. Ölkəmizdə təhsil islahatları milli mənafelər nəzərə alınmaqla həyata keçirilməlidir. Təlim məsələlərində (ayrı-ayrı fənlərin tədrisinin plan və proqramlarında, yeni metodların yaradılmasında) inkişaf etmiş ölkələrin müsbət təcrübəsi müəyyən araşdırmalardan sonra ölkəmizin təhsil sisteminə tətbiq olunmalıdır. Ali təhsil müəssisələrində milli özünüdərk və dövlətçilik prinsiplərinin aşılanması ön plana çəkilməlidir.

Hazırda respublikada təhsil və kadr hazırlığı prosesinə, həmçinin təhsilin məzmununun təkmilləşdirilməsinə işəgötürənlərin cəlb olunması çox aşağı səviyyədədir. İşəgötürənlər kadr hazırlığı prosesində iştirak etmir və hazırlanan kadra dair şərtlər irəli sürmək imkanına malik deyillər.

İqtisadiyyatın modernləşdirilməsi zamanı ən ciddi problemlərdən biri də əmək bazarının tələblərinə uyğun yüksəkixtisaslı kadrların hazırlanmasının təkmilləşdirilməsindən ibarətdir. Bu baxımdan təhsil sferasında son onilliklərdə ali təhsilin məzmununda ciddi dəyişikliklərə ehtiyac yaranmış və bu proses indi də davam etməkdədir. Sürətli elmi-texniki inqilabın baş verdiyi bir dövrdə texniki sahədə biliklər, vərdişlər və səriştələr çox mobil şəkildə dəyişir, bu da öz növbəsində təhsil alanların və təhsil verənlərin yüksək kompetensiyalara malik olmalarını diktə edir. Bu baxımdan ali məktəblərin, o cümlədən texniki ali məktəblərin qarşısında ciddi vəzifələr durur. Xüsusilə sənayeləşmənin daha böyük vüsət aldığı bir zamanda, yüksək texnologiyaların yaradılmasına xüsusi maraq göstərildiyi bir dövrdə Azərbaycanda bu məsələnin həlli istiqamətində texniki ali məktəblərin üzərinə böyük missiya düşür.

Dövlət başçısı tərəfindən iqtisadi kapitalın insan kapitalına çevrilməsi istiqamətində həyata keçirilən siyasət Azərbaycan Texniki Universitetində innovativ texnologiyaların daşıyıcısı olan, sənaye və istehsalat sahələrinin problemlərini daha tez mənimsəyən və həlli yollarını müəyyənləşdirməyə qadir olan mütəxəssis hazırlanması məsələsini qarşıya məqsəd qoyur.

Dünya miqyasında yüksək səviyyəli ali təhsil ölkələrin sabit iqtisadi inkişafını təmin edən, rəqabətədavamlı məhsulların istehsalını şərtləndirən amillər sayılır və ölkənin davamlı inkişafının hərəkətverici qüvvəsi hesab edilir. Ona görə də ali təhsil müəssisələri, xüsusilə Azərbaycan Texniki Universiteti yalnız mütəxəssis hazırlığı ilə kifayətlənməməli, eyni zamanda elmi-innovativ fəaliyyət göstərən mərkəzlərə çevrilməli, elm, təhsil, istehsalat və biznes strukturlarının inteqrasiyasını təmin edən ideya generatorluğunu öz üzərinə götürməyə qadir olmalıdır. Bu ideyanın reallaşması və əmək bazarının tələblərinə uyğun mütəxəssis hazırlanması üçün istehsalat xidmət sahələri ilə sıx əlaqədə olmalı və onların problemlərinin həllini təmin etməlidir.

Universitetlərimizin perspektiv inkişafını təmin etmək, elm və istehsalatla inteqrasiyanı sürətləndirmək üçün bir sıra tədbirlərin həyata keçirilməsi ali təhsil sahəsində islahatların daha səmərəli nəticə verməsinə bilavasitə öz müsbət təsirini göstərə bilər. Bunlar hansılardır:

- təhsilin idarə olunmasının rasionallaşdırılması, maddi-texniki bazalardan səmərəli istifadə olunması məqsədilə ali məktəblərin nəzdində eyni profilli kolleclərin və peşə-ixtisas təhsili məktəblərinin yaradılması və fəaliyyətinin stimullaşdırılması tədbirlərinin həyata keçirilməsi;

- Azərbaycan sənayesinə vacib olan, çətin əmək şəraitinə malik sahələr üçün mühəndis kadrların hazırlanması zamanı stimullaşdırıcı və motivasiyaedici tədbirlərin nəzərə alınması;

- kitabxana fəaliyyətinin modernləşdirilməsi, rəqəmsal resurslardan istifadə məqsədilə müasir elmi ədəbiyyat və məcmuələrə çıxış üçün scoups və sciencedirect internet saytlarına daimi çıxışı olan kitabxana şəbəkəsinin yaradılması;

