05 May 2024 08:00
630
SİYASƏT
A- A+

Qlobal əməkdaşlığın Bakı platforması

 

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda bir daha dünyaya həmrəylik çağırışı edildi

 

Əlverişli coğrafi mövqeyi, regional və beynəlxalq nəqliyyat yollarının üstündə yerləşməsi, təbii resursları, iqtisadi və hərbi gücü ilə Cənubi Qafqazın lider dövləti hesab olunan Azərbaycan, həm də dünyada qlobal məsələlərin müzakirə olunduğu məkan kimi tanınır. Bunun da yeganə səbəbi son 20 ildə Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən Prezident İlham Əliyevin həyata keçirdiyi tam müstəqil siyasətdir. 
Hər il Azərbaycanda keçirilən qlobal forumlarda, konfranslarda dünyanı narahat edən problemlərin həlli yolları müzakirə edilir, mühüm qərarlar qəbul olunur. Yəni Azərbaycan təkliflərlə, təşəbbüslərlə çıxış edərək istənilən qlobal məsələnin həllinə öz töhfəsini verir. Bu da təbii ki, ölkəmizin beynəlxalq nüfuzunun daha da yüksəlməsini şərtləndirən reallıqlardır.
İlham Əliyevin sözünə və vədinə sadiqliyi, irəli sürdüyü qlobal təşəbbüsləri Azərbaycanın nüfuzunu və siyasi çəkisini gündən-günə artırmaqdadır. Bu gün dünyanın siyasi xəritəsində elə bir Azərbaycan var ki, onun dəstəyi olmadan, rəyi nəzərə alınmadan Cənubi Qafqazdakı hər hansı regional prosesləri müzakirə və həll etmək mümkün deyil. İstənilən mövzulu qlobal danışıqların aparıldığı platformalarda ölkəmiz mütləq təmsil olunur və əsas söz sahibi kimi çıxış edir. Buna görə də dünyanın aparıcı dövlətləri və təşkilatları Azərbaycanı regionun təhlükəsizlik zəmanəti adlandırırlar.
Bakıda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda  səslənən fikirlər də bunu bir daha təsdiqlədi. 110 ölkənin 700-dən artıq nümayəndəsi bu dəfə Bakıya "Sülh və qlobal təhlükəsizlik naminə dialoq" mövzusunda müzakirə aparmaq üçün toplaşmışdı. 
Öncə onu deyək ki, bu beynəlxalq qlobal forum Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılıb. Artıq neçə illərdir ki, Bakıda dünyanın müxtəlif mədəniyyətlərə aid din xadimləri bir araya toplaşaraq bəşəriyyəti narahat edən mühüm məsələlərin müzakirəsini aparırlar. Eyni zamanda həm Azərbaycan, həm də regionda baş verən proseslərə öz münasibətlərini bildirirlər. 
Tədbirin moderatoru, ABŞ-nin Corc Meyson Universitetinin Sülh və Münaqişələrin Həlli üzrə Cimmi və Rozalin Karter Məktəbinin dekanı, professor Alpaslan Özerdemin fikirlərindən də bəlli oldu ki, bu gün hər kəs dünyada sərhədləri aşan, məfkurələri keçən dərin çağırışların və fürsətlərlə səciyyələnən qlobal durumun şahididir. Bəşəriyyət iqlim dəyişmələri, pandemiya, terrorçuluq, kiber təhlükələr və geosiyasi gərginlik kimi mürəkkəb məsələlərlə üzləşir. Dünyanın beyin mərkəzləri, müxtəlif mədəniyyətlərə aid din xadimləri, mütəfəkkirlər bir araya gələrək bəşəriyyəti gözlənən qlobal təhdidlərdən azad etmək üçün yollar axtarıb tapmalıdırlar. Bunun üçün isə ilk növbədə sülh və həmrəylik nümayiş etdirilməlidir: "Əlbəttə ki, biz münaqişələri həll etməli və sülhü qurmalıyıq. 2011-ci ildə başladıqdan sonra məhz "Bakı Prosesi" bu məqsədi vacib tutub". 
