05 May 2024 08:25
354
SİYASƏT
A- A+

Azərbaycanın təşəbbüsləri bəhrəsini verir

 

Cənubi Qafqazda davamlı sülhə geniş üfüqlər açılıb

 

"Azərbaycan sülhü müharibə vasitəsilə təmin etdi... Ötən ilin sentyabr ayında isə biz öz ərazi bütövlüyümüzü, suverenliyimizi tam şəkildə bərpa etdik. İndi isə biz münaqişədən sonrakı vəziyyətdəyik. Münaqişədən sonrakı vəziyyətə gəldikdə, bir daha deyirəm, Azərbaycan çox fəal çalışır, Azərbaycan məhz Ermənistana sülh sazişi ilə bağlı danışıqlara başlamaq təşəbbüsünü irəli sürdü. Azərbaycan məhz o ölkədir ki, baza prinsiplərini, hətta sülh sazişinin layihəsini hazırladı. İndi iki ölkə arasında danışıqlar gedir və bu danışıqlar bizim təkliflərin layihəsi üzərində aparılır".
Mayın 1-də Bakıda "Sülh və qlobal təhlükəsizlik naminə dialoq" mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində Prezident İlham Əliyevin bəyan etdiyi kimi, Azərbaycanın Vətən müharibəsində qazandığı qələbə və ardınca suverenliyini tam təmin etməsi, ümumilikdə Cənubi Qafqazda davamlı sülhə də geniş üfüqlər açıb. 
"Dəmir yuruq" 28 il idi ki, danışıqlar yolu ilə çətin düyünə düşmüş münaqişəni bir həmləsi ilə çözdü. Tarixə, beynəlxalq hüquqa, haqqa dayanan bu zəfəri ilə həm də  illərdir dünyada davam edən bu tip münaqişələrin həlli üçün mükəmməl nümunə ortaya qoydu. Sübut etdi ki, bəzən danışıqlar yolu ilə həll edilə bilinməyən problemləri güc yolu ilə yerinə yetirmək mühüm nəticələrə, normallaşmaya, sülhə gətirib çıxarır. 

 

Vasitəçiyə ehtiyac yoxdur

 

Elə bu ilin ilk dörd ayı ərzində Ermənistan ilə Azərbaycan arasında sülh istiqamətində atılan vacib addımlar buna bariz örnəklərdir. 
Vasitəçilərə ehtiyac görmədən iki ölkə dialoqlara başlayıb, razılaşmalar əldə edib. Fevralın 17-də Almaniyada Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyanın görüşü zamanı sülh gündəliyinin irəlilədilməsinə dair müsbət müzakirələr aparılıb. Ardınca fevralın 28-də Berlində Ermənistan ilə Azərbaycan arasında sülh sazişi layihəsini müzakirə etmək üçün iki ölkənin xarici işlər nazirləri arasında ikitərəfli görüş keçirilib. Qarşıda isə XİN başçılarının Qazaxıstanda görüşməsi planlaşdırılır. 
Birbaşa danışıqların aparılması sayəsində sülh sazişinin imzalanması ilə bağlı əyani müstəvidə də mühüm nəticələrə nail olunub. Belə ki, artıq sərhədlərin delimitasiyası və demarkasiyası prosesinə start verilib, sərhəd dirəklərinin quraşdırılmasına başlanılıb. Razılaşmaya əsasən, Qazax rayonunun işğal altında olan kəndləri - Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndləri azad edilir. 
Qeyri-anklav kəndlərin qeyd-şərtsiz qaytarılması məsələsini Prezident İlham Əliyev hələ 2020-ci ildə qaldırmış, ötən müddətdə mövzu daim gündəlikdə saxlanılmışdı. Əldə olunmuş razılıq delimitasiya istiqamətində atılan ilk addımdır və delimitasiyanın məhz bu istiqamətdən başlaması Azərbaycanın təkidi ilə olub. Tərəflər razılaşıblar ki, delimitasiya prosesində 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanacaqlar.
Azərbaycanın 4 kəndinin qaytarılması ilə bağlı iki ölkə arasında əldə olunan razılaşmadan dərhal sonra beynəlxalq ictimaiyyət tərəfindən bu addımı alqışlayan və bunun sülh prosesində mühüm addım kimi dəyərləndirildiyi əks olunan açıqlamalar gəldi. 
"İndi isə biz, əslində, müsbət tendensiyaya və sülhə doğru gedirik, sərhədlərin delimitasiyası başlayıb. Nəinki delimitasiyası, hətta demarkasiyası başlayıb", - deyə VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində dövlət başçısı da vurğuladı ki, bu, bir daha onu göstərir ki, bizə vasitəçi lazım deyil.