- təhsilin inkişafına nail olunması baxımından istehsalat, xidmət və digər özəl strukturlarla birlikdə müsabiqələr və layihələr həyata keçirmək məqsədilə hüquqi bazanın təkmilləşdirilməsi;

- ali təhsil müəssisələrinin arasındakı fərqin aradan qaldırılması üçün mərkəzi universitetlərdə formalaşmış mütəxəssislərin regionlarda işə cəlb olunması və bunun üçün lazımi stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi;

- xüsusi istedadlı təhsil alanların müəyyənləşdirilməsi üçün mütəmadi axtarış mexanizmlərinin tətbiq edilməsi və bununla respublikanın dəyərli insan kapitalının inkişafının və qorunmasının təmin olunması;

- istehsalatla bağlı olan müxtəlif istiqamətlər üzrə sənayenin inkişaf strategiyasına uyğun elmi-innovativ konsepsiyaların hazırlanması;

- təhsil sahəsində dövlət-biznes partnyorluğu sisteminin hüquqi bazasının yaradılmasının təmin edilməsi;

- istehsalatda tətbiq edilən müasir texnologiyaların tədris prosesində öyrədilməsi məqsədilə işçi tədris proqramlarında daim yeniliklər edilməsinin təmin olunması;

- elmi, elmi-texnoloji və innovasiya fəaliyyətinin normativ-hüquqi bazasının təkmilləşdirilməsi.

Optimal bilikli mühəndis kadrların hazırlanmasında istehsalat təcrübələri mühüm əhəmiyyətə malikdir. Lakin etiraf etməliyik ki, bu proses zamanı tələbələrin praktik vərdişlər qazanmasında bir sıra çətinliklər mövcuddur. Hazırda təcrübələrin keçirilməsinin tədris planında sonuncu semestrə planlaşdırıldığını nəzərə alaraq, bu istiqamətdə işlək mexanizm yaradılmasına ehtiyac var. Lakin əksər hallarda istehsalat müəssisələri kütləvi olaraq tələbələrin uzun müddətə təcrübə keçmələrinə az maraq göstərirlər. Bu istiqamətdə istehsalat müəssisələrinin məsuliyyətini artırmaq məqsədilə əlaqədar təşkilatlar səviyyəsində lazımi hüquqi normativ bazanın yaradılmasına zərurət duyulur.

Son illər bir çox hallarda sənaye müəssisələrinin işləməməsi və digər səbəblərdən təcrübələr qismən formal xarakter daşımışdır. Respublikamızda sənayeləşmənin vüsət alması xüsusilə strateji və ağır sənaye sahəsi olan metallurgiyanın, eyni zamanda əlvan metallurgiyanın inkişafı istehsalat təcrübələrinin təşkilində yeni tələblər irəli sürür.

Sənaye müəssisələri ilə universitet arasındakı inteqrasiyanın inkişafının təmini, əmək bazarının tələblərinə uyğun mühəndis kadrların hazırlanmasında irəliləyişlər əldə etmək üçün AzTU-nun Metallurgiya fakültəsinin “Metallurgiya mühəndisliyi” və “Dağ-mədən mühəndisliyi” ixtisasları üzrə oxuyan tələbələr 2015-ci ilin iyul ayı ərzində yay tətili dövründə Gəncədəki “DET-AL Alüminium” MMC-nin Detal Alüminium Kompleksində istehsalat təcrübəsində olmuşlar. Tələbələr burada yerinə yetirilən ən müasir texnologiyalarla praktik olaraq tanış olmuş, eyni zamanda həmin texnologiyaları mənimsəmək üçün nəzəri məşğələlər aparılmışdır. Digər tələbələrin isə bir sıra dərslərinin “Baku Steel Company” MMC-dəki Tədris Mərkəzində təşkili, istehsalat təcrübələrində iştirakı onların praktik biliklərinin formalaşmasında əsaslı rol oynamışdır.

