Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Məktəblilər Cənub bölgəsindən xoş təəssüratla ayrılıblar

19 Mart 2017
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində məktəblilərin regionlara təşkil edilən yeddinci tur-aksiyasının cənub bölgəsi istiqaməti üzrə birinci mərhələsi başa çatıb.

Ümumtəhsil məktəblərinin şagirdləri və onların müəllimləri dörd gün ərzində regionlara səyahət zamanı şəhər və rayonların tarixini, mədəniyyətini, əhalinin həyat tərzini və məişətini əks etdirən abidələrlə, muzeylərlə, ərazinin turizm potensialı, regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrası istiqamətində görülən işlər və həyata keçirilən infrastruktur layihələr ilə yaxından tanış olublar.

AZƏRTAC xəbər verir ki, ölkəmizin cənub bölgəsinə səyahət edən Quba, Qusar, Xaçmaz, Qobustan, Ağdaş, Ağsu və Tərtər rayonlarından olan məktəblilər və onların müəllimləri martın 19-da Lənkəran şəhərindən yaşadıqları rayonlara yola düşüblər.

Tur-aksiyanın iştirakçılarını Lənkəran Şəhər İcra Hakimiyyətinin məsul işçiləri, müəllimlər və ictimaiyyətin nümayəndələri yola salıblar.

Cənub bölgəsindən zəngin təəssüratla ayrılan humanitar aksiyanın iştirakçıları ölkəmizi daha yaxından tanımaq üçün yaradılan şəraitə görə dövlətimizin başçısına minnətdarlığını bildiriblər.