Yoluxucu xəstəlik növlərindən biri suçiçəyidir.
Bu xəstəliyi herpetik
viruslardan biri törədir. Praktik olaraq bütün insanlar uşaqlıqda bu infeksiyaya
yoluxurlar.
Həkim-pediatr Günay Rəsulova deyir ki, xəstəliyin
əvvəlində uşağın hərarəti qalxır, onun ümumi halı, iştahası və yuxusu pozulur. Sonra
səpki əmələ gəlir. Səpki əvvəlcə xırda qırmızı ləkə şəklində olur. Bir neçə saatdan
sonra qabarcığa çevrilir. Xəstəlik, adətən, yüngül keçir. İmmuniteti zəif olan,
həmçinin digər ağır xəstəliklər nəticəsində zəifləmiş uşaqlarda isə ağır formalarda
keçə bilər: "Səpkilər zamanı güclü qaşınma müşahidə edilir, lakin uşaqları səpkiləri
qaşımaqdan çəkindirin. Əgər səpkilər qaşınıb qoparılsa, onların yerində çapıqlar
qalacaq. Bədəndə olan qırmızı sulu ləkələri yaşıl brilyant abısı ("zelyonka”) ilə
rəngləyib dəri səthini təmiz saxlamaq və vitaminlər qəbul etmək lazımdır”.
Təkrar xəstələnmə
niyə olmur?
Xəstəlikdən
sonra yaranan immunitet çox yüksək olur və təkrar xəstələnmə halı baş vermir, -
deyən pediatr bildirir ki, yoluxmuş uşaqların müalicəsi, adətən, ev şəraitində aparılır.
Uşaqlara vitaminlərlə zənginləşdirilmiş pəhriz rejimi tətbiq edilir. Onların yataq
otağının havasını tez-tez dəyişmək və hər gün nəm əsgi ilə təmizləmə işləri aparmaq
lazımdır. Dəridəki səpkilərə yaşıl birilyant abısı və ya kalium-permanqanat məhlulu
("marqantsovka”) sürtmək lazımdır. Bu, dəridəki qaşınmanı azaltmağa, qabarcıqların
irinləməsinin qarşısını almağa, onların tez qurumasına kömək edir.
Peyvəndi var,
amma...
Həkim diqqətə
çatdırır ki, müalicə zamanı antibiotiklərdən istifadə edilməsinə, yalnız çox nadir
hallarda baş verən fəsadlar zamanı icazə verilir. Sağalma 10 gündən tez olmur. Sağalmadan
sonra 1,5-2 həftə ərzində uşağın immun sistemi bir qədər zəiflədiyinə görə onu bir
müddət qorumaq üçün (soyuqdəymədən və s.), uşaq bağçasına və ya məktəbə getməsi
məsləhət deyil.
Suçiçəyindən
qorunmanın bir üsulu isə çiçək peyvəndi etdirməkdir.
Yasəmən MUSAYEVA,
"Azərbaycan”