14 Mart 2026 08:20
143
İQTİSADİYYAT
A- A+
Zəngəzur dəhlizinin açılması Orta dəhliz üzərindən əlavə 15 milyon ton yükün daşınmasına imkan verəcək

Zəngəzur dəhlizinin açılması Orta dəhliz üzərindən əlavə 15 milyon ton yükün daşınmasına imkan verəcək


Bu da hər il ölkəmiz üçün 3 milyard dollar qazanc deməkdir


Bu gün dünyada baş verən gərgin geosiyasi vəziyyət, o cümlədən Rusiya-Ukrayna müharibəsi və Qırmızı dəniz-Süveyş kanalı boyunca yaranan hərbi münaqişələr iki ənənəvi qlobal ticarət marşrutlarını iflic vəziyyətə salıb. O səbəbdən hazırda Orta dəhliz beynəlxalq aləmdə təhlükəsiz və iqtisadi cəhətdən səmərəli yeganə marşrut kimi qəbul olunur.

Əvvəllər bu dəhlizin fəaliyyətində ən çox maraq göstərən tərəf Çin idi. İndi Avropada da dəhlizə olan maraq son dərəcə artıb. Səbəbi bəllidir: Rusiya-Ukrayna müharibəsi üzündən Asiya ilə Avropa arasında mühüm ticarət dəhlizinin nə vaxt fəaliyyət göstərəcəyi və Cənub marşrutunda təhlükənin nə vaxt bitəcəyi məlum deyil. Üstəlik, ABŞ-İsrail-İran müharibəsi qlobal logistikada yeni problemlər yaradıb.

Bunların fonunda Prezident İlham Əliyevlə Avropa İttifaqı Şurasının prezidenti Antonio Koştanın Bakıda birgə mətbuat üçün imzaladıqları bəyanatın 8-ci bəndində bəyan etdikləri mövqe təsadüfi deyil: "Prezidentlər Azərbaycanın regional daşımalarda, xüsusilə də Orta dəhliz vasitəsilə Qara dəniz, Cənubi Qafqaz və Mərkəzi Asiya arasında nəqliyyat, ticarət, enerji və rəqəmsallaşma sahələrində əlaqələrin gücləndirilməsində oynadığı aparıcı rolu vurğulayıblar. Avropa İttifaqı "Qlobal Qapı" çərçivəsində daşımalar, digər müvafiq mexanizmlər, o cümlədən Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasında dəmir yolunun müasirləşdirilməsinə dəstək, həmçinin TRIPP-ın icrası üzrə davam edən səylərlə bağlı Azərbaycanla əməkdaşlığa sadiqliyini bir daha təsdiqləyib. Onlar "Qlobal Qapı" təşəbbüsü çərçivəsində Azərbaycan-Aİ iqtisadi əməkdaşlığını və sərmayələrini gücləndirmək üçün İqtisadi Əməkdaşlıq üzrə Yüksəksəviyyəli İşçi Qrupunun yaradılmasını alqışlayıblar".

Orta dəhlizə olan marağın artmasına səbəb olan amillərdən biri də Zəngəzur dəhlizinin (TRIPP) açılması barədə Vaşinqtonda Ermənistanla Azərbaycan arasında sənədin imzalanmasıdır. Artıq bu gün hamı qəbul edir ki, Orta dəhlizdə mühüm seqmentinə çevriləcək Zəngəzur dəhlizi yüklərin fasiləsiz və daha qısa marşrutla daşınmasında önəmli rol oynayacaq.

Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov bildirir ki, Orta dəhliz üzərindən daşınan yüklərin 10-15 faizinin Zəngəzur dəhlizindən keçəcəyi halda ölkəmiz yaxın gələcəkdə ildə 3 milyard dollar tranzit gəlir əldə etmək imkanı qazanacaq. V.Bayramov bunu ABŞ və İsrailin İrana qarşı müharibəyə başladıqdan sonra regionda geosiyasi təhdidlərin daha da artması ilə əlaqələndirib: "Bölgədəki yeni düzən Azərbaycan və Ermənistan arasında nəqliyyat və eləcə də iqtisadi əlaqələrin yenidən bərpasını daha da aktuallaşdırıb. İki ölkə arasındakı münasibətlərdə mühüm məqamlardan biri də Zəngəzur dəhlizinin istifadəyə verilməsidir. Dəhlizin bir elementi olacaq "Beynəlxalq Sülh və Rifah Naminə Tramp Marşrutu"nun (TRIPP) inşası Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında quru nəqliyyatının bərpasına imkan verəcək".

Deputat həmçinin onu da bildirib ki, 15 milyon ton ötürmə potensialı olacaq Zəngəzur dəhlizi eyni zamanda regionun inkişafına xüsusi töhfə verəcək: "Yaxın gələcəkdə Orta dəhlizin mühüm seqmentinə çevriləcək Zəngəzur dəhlizi Azərbaycanın geosiyasi mövqeyinin daha da möhkəmlənməsinə xidmət etməklə yanaşı, region dövlətlərinin gəlirlərinin artmasına da imkan yaradacaq. Qitələr arasındakı ticarət dövriyyəsinin 200 milyard dollar artacağı gözlənilir". 

"Orta və Zəngəzur dəhlizləri əməkdaşlıq üçün yeni imkanlar açır. Regional əməkdaşlıqlar təkcə iqtisadi deyil, regionlar, cəmiyyətlər arasında körpü deməkdir" - bunu isə Türk Dövlətləri Təşkilatı (TDT) Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım XIII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edərkən deyib. Qonaq dünyada münaqişələr fonunda baş verən prosesləri belə qiymətləndirib: "Son qlobal proseslər göstərir ki, Orta dəhliz, Zəngəzur dəhlizi kimi alternativ əlaqələrin əhəmiyyəti danılmazdır, əməkdaşlıq üçün yeni imkanlar açır". Binəli Yıldırım həmçinin bildirib ki, ABŞ-nin İranla münaqişəsi logistika əlaqələrinə mənfi təsir edir, ona görə şaxələndirilmiş və əhatəli nəqliyyat dəhlizlərinin getdikcə iqtisadi əhəmiyyəti artır: "Hazırda Çinlə Avropa arasında ticarət dövriyyəsi 800 milyard dollardan artıqdır. Demək olar ki, illik 1 trilyon dollara çatır. Ona görə də Orta dəhlizin əhəmiyyəti beynəlxalq səviyyədə getdikcə artır".


Rüstəm KAMAL,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!