Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan Fransanın Cənubi Qafqazda əsas iqtisadi tərəfdaşıdır

17 Mart 2017
 

Azərbaycanın dövlət müstəqilliyini bərpa etdikdən sonra Avratlantik strukturlar və aparıcı Qərb dövlətləri ilə formalaşmış münasibətləri ildən-ilə inkişaf edərək yeni keyfiyyət dəyişiklikləri ilə müşayiət olunub.

İndi ikitərəfli əməkdaşlıq baxımından diqqəti çəkən əsas məqamlardan biri ondan ibarətdir ki, Azərbaycan diplomatiyasında Qərb istiqaməti vacib yerlərdən birini tutduğu kimi, Avropa dövlətləri, onların siyasi və iqtisadi dairələri də rəsmi Bakı ilə əlaqələrin yüksək səviyyədə olmasında maraqlıdırlar. Azərbaycan Prezidenti İlham Əliyevin Fransaya rəsmi səfərinin yekunları bunu deməyə əsas verir.

 

Əlaqələrin təməli olan uğurlu siyasi dialoq

 

Prezident İlham Əliyevin Fransaya bu səfəri iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümünə təsadüf edib. Xatırladaq ki, Fransa Azərbaycanın dövlət müstəqilliyini 1992-ci ilin yanvarında tanıyıb, diplomatik əlaqələr həmin ilin fevralında qurulub. Fransa səfirliyi Azərbaycanda 1992-ci ilin martında fəaliyyətə başlayıb. Ulu öndər Heydər Əliyevin Azərbaycanda Prezident seçiləndən sonra əlaqələrin inkişafı yeni mərhələyə daxil olub. Ümummilli lider Prezident kimi xaricə ilk rəsmi səfərini həmin ölkəyə edib.

Bu ölkə ilə əlaqələrə önəm verən Prezident İlham Əliyev də 2004-cü ildə ilk rəsmi səfərini Fransaya etmişdi. Fransanın sabiq prezidentləri Jak Şirak, Nikolya Sarkozi və indiki Prezident Fransua Olland Azərbaycana səfərlər ediblər. Beləliklə, prezidentlərin qarşılıqlı səfərləri ənənəyə çevrilib. Ayrı-ayrı vaxtlarda isə dövlət başçıları hər iki ölkənin ali orden və medalları ilə təltif olunublar. Bu isə dünyanın və Avropanın siyasi səhnəsində öz yeri olan Fransanın Azərbaycanla əlaqələrə verdiyi önəmin və Azərbaycanla Fransa arasındakı siyasi dialoqun, əlaqələrin yüksək səviyyədə olması deməkdir.

Prezident İlham Əliyevin Fransaya bu günlərdə etdiyi rəsmi səfər zamanı Prezident Fransua Olland, Senatın sədri Jerar Larşe,  Milli Assambleyanın sədri Klod Bartolon ilə keçirdiyi görüşlər  ondan xəbər verir ki, iki ölkə arasında inkişafda olan siyasi dialoq yeni mərhələyə qədəm qoyub. Ən əsası, hər iki tərəf bu dialoqun daha da inkişafında maraqlıdır.

Təsadüfi deyil ki, Fransua Olland Prezident İlham Əliyevin Parisə bu səfərini uzunmüddətli münasibətlərdə yeni bir mərhələnin başlanğıcı kimi dəyərləndirib. Mətbuata bəyanatında Prezident İlham Əliyev əlaqələrin daha da möhkəmlənəcəyindən əminliyini bildirib: “Əminəm ki, Fransa-Azərbaycan əlaqələri gələcəkdə daha da möhkəmlənəcək. Bu gün apardığımız danışıqlar belə deməyə əsas verir. Biz çox istəyirik ki, əlaqələr daha da yüksək səviyyəyə qalxsın, beləliklə, Fransa və Azərbaycan xalqları bir-birinə daha da yaxın olsunlar”.

Bu səfər iki ölkə arasındakı əlaqələrin bundan sonrakı inkişafına, yeni əməkdaşlıq formatlarının yaranmasına təkan verəcək. Prezident İlham Əliyevin fransalı həmkarı ilə keçirdiyi görüşlərdə bu məsələlərlə bağlı geniş fikir mübadiləsi aparıldı. Səslənən fikirlər təsdiq edir ki, Azərbaycan-Fransa əlaqələri bundan sonra da yüksələn xətlə inkişaf edəcək.

 

Qarşılıqlı maraqlara uyğun iqtisadi əməkdaşlıq

 

Təbii ki, güclü siyasi əlaqələr və məsləhətləşmələr bütün sahələrdə əməkdaşlığın inkişafına müsbət təsir edir. Bu da özünü iqtisadi sahədə daha aydın göstərir. Bu mənada Azərbaycanla Fransa arasındakı əlaqələrdə iqtisadi əməkdaşlıq məsələləri əsas yerlərdən birini tutur.

