|
Dünyanın nadir etnik qrupu - Azərbaycan cekliləri
çap versiyası
Azərbaycan Respublikası etnik tərkibinin zənginliyinə görə dünya dövlətlərinin böyük əksəriyyətindən əhəmiyyətli dərəcədə fərqlənir. Respublikamızda irili-xırdalı onlarca xalqın, etnik qrupun nümayəndələri yaşayır. Onlardan biri Böyük Qafqazın Şahdağ platosu boyunca məskən saldıqları üçün "Şahdağ qrupu" kimi fərqləndirilən, sayca azlıq təşkil edən ceklilərdir. Əsrlər boyu Quba-Xaçmaz bölgəsində məskunlaşan və Azərbaycanda aborigen xalqlardan sayılan, qədim alban tayfalarından biri olan ceklilərin tarixi məskənləri və mərkəzi iqamətgahları Quba rayonunun Cek kəndidir. Çox qədim tarixə malik yaşayış məskəni olan Cek kəndi Quba şəhərinin 35 kilometr cənub-qərbində, dəniz səviyyəsindən 1643 metr yüksəklikdə, Qudyalçayın sahilində yerləşir. Kənd əhalisinin yaşayış sahəsi təqribən 7 kilometrlik radiusu əhatə edir. Şimaldan Qrız, cənubdan Əlik, şərqdən Yergüc, qərbdən isə Qalayxudat kəndləri ilə əhatə olunub. SSRİ dövründə Əlik, Haput, Qrız, Qrızdəhnə kəndləri ilə birlikdə Əlik kənd sovetliyinin tərkibində olan Cek kəndi hazırda Əlik və Haput kəndləri ilə birlikdə Əlik bələdiyyəsinin tərkibindədir. Kənd ərazisində 25-dən çox ziyarətgah, o cümlədən atəşpərəstliyin izlərini özündə əks etdirən Atəşgah və min ildən də artıq yaşı olan "Əbu Müslüm" məscidi yerləşir. Bu yerlərin İslam dininə möhkəm bağlılığından soraq verən "Əbu Müslüm" məscidinin inşaolunma dövrü, çox güman ki, VIII əsrdə Şirvanı və Dağıstanı işğal edərək İslamı yayan xəlifə Validin qardaşı Əbu Müslümün hakimiyyət illərinə və yaxud bir qədər ondan sonraya təsadüf edir. Ceklilər 2 dildə - dialektlərə bölünməyən və yalnız ceklilərə məxsus olan vahid cek və azərbaycan dillərində danışırlar. Bu xüsusiyyətlərinə görə ceklilər dünyanın ən nadir etnik qruplarından biridir. Qafqaz dillərinin Dağıstan qrupuna aid edilən cek dili daha çox qrız, əlik, haput, buduq dillərinə və qismən də ləzgi dilinə yaxındır. Qeyd edim ki, azərbaycan dilində olan bəzi sözlər cek dilində də eyni məna kəsb edir. Müasir dövrdə tədricən silinməkdə olan dillər sırasına daxil edilən bu dilin gediş-gəlişi çətin olan ucqar Cek kəndində indiyə kimi mövcudluğunu qoruyub saxlamasının əsas səbəbi cek dilinin başqa dillərin təsirinə çox az məruz qalması olmuşdur. Lakin son zamanlar bu dildə gedən güclü dəyişikliklərə əsaslanaraq gələcəkdə onun canlı dillər sırasından çıxacağını ehtimal etmək olar. Məhz buna görə də bu dilin quruluşunu qeydə almağa, hərtərəfli öyrənməyə çox böyük ehtiyac var. Heç bir əlifbaya malik olmasa da, ceklilər bu dildə yazıdan da istifadə ediblər və indinin özündə də istifadə edirlər. Lakin onlar bu zaman əvvəllər ərəb əlifbasından istifadə edirdilərsə, hal-hazırda yaşlı nəsil daha çox Kirill, gənc nəsil isə latın əlifbasından istifadə edir. Cek dili barədə bizə məlum olan ilk məlumat R.Erkertin 1895-ci ildə Vyanada çap olunmuş əsərində verilmişdir. İki hissəli həmin əsərin I hissəsində 545 sözün Qafqaz dillərində səslənməsi əks olunmuşdur. Müəllif Qafqazda yaşayan 30 xalqın dilindən, o cümlədən buduq, xınalıq, cek dillərindən (qrız və haput dilləri verilmir) istifadə edərək maraqlı lüğət tərtib etmişdir. Belə ki, hər hansı söz başlıqda alman, ingilis və fransız dillərində göstərilir və sonra Qafqazdakı 30 dildə onun qarşılığı verilir. Cek dili hər yerdə 18-ci qrafada (buduq-17-də, xınalıq 19-da) əks olunur. Ceklilərin adət və ənənələri daha çox oğuz türklərinin adət-ənənələri ilə yaxındır. Tarixən köçmə həyat tərzi keçirən ceklilərin əsas məşğuliyyəti heyvandarlıq, əkinçilik və toxuculuq olmuşdur. Kişilər əsasən qoyunçuluqla, qadınlar yundan müxtəlif məmulatlar - xalça, palaz, kilim, corab, şal toxumaqla məşğul olurdular. Cek kəndi Quba xalçalarının ən parlaq kompozisiyalarından biri olan "Cek" xalçalarının mərkəzləşmiş məntəqəsi hesab olunur. "Cek" xalçaları Azərbaycan xalçalarının Quba-Şirvan tipinin Quba qrupunun dağlıq hissəsinə aid edilir. Lakin ötən əsrdə ceklilərin kütləvi halda kəndi tərk edərək aran ərazilərə axışması onların məşğuliyyətinin də xeyli dəyişməsinə səbəb olmuşdur. Cek kəndində məskunlaşmış