Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Mikola Qnatovski: Azərbaycan ilə əməkdaşlıq Avropa Komitəsi üçün prioritetdir

17 Fevral 2017
Fevralın 17-də ədliyyə naziri Fikrət Məmmədov Azərbaycanda səfərdə olan İşgəncələrin qarşısının alınması üzrə Avropa Komitəsinin (CPT) prezidenti Mikola Qnatovski və Komitənin digər təmsilçiləri ilə görüşüb.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Avropa Şurası və onun struktur qurumları ilə səmərəli əməkdaşlığı vurğulayan nazir Prezident İlham Əliyevin rəhbərliyi ilə ədliyyə orqanlarının inkişafı çərçivəsində penitensiar sistemdə aparılan islahatlar, o cümlədən CPT-nin tövsiyələri nəzərə alınmaqla qanunvericiliyin təkmilləşdirilməsi, təqsirləndirilən şəxslərin və məhkumların hüquq və imtiyazlarının genişləndirilməsi, infrastrukturun müasirləşdirilməsi, saxlanma şəraitinin və tibbi təminatın yaxşılaşdırılması barədə məlumat verib.

Dövlətimizin başçısı tərəfindən bu günlərdə cəza siyasətinin humanistləşdirilməsinə dair yeni proqram xarakterli Sərəncamın imzalandığını diqqətə çatdıran nazir bu mühüm sənədin müstəsna əhəmiyyətini qeyd edərək penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi üzrə strateji prioritetləri müəyyənləşdirdiyini və artıq onun icrasına başlanıldığını vurğulayıb. Bildirilib ki, Sərəncama əsasən cəza-icra qanunvericiliyinin təkmilləşdirilməsi, cinayətlərin dekriminallaşdırılması, cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəzaların səmərəliliyinin artırılması, o cümlədən Probasiya xidmətinin yaradılması, elektron nəzarət vasitələrinin tətbiqi və digər kompleks tədbirlərin görülməsi nəzərdə tutulur.

Azərbaycan ilə əməkdaşlığın Avropa Komitəsi üçün prioritet olduğunu qeyd edən M.Qnatovski qarşılıqlı fəaliyyətin genişləndirilməsi ilə bağlı niyyətini ifadə edib. O, Azərbaycan Prezidentinin Sərəncamı ilə tanış olduğunu söyləyərək sənədi yeni cəza siyasətinin əsas təməl daşı kimi dəyərləndirib, onun mahiyyətinin Komitənin məqsədləri ilə üst-üstə düşdüyünü, penitensiar sistemin daha da təkmilləşməsinə, məhkumların hüquqlarının etibarlı qorunmasına xidmət edəcəyini vurğulayıb.

CPT prezidenti Komitənin Azərbaycan ilə bağlı hesabatına toxunaraq əsas tərəfdaş olan Ədliyyə Nazirliyi ilə səmərəli qarşılıqlı fəaliyyəti, CPT-nin ötənilki monitorinqi zamanı verdiyi tövsiyələrin icrasına çevik reaksiya verilməsini və aşkar olunan çatışmazlıqların qısa müddətdə aradan qaldırılmasını müsbət qiymətləndirib.

Görüşdə, həmçinin həllini gözləyən problemlərə toxunulub, müəyyən təkliflər irəli sürülüb və qarşılıqlı maraq doğuran məsələlər ətrafında faydalı fikir mübadiləsi aparılıb.

Qonaqlar nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olublar.