Xüsusi qeyd etmək lazımdır ki, Azərbaycan Fransanın Cənubi Qafqazdakı əsas ticarət tərəfdaşıdır. Hazırda iki ölkə arasında ticarət dövriyyəsi 2 milyard dollara yaxındır. Bu fakt həm də onu təsdiq edir ki, Azərbaycan Cənubi Qafqazda iqtisadi inkişafına görə liderdir. Azərbaycanda 50-dən çox Fransa şirkəti fəaliyyət göstərir. Bu, ilk növbədə, fransız biznes dairələrinin Azərbaycandakı fəaliyyətə marağının göstəricisidir. Eyni zamanda, bu, Azərbaycanda yerli və əcnəbi biznes qruplarına iş görmək, sərmayə yatırmaq və yaxşı podratçı olmaq üçün əlverişli şəraitin yaradıldığına dəlalət edir. İki ölkənin iqtisadi əməkdaşlığı isə neft-qaz sahəsindən başlayıb. Təsadüfi deyil ki, fransızlar ən böyük sərmayələrini mədən sənayesinə yatırıblar. Lakin son illər iqtisadi əməkdaşlıq kifayət qədər müxtəlifdir və nəqliyyat, hava nəqliyyatı, ictimai nəqliyyat, metro, kosmos sahələrini əhatə edir. Fransız şirkətləri Azərbaycanın kosmos sənayesinin yaradılmasında da iştirak edib.

Prezident İlham Əliyevin martın 13-də Parisdə Fransa Şirkətlər Hərəkatının (MEDEF) biznes şurasının üzvləri ilə görüşündə iki ölkənin iqtisadi əməkdaşlığının perspektivləri müzakirə olunub. Xatırladaq ki, bu, Prezident İlham Əliyevin MEDEF üzvləri ilə keçirdiyi sayca doqquzuncu görüş idi. Hər dəfə olduğu kimi, bu görüş də fransız şirkətlərinin diqqətini çəkmişdi. Təsadüfi deyil, Fransa iqtisadiyyatının əksər sektorlarını təmsil edən 70-dən çox şirkət bu görüşdə iştirak üçün müraciət edib. Bu, bir daha təsdiq edir ki, Azərbaycan fransız şirkətləri üçün cəlbedicidir. Eyni zamanda, bu ondan xəbər verir ki, hər iki ölkə iqtisadi əməkdaşlağını daha da inkişaf etdirmək istəyir. MEDEF-in vitse-prezidenti xanım Mari-Anj Debon belə tədbirlərin Azərbaycan ilə Fransa şirkətləri arasında əlaqələrin inkişafında mühüm rol oynadığını bildirdi. Görüşdə nüfuzlu şirkətin nümayəndələrinin təmsil olunduğunu vurğuladı, tədbirin səmərəli keçəcəyinə əminliyini ifadə etdi.

Prezident İlham Əliyev yenidən MEDEF-də olmaqdan məmnunluğunu ifadə etdi, bunun iqtisadi əlaqələrimizə töhfə verdiyini bildirdi. İndiyədək bir çox layihələrin uğurla həyata keçirildiyini deyən dövlət başçısı bu əməkdaşlıq çərçivəsində Azərbaycan iqtisadiyyatına xeyli investisiyaların yatırıldığını diqqətə çatdırdı. Görüşdə Azərbaycanda dəmir yolu, qlobal nəqliyyat layihələri, metro tikintisi, rabitə texnologiyaları, kosmik sənaye, hava nəqliyyatı, energetika, neft-qaz sənayesi, maliyyə-bank sistemi, şəhər infrastrukturu layihələri, kənd təsərrüfatı, irriqasiya sistemi, turizm, mehmanxana sənayesi, bərpa olunan enerji və digər sahələrdə Azərbaycan ilə çox uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirildi və bu sahədə əlaqələrin inkişafına dair interaktiv fikir mübadiləsi aparıldı.

Fransanın nüfuzlu şirkətlərini Azərbaycana dəvət edən Prezident İlham Əliyev dedi: “Qarşıdakı illərdə bizim əsas diqqət yetirəcəyimiz sahə iqtisadiyyatımızın qeyri-neft sektoru, əsasən də kənd təsərrüfatı olacaq. Mən Fransanın nüfuzlu şirkətlərini Azərbaycana gəlməyə - müasirləşmə və məhsuldarlığın artırılması ilə bağlı layihələri həyata keçirmək üçün Azərbaycan hökuməti ilə işləməyə dəvət edirəm”.

Fransa şirkətlərinin Azərbaycana böyük marağını təmin edən faktor təkcə ölkəmizin malik olduğu yüksək iqtisadi potensial yox, Azərbaycanın güvənilən tərəfdaş, etibarlı iş ortağı olmasıdır. Azərbaycan Prezidentinin Fransa Sahibkarlar Təşkilatının üzvləri ilə görüşünün əsas nəticəsi də bu həqiqəti bir daha təsdiq etdi.

 

Rəşad CƏFƏRLİ,

“Azərbaycan”