ceklilərin böyük əksəriyyəti yalnız heyvandarlıqla məşğul olur. Lakin vaxtilə əkin yerləri olmuş dağ yamaclarından ibarət bu ərazilər uzun illər qaramalın, qoyun-quzuların bir sahədə otarılması nəticəsində orta və şiddətli dərəcədə sel və külək eroziyasına məruz qalmışdır. Uzun illər əkilmədiyi üçün hazırda buralarda heyvandarlığı inkişaf etdirmək çətinləşmişdir. Yaylaqların otvermə qabiliyyəti ilbəil azalmışdır. Bu gün digər yaşayış yerlərimiz kimi, Cek kəndinin də siması xeyli dəyişib. Kəndin əlverişli coğrafi mövqeyi, xüsusilə də son illər Azərbaycanın iqtisadi inkişafının sürətlənməsi bu regionda turizmin inkişafına doğru ilk addımların atılmasına səbəb olmuşdur. Bu amil ceklilərdə də turizm sektoruna böyük maraq yaratmışdır. Əsl səyahət, istirahət, turizm məskəni olan Cek kəndinin əhalisinin əvvəllər rayon mərkəzi ilə, aşağı kəndlərlə əlaqəsi payız-qış vaxtı tamamilə kəsilir, yaz-yay aylarında isə çox çətinliklə mümkün olurdu. Hələ XX əsrin səksəninci illərinin ikinci yarısında Quba-Qəçrəş-Qrızdəhnə-Xınalıq avtomobil yolunun çəkilməsinə başlanılsa da, yol inşaatçıları ötən müddətdə hər iki istiqamətdə hərəkət edərək Qrızdəhnə kəndi ilə Cek kəndləri arasında dayanmışdılar. Bu aradakı qayalar partladıldıqdan sonra iş davam etdiriləcəkdi. Amma maliyyələşdirmə və texnika ilə təminat olmadığından eləcə də qaldı. Lakin ötən il Quba-İspik-Xınalıq adlanan bu avtomobil yolunun tikintisi Prezident İlham Əliyevin göstərişi ilə başa çatmışdır. Dövlətimizin başçısı ötən il oktyabrın 7-də Quba-İspik-Xınalıq avtomobil yolunun istifadəyə verilməsi mərasimində iştirak etmişdir. Yolun ümumi uzunluğu 57 kilometr, eni çətin sahələrdə 5-6, qalan yerlərdə isə 8-10 metrdir. 1,2 milyon kubmetr torpaq, qazma, partlayış işləri görülmüşdür. 45 min ton asfalt döşənmiş, 9 ədəd yeni körpü tikilmiş, 39 ədəd suötürücü boru quraşdırılmış, təhlükəsizlik bəndləri tikilmişdir. Qəçrəş-Qımılqazma-Qrızdəhnə-Əlik-Cek-Xınalıq istiqamətində çəkilmiş yolun inşasında 270-dən çox müxtəlif texnikadan istifadə olunmuş, ümumilikdə 14 milyon manat vəsait xərclənmişdir. Yolun tikintisində min nəfərə qədər işçi çalışmışdır. Ötən ilin əvvəllərində YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun həyata keçirdiyi "Yeniləşən Azərbaycana yeni məktəb" proqramına əsasən Cek kəndində hələ 1928-ci ildə yaradılmış məktəbin son illərdə tamamilə yararsız vəziyyətə düşmüş binası yenidən inşa edilərək istifadəyə verilmişdir. Bu, ceklilərin elmi potensiallarının daha da artmasında, təhsil səviyyələrinin yüksəldilməsində çox əhəmiyyətli rola malik olacaqdır. Şahdağ yaylası boyunca məskən salan əhali üçün xeyli uğurlu olan 2006-cı ilin son rübündə ölkə Prezidentinin Quba rayonunun Xınalıq kəndində və Quba-Xınalıq yolu üstündəki kəndlərdə mövcud sosial problemlərin həll edilməsi barədə tapşırıqlarına uyğun olaraq rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Xınalığa və ətraf kəndlərə gəlmiş, kənd sakinləri ilə görüşüb söhbət etmiş, yüksək dağlıq ərazidə yerləşən bu yaşayış məntəqələrinin problemləri ilə maraqlanmışdır. Bundan sonra dağ kəndlərinin bir sıra problemlərini həll etmək məqsədilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində tədbirlər planı hazırlanmış və qısa müddətdə həyata keçirilmişdir. Bir ay müddətində nazirlik Xınalıq kəndində konteyner formasında olmaqla 128, Əlik kəndində isə 64 nömrəlik elektron ATS-lərin quraşdırılmasını, yeni ATS-lərin keyfiyyətli işini təmin etmək üçün Söhüb və Əlik kəndləri arasında 10 kilometrlik, Əlik və Xınalıq kəndləri arasında 16 kilometrlik fiberoptik kabel xətlərinin çəkilişini, Qrız kəndinə 4 ədəd, Qrızdəhnə kəndinə 8 ədəd peykdən qəbul üsulu ilə işləyən telefonun verilməsini, Bostankeş yaşayış məntəqəsinə, Cek, Haput, Qalayxudat kəndlərinə telefon çəkilişini, Əlik kəndində yeni televiziya stansiyasının və FM vericisinin quraşdırılmasını, sakinlərin müraciətlərinə əsasən Xınalıq kəndində Az.TV və İTV-dən başqa "Lider" TV-nin də yayımını, Xınalıq kəndində və Xınalıq yolu üstündəki kəndlərdə "Azercell" mobil telefon rabitəsinin yayılmasını təmin etmişdir.
Tərxan PAŞAZADƏ, tədqiqatçı
Geri qayıtmaq
|