14 Mart 2026 08:17
143
SİYASƏT
A- A+
Azərbaycanda dövlət çevrilişinə cəhdin "dəfn"indən 31 il ötür

Azərbaycanda dövlət çevrilişinə cəhdin "dəfn"indən 31 il ötür


Dövlətimizə və dövlətçiliyimizə qarşı çevriliş cəhdindən 31 il keçir. 1995-ci il martın 12-dən 13-nə keçən gecə Qazax rayonunun Xüsusi Təyinatlı Polis Dəstəsinin bölmələri Müdafiə Nazirliyinin həmin ərazidəki hərbi hissələrindən birinə silahlı basqın edərək 5 zirehli texnikanı ələ keçirdilər. Bununla onlar Mahir və Rövşən Cavadov qardaşlarının tapşırıqlarını yerinə yetirərək Qazax və Ağstafada, həmçinin ətraf bölgələrdə Azərbaycanın qanuni hakimiyyətinə qarşı qanunsuz addımlar atmış oldular.

Hərbi hissədə ələ keçirdikləri zirehli texnikalarla kifayətlənməyən qara qüvvələr XTPD əməkdaşlarının rəhbərliyi ilə həmin gecə əksəriyyəti maska taxmış 200-300 silahlı şəxs 4 hərbi texnika ilə Qazax Rayon Polis Şöbəsinə hücum etdilər. Şöbəyə məxsus 217 avtomat, 217 tapança, 18 qumbaraatan və digər hərbi ləvazimatlar götürərək poçt və rayon icra hakimiyyətinin inzibati binasını tutdular. Daha sonra qonşu Ağstafa Rayon Polis Şöbəsinə basqın edərək şöbəyə məxsus 35 avtomat, 52 tapança, 2 qumbaraatan, 1 pulemyot və digər sursatlar ələ keçirdilər. XTPD-nin bir qrup silahlı əməkdaşı Bakı-Qazax yolunun Tovuz rayonunun sərhədində yerləşən yol nəzarət məntəqəsinə hücum edərək polis şöbəsinin əməkdaşlarından zorla 8 avtomat və 2 tapança götürdülər. 

Quldur dəstə Müdafiə Nazirliyinin Tovuzda yerləşən hərbi hissəsinə də silahlı basqın edərək buradakı əsgərləri sıralarına qoşub qüvvələrini artırmağa çalışdılar. Amma ciddi müqavimətlə üzləşdiklərinə görə niyyətləri baş tutmadı. Hərbi hissənin şəxsi heyəti cinayətkarların hücumlarını qətiyyətlə dəf etdi. Qısa müddət davam edən döyüş nəticəsində hökumət qoşunları quldurlardan əvvəllər ələ keçirilmiş zirehli texnikaları geri aldı, üstəlik, basqınçıları "Cavanşir" restoranının yaxınlığında tutduqları mövqedən qovub çıxardılar. Ulu Öndərin atdığı qətiyyətli addımlar, hüquq-mühafizə orqanlarının gördüyü operativ tədbirlər nəticəsində hər iki rayonda dövlət orqanlarının fəaliyyəti bərpa olundu. Ardınca daxili işlər nazirinin 14 mart 1995-ci il tarixli əmri ilə Xüsusi Təyinatlı Polis Dəstəsi ləğv edildi.

Ölkəmiz üçün gərgin olan həmin günlər, daha dəqiq, 1995-ci il martın 15-də Prezident Heydər Əliyev xalqa müraciət etdi. Dövlət başçısı müraciətində Surət Hüseynovun, Rövşən və Mahir Cavadov qardaşlarının, onlarla əlbir olan radikal müxalifət nümayəndələrinin dövlət çevrilişi cəhdini pisləyərək qanunsuz silahlı qruplaşmalara cinayət əməllərindən əl çəkmələri barədə xəbərdarlıq etdi. Prezident  Cavadov qardaşlarının ataları ilə də söhbət apardı, ona övladlarını vətəndaş müharibəsi və silahlı qarşıdurma yaratmaqdan çəkindirməyi tövsiyə etdi.

Təəssüflər olsun ki, Qazaxda və Ağstafada baş vermiş qanlı hadisədən bir neçə gün sonra - martın 16-17-də Rövşən Cavadovun rəhbərliyi ilə cinayətkar dəstə bu dəfə ölkənin paytaxtı Bakıda dövlət çevrilişinə cəhd etdi. Halbuki 2 gün öncə XTPD-nin buraxılması və onun üzvlərinin 3 gün ərzində silahı təhvil vermələri barədə əmr imzalanmışdı. Ancaq buraxılmış dəstənin başçısı Rövşən Cavadov və qardaşı Mahir Cavadov əmrə tabe olmadılar.

Hadisələrin gərgin gedişindən hiss olunurdu ki, dövlət çevrilişinə cəhd edən Rövşən Cavadov və onun ətrafı hakimiyyəti silah gücünə ələ keçirməkdə israrlıdır. Onlar dövlət başçısını, ağsaqqalları, ziyalıları, hətta yaşlı atalarını belə eşitmək istəmirlər. R.Cavadovun iddiası çox böyük idi. O, dövlət başçısı olmaq istəyirdi. Həmin günlər cəmiyyətdə dövlət çevrilişinə cəhd göstərənlərə qarşı qəzəb və nifrət yaranmışdı. Xalq israrla dövlət başçısından xəyanətkar və cinayətkar qüvvələrin zorakı əməllərinə, çirkin niyyətlərinə son qoyulmasını tələb edirdi. Təbii ki, böyük dövlətçilik təcrübəsi olan Heydər Əliyev xalqın bu tələbinə biganə qala bilməzdi. Ulu Öndərin müdrikliyi, uzaqgörən siyasəti nəticəsində müstəqilliyimizin itirilməsinə hesablanmış qəsdin qarşısı qətiyyətlə alındı. 

Ümummilli Liderin dövlət çevrilişinə cəhdin qarşısını qətiyyətlə alması Azərbaycan xalqının işıqlı sabaha, xoş gələcəyə olan ümidlərini daha da artırdı. Az müddət ərzində ölkədə ictimai-siyasi sabitlik bərqərar edildi, həyat öz normal axarına düşdü. Ulu Öndər Heydər Əliyev dünyanın güclü dövlətlərinin rəhbərləri, nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri, işgüzar dairələrlə yüksəksəviyyəli rəsmi görüşlər keçirdi, danışıqlar apardı. Bu görüş və danışıqlarda Azərbaycan həqiqətlərini, dövlətimizin mövqeyini dünyaya çatdırdı. Zaman keçdikcə dünyanın ölkəmizə diqqət və marağı daha da artdı, Azərbaycanın siyasi-iqtisadi əlaqələri və coğrafiyası genişləndi, dünyanın aparıcı dövlətləri və nüfuzlu beynəlxalq təşkilatları ilə çox mühüm müqavilə və sazişlər imzalandı. Ən əsası bütün bunlardan sonra heç bir qara qüvvə və cinayətkar dəstə Azərbaycanda bir daha dövlət çevrilişinə cəhddə bulunmağa cürət etmədi. Çünki bildilər ki, belə olacaq halda qarşılarında güclü dövləti və qətiyyətli lideri görəcəklər. 


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!