Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan artıq dünyanın etibar etdiyi beynəlxalq mədəniyyət mərkəzidir

19 Fevral 2017
 

Həmrəylik, birlik, qarşılıqlı anlaşma və hörmət olmayan yerdə multikultural münasibətlər bərqərar ola bilməz. Azərbaycanda multikultural dəyərlər və münasibətlər dünyaya örnək olacaq səviyyədə inkişaf edib. Təsadüfi deyil ki, ötən il “Multikulturalizm ili” elan olunmuşdu. Məhz sadalanan dəyərlər əsasında il boyu keçirilən geniş miqyaslı tədbirlər uğurla tarixə yazıldı. Şübhəsiz, bu aksiyalar onu görənlərin şüurunda müsbət iz buraxıb və təsirsiz ötüşməyib.  Ümidvarıq ki, “İslam həmrəyliyi ili” də bəşər tarixində müstəsna faydası ilə yadda qalacaq.

 Həmrəyliyin, birliyin rəhni, əlbəttə ki, ilk növbədə tolerantlıq, dözümdür. Bu baxımdan Azərbaycanın dini modeli timsalında təkcə islam həmrəyliyinə deyil, dünyada sülhə, əmin-amanlığa nail olmaq mümkündür. Yetər ki, ümumbəşəri dəyərlərə, yüksək insani fəzilətlərə istinad edilsin. İslam həmrəyliyi ilində təriqətçilikdən, dini ayrı-seçkilikdən imtina edib müsəlman ölkələrinin bir-biri, eləcə də dünyanın digər dövlətləri ilə əməkdaşlığa meyil göstərməsinə nail olmaq gərəkdir. Bunun üçün ilk növbədə mədəni, iqtisadi əlaqələri genişləndirmək və möhkəmləndirmək lazımdır. Şərq, müsəlman ölkələri qədim tarixə və fundamental mədəniyyətə malikdir. Bir sıra elmlərin, o cümlədən riyaziyyatın, astronomiyanın, kimyanın təməli məhz Şərqdə qoyulub. İslam dini də elmi fərz bilir, Quranın mənası “oxu, öyrən” deməkdir. İslam bizi ədalət, bərabərlik, humanizm, mənəvi dəyərlər əsasında inkişafa təhrik edir. Cəhalət, gerilik, mövhumat, tərkidünyalıq İslama yaddır.

Azərbaycanda elan olunmuş “İslam həmrəyliyi ili”ndə IV İslam Həmrəyliyi Oyunları beynəlxalq idman yarışlarının Bakıda keçirilməsinin də müstəsna əhəmiyyəti vardır.  İki il öncə ölkəmizin Avropa Oyunlarına evsahibliyi etməsinin, ardından eyni formatda IV İslam Həmrəyliyi Oyunları keçirməsi təkcə bizə göstərilən etimad deyil. Bu, dövlətimizin dünyəviliyinin göstəricisidir.  Azərbaycan artıq bütün dünyanın etibar etdiyi beynəlxalq mədəniyyət mərkəzidir. Bu status maddi imkanlar hesabına deyil, məhz Azərbaycan xalqının tolerantlığı, multikulturalizmi, sülhpərvərliyi, həyatsevərliyi və dövlətin yürütdüyü uğurlu siyasət sayəsində qazanılıb. İndi bu nailiyyətdən bəhrələnmək - istər müsəlman ölkələri, istərsə də qeyriləri ilə siyasi, iqtisadi, mədəni, idman əlaqə və əməkdaşlığını genişləndirmək üçün hər kəs əlindən gələni əsirgəməməlidir.

 

Şahbaba QƏNBƏROV,

Ağsu rayon sakini, müəllim