 

Bakının təşəbbüsü ilə...

 

Təəssüf ki, Azərbaycan ərazilərinin 20 faizinin işğal altında olması, həmin dövrdə Ermənistan tərəfindən talan edilməsi, viran qoyulması, xalqımızın etnik təmizləməyə, soyqırımlarına məruz qalması, bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün məhrumiyyətlərə düçar olması 1990-cı illərin əvvəllərindən ta 2020-ci il - Vətən müharibəsinə qədər beynəlxalq ictimaiyyəti bir dəfə də olsun narahat etməyib. 
Vasitəçi adı altında prosesdə iştirak edən ölkələr ikili standartlar nümayiş etdirərək Ermənistanın işğal siyasətini dəstəkləyib, məsələnin İrəvanın xeyrinə sonsuzadək dondurulmasına çalışıb. Bu mənfur planın həyata keçirilməsində neokolonialist siyasət həyata keçirən Fransanın xüsusi səyləri olub. 
Ötən müddətdə beynəlxalq ictimaiyyət tərəfindən BMT TŞ-nin qəbul etdiyi 4 qətnamənin yerinə yetirilməsi ilə bağlı hansısa təşəbbüs göstərilməyib. Azərbaycanın torpaqlarını güc yolu ilə azad etməsindən, suverenliyini bərpa etməsindən sonra ölkəmizə qarşı qarayaxma kampaniyasına start verən, bədnam qətnamələr qəbul edən Avropa Parlamenti kimi riyakar beynəlxalq qurumlar Ermənistana işğalçılıq siyasəti ilə bağlı hansısa sanksiyaların tətbiqindən, qətnamələrin qəbulundan dəm vurmayıb. 
Ancaq Azərbaycanın qazandığı qələbələr və ərazisində separatizmin kökünü kəsməsi sayəsində Cənubi Qafqazda yeni reallıqlar yaranıb. Bununla bölgədə münaqişələrdən uzaq, təhlükəsiz yaşam vəd edən sülh üçün münbit tarixi şərait formalaşıb. Postmünaqişə dövründə iki ölkə arasında sülhün əldə olunması üçün fəal iş həyata keçirən Bakı İrəvana təkmil sülh modeli təklif edib. 

 

Ermənistan da anlayır ki, başqa yol yoxdur

 

Başda Fransa Prezidenti Emmanuel Makron hökuməti olmaqla bəzi riyakar xarici qüvvələr bölgədə ayırıcı xətlər yaratmaq üçün ötən dövrdə Ermənistana siyasi, hərbi dəstək verərək müharibəyə qızışdırır və İrəvanı sülh prosesindən uzaqlaşdırırdı. Faktdır ki, Vətən müharibəsindən sonra iki ölkə arasında sülh sazişinin imzalanmamasının birinci baiskarı məhz Fransa olub. Emmanuel Makronun davamlı siyasi təxribatlar törədərək üçtərəfli görüşlərə mane olması da buna bariz nümunədir. Hər kəs xatırlayır, ötən il Qranada görüşündə Azərbaycanın iştirak etməməsi də məkrli Makronun təxribatının növbəti təzahürü idi. 
Bütün bunlara baxmayaraq, Bakı sülh gündəliyinə sadiq qaldı və bu istiqamətdə davamlı təşəbbüsləri, çevik diplomatik gedişləri ilə bölgə ilə bağlı mənfur planları olanları da, sözün əsl mənasında, tərk-silah etdi. Ermənistan da bir daha anladı ki, Bakının təklif etdiyi sülhdən başqa çıxış yolu yoxdur və bu, həm də onun dalan ölkə olmaqdan qurtuluşu deməkdir. 
Beynəlxalq forumda Prezident İlham Əliyev də vurğuladı ki, otuzillik toqquşmadan sonra Ermənistan da aydın şəkildə anlayır ki, biz Cənubi Qafqazda sülh istəyirik və sülh bu bölgədə yalnız Azərbaycanla Ermənistan arasında normallaşma vasitəsilə həll oluna bilər.

Yasəmən MUSAYEVA, 
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video