Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan Prezidenti: Aprel döyüşləri bizim parlaq qələbəmizdir

11 Yanvar 2017
Aprel döyüşləri bizim şanlı tariximizdir, böyük qələbəmizdir. Biz hərbçilərimizlə fəxr edirik. Bu döyüşlər zamanı Azərbaycan xalqı bir daha öz birliyini nümayiş etdirmişdir. Beləliklə, hesab edirəm ki, 2016-cı il münaqişənin həlli ilə bağlı çox önəmli il olmuşdur.

AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında söyləyib.

Aprel döyüşləri zamanı Ermənistanın təşviş içində olduğunu, vasitəçilərdən döyüşlərin tezliklə başa çatması ilə bağlı xahiş etdiyini, danışıqlar prosesinə qayıtmağa hazır olduğunu bildirdiyini vurğulayan Prezident İlham Əliyev qeyd edib ki, onlar, həmçinin müxtəlif beynəlxalq təşkilatlara, o cümlədən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət ediblər. Baxmayaraq ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının bu məsələ ilə heç bir əlaqəsi yoxdur. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına bu vaxta qədər rəhbərlik etmiş şəxslər sadəcə olaraq, böyük siyasi səhv buraxaraq ermənipərəst mövqe və qəbuledilməz fikirlər ifadə etmişlər. İndi biz hamımız onların aqibətinin necə olduğunu yaxşı bilirik.

Prezident İlham Əliyev deyib: “Aprel döyüşləri həm bizim parlaq qələbəmizdir, həm bir daha Azərbaycan dövlətinin gücünü göstərdi, həm də bir daha göstərdi ki, biz heç vaxt bu vəziyyətlə barışmayacağıq. Biz bütün təxribatlara layiqli cavab verəcəyik. Eyni zamanda, illər boyu Ermənistan tərəfindən yaradılmış mif tamamilə darmadağın edildi. Xaricdən silahlar, pullar, digər yardımlar olmasa, onlar bir həftə ərzində bizim qabağımızda duruş gətirə bilməzlər. Bunu özləri də etiraf edirlər. Biz bunu çoxdan bilirdik”.

Dövlətimizin başçısı bildirib ki, biz həmişə olduğu kimi, konstruktiv mövqe tuturuq, haqq-ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq normaları da həmçinin. Tarixi həqiqət də bizim mövqeyimizi möhkəmləndirir. Hərbi güc də, iqtisadi potensial da, siyasi nüfuz da bizdədir. Yəni, biz məsələni istədiyimiz kimi həll edəcəyik. Bizim istəyimiz ölkəmizin ərazi bütövlüyünü bərpa etmək, işğal altında olan bütün torpaqlarda Azərbaycan bayrağını qaldırmaqdır. Budur, bizim məqsədimiz və biz bu məqsədə doğru irəliləyirik. Aprel döyüşləri bu istiqamətdə çox önəmli tarixi addım olmuşdur.