Azərbaycan Prezidenti isə konkret olaraq dedi ki, forumda mədəniyyətlərarası dialoq, müxtəliflik, iqlim dəyişmələri, miqrasiya, sülh və təhlükəsizlik, postmünaqişə vəziyyəti, turizm, süni zəka haqqında müzakirələr aparılacaq. Dövlət başçısı əminliklə dedi ki, bu müzakirələr və o cümlədən forum zamanı irəli sürülən ideyalar bizə yanaşmaları formalaşdırmağa imkan verəcək, mədəniyyətlərarası dialoqu gücləndirəcək: "2019-cu ildə Bakıda görüşümüzdən sonra əfsuslar olsun ki, dünya təhlükəsiz olmayıb. Əfsuslar olsun ki, biz yeni münaqişələri, yeni qeyri-sabitlik məkanlarını və yeni təhdidləri görürük. Əminəm ki, hörmətli nümayəndələrdən ibarət auditoriya öz töhfəsini verəcək, ideyalar və yeni yanaşmalar formalaşacaq ki, qlobal gündəlikdə olan məsələlərə ən təxirəsalınmaz həll variantları tapılsın".
Ümumiyyətlə, bu beynəlxalq tədbir islam dünyası ilə Qərb sivilizasiyası və eləcə də digər mədəniyyətləri təmsil edən xalqlar arasında dialoqun və etimadın möhkəmləndirilməsində mühüm rol oynayır. Forumun bu gün bəşəriyyəti düşündürən və narahat edən çox vacib bir məsələyə - sülhə və təhlükəsizliyə həsr edilməsi təsadüfi deyil. Çünki dünyada baş verən müharibələr, qarşıdurmalar, yeni müharibə ocaqlarının yaradılmasına göstərilən cəhdlər sülhsevər insanları, dövlətləri ciddi düşünməyə və tədbirlər görməyə vadar edir. Azərbaycan da hər zaman sülh istəyən dövlət kimi belə xoş təşəbbüslərlə çıxış edərək dünyanı birliyə, həmrəyliyə səsləyir. Məhz bu amillər Azərbaycana qələbələr, uğurlar qazandırır.
Əminliklə söyləmək olar ki, VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycanın artan beynəlxalq nüfuzunun daha da yüksəlməsinə mühüm töhfə verəcək. Bakının beynəlxalq münasibətlər sisteminin aparıcı aktor kimi mövqelərinin möhkəmlənməsinə şərait yaradacaq. 
Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu milli sərhədləri aşan aktual qlobal problemlər üzrə vacib müzakirələr aparmaq üçün unikal və dəyərli platforma kimi qiymətləndirilir. 
Azərbaycan sözdə yox, əməlində sülhpərvər, tərəqqipərvər, fərqli dinlərə, təriqətlərə, millətlərə, fərqli siyasi baxışlara hörmətlə yanaşan ölkə olduğunu dəfələrlə sübut edib. Hər zaman dünyanın müxtəlif məkanlarında fərqli tribunalardan çıxış edən İlham Əliyev regionda sabitliyin, təhlükəsizliyin bərpa olunması üçün Azərbaycanın səylər göstərdiyini deyib və bütün bəşəriyyəti bu məsələyə diqqət göstərməyə çağırıb. Bunun ən bariz nümunəsi kimi, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın Cənubi Qafqazda sülh naminə atdığı addımları göstərmək olar.
Bir sözlə, Prezidenti İlham Əliyev tərəfindən 2008-ci ildə başlanmış, aparıcı beynəlxalq təşkilatların dəstəklədiyi "Bakı Prosesi" 250-dən artıq tədbirdə 180 ölkədən olan 10 mindən artıq iştirakçını salamlamış, bölgədə yeni mədəniyyətlərarası təşəbbüsləri ilhamlandırmışdı. Əsas məqsəd dialoq vasitəsilə sülhü təşviq etmək, qlobal təhlükəsizliyi gücləndirmək və əməkdaşlığı möhkəmləndirməkdir. 

Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video