Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Rüfətə inanır, ondan qələbələr gözləyirik

06 Yanvar 2017
 

Respublikamızda aparılan uğurlu idman siyasəti Ağdaş rayonunda müxtəlif idman növlərinə marağı  artırıb.  Yeniyetmə və gənclər idmanla daha ciddi məşğul olmağa başlayıblar. Hədəfləri də zirvələr - ölkə, qitə, dünya və olimpiya çempionu olmaqdır. Rüfət Nəbiyev də onların sırasındadır.

2001-ci ildə Bakı şəhərində anadan olsa da, sonradan ailəsi ilə birlikdə Ağdaşa köçüb. Təhsilinə Ləki qəsəbə 6 saylı tam orta məktəbdə başlayıb. Hazırda bu məktəbin 10-cu sinif şagirdidir.  İdmanın boks növü üzrə birinci sinifdən məşğuldur.  Səylə çalışır, çətinlikdən qorxmur. 13 yaşında  boks üzrə respublika çempionu olub. Həmin il milli komandaya üzv seçilib. 

Rüfət zəhmətsevərliyi ilə uğura doğru addımlayan və son nəticədə məqsədinə yetməyi bacaran gənclərdəndir. Elə bu səbəbdən də iştirak etdiyi bütün yarışlarda mükafatçılar sırasında - ilk üçlükdə yer tutub. Bu, 52 kiloqram çəkidə döyüşdüyü zaman da belə olub, sonradan 60, hazırda 66 kiloqram çəkidə çıxanda da. Azərbaycan və  Bakı şəhər birinciliklərində, yeniyetmələr arasında 14-cü beynəlxalq Heydər Əliyev kuboku yarışında, 2001-2002-ci il təvəllüdlü yeniyetmələrin boks üzrə respublika turnirində fəxri kürsüyə qalxmağı bacarıb. 

Sevindirici haldır ki,  Rüfət Nəbiyev öz üzərində müntəzəm çalışır və idman karyerasını davam etdirmək niyyətindədir. Əminik ki, o, gələcəkdə ən mötəbər beynəlxaq yarışlarda üçrəngli bayrağımızı zirvələrə qaldıracaq.

 

Murad ALXASOV,

Ağdaş şəhər sakini