Müasir dövrdə universitetlərin davamlı inkişafını təmin edən ən vacib məsələlərdən biri də sabit maliyyə resurslarının yaradılmasıdır. Azərbaycanda ali məktəblərin əsas maliyyə mənbəyi faktiki olaraq tələbələrin təhsil ödənişlərindən ibarətdir. Universitetlərin inkişafının təmin olunması üçün onların innovativ fəaliyyəti stimullaşdırılmalıdır. Strateji Yol Xəritəsində göstərildiyi kimi, “Təhsil-elm-istehsalat” əlaqələrinin optimallaşdırılması, bu “üçlüyə” daxil olan müəssisə və təşkilatlar üçün ixtisaslı kadrların hazırlanması, bazara hədəflənən elmi tədqiqat və işləmələrin həyata keçirilməsi üçün maliyyə imkanlarının yaxşılaşdırılması məqsədilə maliyyə-kredit infrastrukturu inkişaf etdiriləcəkdir ki, bu da universitetlərin maliyyə imkanlarının davamlı olmasına şərait yaradacaqdır. Almaniyanın və digər inkişaf etmiş ölkələrin universitetlərinin maliyyələşmə mənbələri əsasən onların elmi-innovativ fəaliyyəti, layihələrin yerinə yetirilməsi, konsaltinq, mühəndis  və müxtəlif növ təhsil xidmətləri hesabına formalaşır. Məsələn, Almaniyada təhsil bütövlükdə pulsuz olsa da, onlar böyükhəcmli layihələrin yerinə yetirilməsində, elmi-innovativ fəaliyyət göstərməsində, istehsalatın real problemlərinin həllində, böyük maliyyə imkanlarına və nüfuza malik olan firma və şirkətlərin elan etdiyi irihəcmli qrant layihələrinin həyata keçirilməsində yaxından iştirak edirlər. Bu, onların daim inkişafını stimullaşdırır, eyni zamanda sabit maliyyə resurslarının formalaşmasına şərait yaradır. Odur ki, gələcəkdə sabit maliyyə imkanlarının yaradılması üçün universitetlərin aşağıdakı fəaliyyət sferalarına diqqət artırmaları daha məqsədəuyğundur:

- elmi, elm-texniki informasiya yaratma vərdişlərinə yiyələnmək istiqamətində fəaliyyəti genişləndirmək;

- sənaye sahələri ilə sıx əlaqədə birgə layihələrin həyata keçirilməsini təşviq etmək;

- qısamüddətli kurslar və təhsil fəaliyyətindən gəlirlər əldə etmək imkanlarını daim diqqətdə saxlamaq;

- elmi, elm-texniki informasiya, konstruktor işləmələrinin kommersiyalaşdırılması üçün lazımi vərdişlərə yiyələnməkdən ötrü öyrədici kurslar təşkil etmək;

- universitetlərdə “Consalting” xidmətlərinin təşkilinin təşviq olunması və sənayenin və istehsalatın problemlərinin həllini özündə əks etdirən elmtutumlu tədqiqat işlərinə daha çox diqqət göstərmək və kadr hazırlığında bunu nəzərə almaq;

- ali məktəblərin sifarişli təhsil və digər xidmət sahələrində fəaliyyətinin genişləndirilməsini təmin etmək.

İlkin biliklərin nisbətən aşağı olmasına baxmayaraq, universitet təhsili almaq arzusunda olan gənclərin ali məktəblərə daxil olmaları üçün lazımi hazırlıq keçdikdən və imtahan verdikdən sonra ali məktəblərdə təhsil almaq imkanlarının yaradılması da vacib məsələlərdən biridir. İnkişaf etmiş ölkələrdə bu praktikadan geniş istifadə edilir. Təhsil Nazirliyi bu istiqamətdə lazım olan addımları atmışdır. Bu, gələcəkdə universitetlərin inkişafına öz müsbət təsirini göstərəcəkdir. Digər tərəfdən, ali məktəblərdə sifarişli, qısamüddətli təhsil almaq imkanlarının genişləndirilməsi üçün tədbirlər görülməsi məqsədəuyğundur. Burada müxtəlif müəssisə və təşkilatlar, istehsalat sahələri üçün həmin xidmət cəlbedici ola bilər. Onlayn kursların təşkili imkanlarından da maksimum yararlanmaq lazımdır. Azərbaycan gələcəkdə region, xüsusilə Yaxın Şərq ölkələri üçün yaxşı ali təhsil verən dövlət kimi öz xidmətlərini təklif edə bilər. Bu ənənə sovetlər dönəmi ali təhsil tariximizdə mövcud olmuşdur. Bunlar universitetlərin inkişafı, maliyyə imkanlarının genişlənməsi baxımından  kifayət qədər perspektivlidir. 

Prezident İlham Əliyevin qeyri-neft sektorunun inkişafı ilə bağlı günün tələblərinə uyğun yeni çağırışları artıq post-neft dövrünün başlanmasının göstəricisi kimi qiymətləndirilməlidir. Bu çağırışlar bizdən sənayeləşmənin dinamik inkişaf səviyyəsi ilə ayaqlaşan ali təhsilli kadrların hazırlanmasında var gücümüzü əsirgəməməyi tələb edir.

Hazırda Azərbaycanda ali təhsilin beynəlxalq standartlar səviyyəsinə yüksəldilməsi istiqamətində atılan real addımlar yaxın gələcəkdə ölkəmizin dünya təhsil sistemində özünəməxsus yer tutması üçün ciddi perspektivlər vəd edir.

 

Sübhan NAMAZOV,

Azərbaycan Texniki Universitetinin kafedra müdiri, texnika elmləri doktoru, professor, Rusiya Mühəndislik Akademiyasının akademiki