Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Tərtər rayonunun 22 mindən çox sakini kütləvi tibbi müayinədən yararlanıb

17 Mart 2017
Tərtər rayonunda əhalinin tibbi müayinədən keçirilməsi uğurla davam etdirilir. Fevralın 15-dən bu günədək kütləvi tibbi müayinədən 21 yaşayış məntəqəsinin sakinləri, 122 idarə və müəssisənin kollektivləri olmaqla ümumilikdə 22 min 63 nəfər yararlanıb.

Tərtər rayon mərkəzi xəstəxanasının baş həkiminin müavini Sevda Əliyeva AZƏRTAC-a bildirib ki, rayonun səhiyyə işçiləri əhalinin sağlamlığının qorunmasına yönələn bu nəcib aksiyaya həvəslə qoşulublar. Tibbi müayinələr rayon mərkəzi xəstəxanası ilə yanaşı, Azadqaraqoyunlu və Bəyimsarov kənd xəstəxanalarında da aparılır. Bundan başqa, yüksəkixtisaslı mütəxəssislərdən ibarət həkim briqadaları rayonun kəndlərində də əhalinin tibbi müayinəsini həyata keçirirlər.

Baş həkimin müavini deyib ki, müayinələrin yüksək səviyyədə aparılması, vətəndaşların rahatlığı üçün xəstəxana zəruri avadanlıqlarla təchiz olunub, lazımi şərait yaradılıb. Sakinlər əsasən terapevt, endokrinoloq, oftalmoloq, nevropatoloq, stomatoloq, kardioloq, ginekoloq tərəfindən müayinə edilir, kardioqrama, ultrasəs, rentgen, laborator və digər müayinələrdən keçirilir. Müayinələr nəticəsində sakinlərdən 1635 nəfəri ambulator, 17 nəfəri stasionar müalicəyə cəlb edilib, bir nəfər isə müalicə olunmaq üçün Bakı şəhərinə göndərilib. Ümumilikdə, tibbi müayinədən rayonun 54 yaşayış məntəqəsi üzrə yaşı 18-dən yuxarı olan 58 min 366 nəfərin keçməsi nəzərdə tutulur.

Dövlətimizin başçısının əhalinin sağlamlığına göstərdiyi diqqət və qayğısı cəbhə bölgəsinin sakinləri tərəfindən rəğbətlə qarşılanır. Rayon sakini Təranə Fərzəliyeva tibbi müayinələrin təşkilindən, yaradılan şəraitdən razılıq edərək deyib: “Həkimlər tərəfindən hərtərəfli müayinə olundum. Müayinə zaman məndə yüksək qan təzyiqi aşkarlandı və stasionar müalicəyə cəlb edildim. Ölkəmizdə hər il keçirilən bu xeyirxah aksiyaya və yaradılan şəraitə görə Prezidentimizə ürəkdən minnətdarıq”.