Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Argentina parlamentariləri Azərbaycan həqiqətləri barədə məlumatlandırılıblar

16 Mart 2017
Martın 16-da Milli Məclisin Azərbaycan-Argentina parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Argentina Senatının və Deputatlar Palatasının üzvləri ilə görüşüblər.

AZƏRTAC xəbər verir ki, görüşdə işçi qrupun rəhbəri Rüstəm Xəlilov ölkələrimiz arasında əlaqələrin inkişaf etdiyini bildirib. Qarşılıqlı səfərlər zamanı keçirilən görüşlərdə müxtəlif sahələrdə əməkdaşlıqla bağlı səmərəli müzakirələrin aparıldığını qeyd edən işçi qrupun rəhbəri əlaqələrin inkişafında dostluq qruplarının rolunu xüsusi qeyd edib. Argentinanın yüksək vəzifəli nümayəndələrinin Azərbaycanda keçirilən tədbirlərdə tez-tez iştirak etdiklərini vurğulayan R.Xəlilov belə səfərlərin münasibətlərin daha da dərinləşməsində mühüm rol oynadığını diqqətə çatdırıb.

Görüşdə qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verilib. Bildirilib ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində ərazimizin 20 faizi işğal edilib, bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. Bütün dünya bilir ki, Azərbaycan bu məsələni sülh yolu ilə həll etmək istəyir. Lakin Ermənistanın qeyri-konstruktiv mövqeyinə görə problem hələ də həllini tapmır.

Argentina Senatının üzvü Xulio Sezar Kobos ölkəmizə səfərindən məmnunluğunu bildirib. O, Azərbaycanda gördükləri inkişaf proseslərini təqdir etdiklərini vurğulayıb. Azərbaycanın söz sahibi olan nüfuzlu ölkələrdən biri olduğunu deyən Xulio Sezar Kobos ölkəmizin Latın Amerikası və Şərqi Avropa regionları arasında əlaqələrin dərinləşməsinə öz töhfəsini verə biləcəyini diqqətə çatdırıb.

Xulio Sezar Kobos Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə həllini tapacağına inandığını qeyd edib.