Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“SABAH” qruplarının on tələbəsinin təhsil haqqı bank tərəfindən ödəniləcək

14 Mart 2017

“SABAH” qruplarının tədrisdə yüksək nəticələr əldə etmiş on tələbəsinin birillik təhsil haqqı “Azər Türk Bank” tərəfindən ödəniləcək. Həmin tələbələr ölkəmizin beş fərqli universitetində üçüncü kursda təhsil alırlar.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, layihə “SABAH” Karyera Akademiyasının rəsmi tərəfdaşı olan “Azər Türk Bank”ın təşəbbüsü ilə həyata keçirilir.
Qeyd edək ki, “SABAH” Karyera Akademiyası ilk “SABAH” məzunlarının gələcək peşəkar inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi və bu sahədə tələbələrə dəstək verilməsi məqsədilə yaradılıb.

“SABAH” qrupları Təhsil Nazirliyinin təşəbbüsü ilə 2014-2015-ci tədris ilində yeddi ali təhsil müəssisəsində yaradılıb. “SABAH” layihəsinin əsas məqsədi ali təhsildə keyfiyyətin yüksəldilməsi, yeni və fərqli mühitin yaradılması, müasir tələblərə uyğun kadr hazırlığının təmin edilməsidir.

Hazırda “SABAH” qrupları 11 ali təhsil müəssisəsində fəaliyyət göstərməklə 45 ixtisas və 2300-dən artıq tələbəni əhatə edir. Bu tədris ilində 740-dan artıq “SABAH” tələbəsi məzun olacaq.