Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Bakı Hüquq Mərkəzi oxucuların suallarına cavab verir

19 Fevral 2017
 

Sual. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı) və mənzil-kommunal xidmətlərə görə ödənişlərin məbləği Nazirlər Kabinetinin 10.03.2000-ci il tarixli 40 saylı qərarı və Tarif Şurası tərəfindən müəyyən edilib.

Məlumdur ki, yeni tikilən çoxmənzilli yaşayış evləri sahibkarların yaratdığı müxtəlif MTK-lar tərəfindən inşa edilərək vətəndaşlara satılır. MTK-lar aylıq mənzil haqqını da öz istədikləri kimi müxtəlif məbləğlərdə (20-100 manat) müəyyən edirlər. Hətta istismara dövlət komissiyası tərəfindən qəbul edilmiş binalarda da belədir.

Bu halla əlaqədar bilmək istərdim: tikintisi sona çatmış və istismara dövlət qəbulu aktı olan, dövlət mənzil fonduna daxil edilmiş yeni yaşayış binalarındakı mənzillərə Nazirlər Kabinetinin 40 saylı qərarı və Tarif Şurasının müəyyən etdiyi ödəniş dərəcələri şamil olunmalıdırmı? Dövlət tərəfindən müəyyən edilmiş tariflərdən fərqli (artıq) məbləğdə mənzil haqqı alınması qanunidirmi?

Yeni binaların altında mənzil sahiblərinin maşınlarını saxlaması üçün qarajlar tikilir və sonradan onlar ayrılıqda mənzil alanlara əlavə dəyərə satılır. Qaraj mənzillə vahid tam yaradaraq onun tərkibinə daxil olan hissəsi kimi bir əmlak hesab edilməlidir?

 

A.BABAYEV

 

Cavab. Azərbaycan Respublikası Mənzil Məcəlləsi yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan yaşayış sahəsinə görə haqqın ödəmək vəzifəsi daşıdığını təsbit edir (maddə 135.2.4). Çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsinə görə ödənilməli haqq dedikdə isə çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq nəzərdə tutulur (maddə 136.2.1). Həmin haqqın miqdarı və ödənilmə qaydası ilə bağlı münasibətləri tənzimləyən göstərişlər məcəllənin digər maddələrində öz əksini tapmışdır (136.3, 137.4, 137.5, 137.7, 138.5 və s.).

İlk növbədə çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçiləri binanın idarə edilməsinin üsulu ilə bağlı razılığa gəlməli (maddə 141.1), bundan sonra yaşayış sahəsinə görə haqqın miqdarı və ödənilmə qaydası müəyyənləşdirilməlidir. Məsələn, əgər mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti yaratmışlarsa, bu cəmiyyətin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş miqdarda və qaydada ödəniş etməlidirlər (maddə 137.4, 138.5.). Çoxmənzilli bina bilavasitə mülkiyyətçilər tərəfindən idarə olunursa, onda, yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq ödəyirlər (maddə 137.7).

Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı) və mənzil-kommunal xidmətlərinə görə tariflərin təsdiq edilməsi haqqında” 2000-ci il 10 mart tarixli 40 nömrəli qərarı ilə bağlı iki önəmli məqamı nəzərə almaq lazımdır:

1. Qərar əsasən dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı) və mənzil-kommunal xidmətlərinə görə tariflərin müəyyənləşdirilməsinə yönəlib. Qərar qəbul olunan tarixdə qüvvədə olmuş 1982-ci il Azərbaycan Respublikası Mənzil Məcəlləsi ictimai mənzil fondu dedikdə, kolxozlara və başqa kooperativ təşkilatlarına, onların birliklərinə, həmkarlar ittifaqı təşkilatlarına və digər ictimai təşkilatlara məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələrini nəzərdə tuturdu (maddə 4). Hazırda qüvvədə olan Mənzil Məcəlləsi isə mülkiyyət formasına görə, 3 növ mənzil fondunu nəzərdə tutur: özəl, dövlət və bələdiyyə.

2. Dövlət mənzil-istismar və təmir-tikinti təşkilatları özəlləşdirilmiş mənzillərin (evlərin) mülkiyyətçiləri (mülkiyyətçilərin şirkətləri, digər birlikləri) ilə yalnız müqavilə əsasında bu evlərə (mənzillərə) xidmət göstərə bilərlər.

Bu səbəbdən qərarla müəyyənləşdirilmiş tariflərin yeni  yaşayış binalarındakı mənzillərə birbaşa şamil olunması, həmçinin  qarajın mənzillə vahid tam yaradaraq onun tərkibinə daxil edilməsi də mümkün deyil. Belə ki, Mənzil Məcəlləsinin 13.3-cü maddəsinə görə, bir və ya bir neçə otaqdan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət, çoxmənzilli binanın ümumi istifadədə olan sahələrinə birbaşa daxil olmaq imkanını təmin edən strukturca ayrıca sahəsi mənzil hesab edilir. Təcrübədə qarajlarla bağlı məsələlər tərəflər arasında bağlanmış müqavilələrlə tənzimlənir.

 

Cavablandırdı:

Dünyamin NOVRUZOV,

Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi