21 May 2026 09:05
434
Səhiyyə
A- A+
Qum və toz fırtınaları qlobal təhlükəyə çevrilir

Qum və toz fırtınaları qlobal təhlükəyə çevrilir


Yer atmosferində baş verən dəyişikliklər artıq yalnız temperatur göstəricilərində deyil, havada daşınan tozun miqdarında da özünü göstərir. Planetin müxtəlif regionlarında müşahidə olunan qum və toz fırtınalarının artması, iqlim sistemində yaranan pozuntuların qlobalmiqyaslı nəticəsinə çevrilib. Bu gün bir qitədə havaya qalxan milyonlarla zərrəcik, külək axınları vasitəsilə minlərlə kilometr uzaqda yaşayan insanların nəfəs aldığı havaya qarışa bilir.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) son illərdə Şərqi Aralıq dənizi hövzəsində və dünyanın müxtəlif bölgələrində qum və toz fırtınalarının tezliyinin, müddətinin və intensivliyinin artdığı barədə xəbərdarlıq edir. Bir zamanlar əsasən səhralarla əlaqələndirilən bu təbiət hadisəsi artıq yalnız quraq ərazilərin problemi deyil. İqlim dəyişikliyi, uzunmüddətli quraqlıqlar, torpaq deqradasiyası, səhralaşma və insan fəaliyyəti nəticəsində qum və toz fırtınaları daha geniş coğrafiyalara yayılır, milyonlarla insanın sağlamlığını, iqtisadiyyatını və gündəlik həyatını təhdid edir.

Mütəxəssislərin hesablamalarına görə, hər gün dünyada təxminən 330 milyon insan küləklə yayılan toz hissəciklərinə məruz qalır. Bu hissəciklər yalnız yaxın ərazilərdə qalmır, bəzən minlərlə kilometr məsafə qət edərək başqa ölkələrə, hətta başqa qitələrə qədər daşınır. Bu isə o deməkdir ki, bir səhrada qalxan toz buludu qısa müddət sonra şəhərlərin üzərinə çökə, kənd təsərrüfatı sahələrini örtə və insanların nəfəs aldığı havanı təhlükəli hala gətirə bilər.

Qum və toz fırtınaları əsasən güclü küləklərin quraq və yarımquraq ərazilərdə torpaq səthindəki incə hissəcikləri havaya qaldırması nəticəsində yaranır. Bu proses xüsusilə bitki örtüyü zəif olan, torpağın quru və boş qaldığı ərazilərdə daha sürətlə baş verir. Afrika qitəsindəki Sahara və Saharaaltı bölgələr, Sahel zolağı, Asiyada Qobi səhrası, Yaxın Şərq və Ərəbistan yarımadasındakı səhralar dünyanın ən mühüm toz mənbələri hesab olunurlar. Qlobal toz büdcəsinin 80 faizindən çoxunun Şimali Afrika, Yaxın Şərq və Ərəbistan səhralarından qaynaqlandığı bildirilir.

Bu təbii prosesin son illərdə daha təhlükəli hala gəlməsinin əsas səbəblərindən biri iqlim dəyişikliyidir. Planetin isinməsi ilə birlikdə bəzi bölgələrdə yağıntılar azalır, torpaq nəmini itirir, istilik dalğaları artır və quraqlıq dövrləri uzanır. Nəticədə əvvəllər nisbətən rütubətli olan ərazilər belə tədricən quraqlaşır və toz fırtınaları üçün yeni mənbələrə çevrilir. Alimlər bildirirlər ki, iqlim dəyişikliyi yalnız mövcud səhraları genişləndirmir, həm də yeni risk zonaları yaradır.

Atmosfer dövranındakı dəyişikliklər də vəziyyəti ağırlaşdırır. Subtropik yüksək təzyiq sistemlərinin və Hadley dövrü adlanan irimiqyaslı hava axınlarının şimala doğru hərəkət etməsi nəticəsində Afrika və Yaxın Şərqdən qalxan toz kütlələri Aralıq dənizi hövzəsinə, Cənubi Avropaya, Qafqaza və Anadolunun müxtəlif bölgələrinə daha tez-tez çatır. Bu tendensiya gələcəkdə daha da güclənə bilər.

Qum və toz fırtınalarının təsiri yalnız havanın saralması və görünüş məsafəsinin azalması ilə məhdudlaşmır. Bu hadisələr atmosferdə hissəcik maddələrinin konsentrasiyasını kəskin artıraraq hava çirkliliyini təhlükəli səviyyəyə çatdırır. Xüsusilə PM10 və PM2,5 adlanan mikroskopik hissəciklər insan sağlamlığı üçün ciddi risk yaradır. PM10 ölçülü hissəciklər yuxarı tənəffüs yollarında ilişib qala bilər. Lakin diametri 2,5 mikrometrdən kiçik olan PM2,5 hissəcikləri birbaşa ağciyərlərin ən dərin hissələrinə - alveollara qədər daxil olur. Oradan qan dövranına keçərək bütün orqanizmə təsir göstərə bilir.

Tibb araşdırmaları göstərir ki, səhra tozunun havada olduğu günlərdə tənəffüs yolu xəstəlikləri, ürək-damar problemləri, xəstəxanaya müraciətlər və ölüm halları artır. Astma, xroniki bronxit, xroniki obstruktiv ağciyər xəstəliyi, allergiya və ürək xəstəliyi olan insanlar daha yüksək risk qrupundadır. Uşaqlar, yaşlılar, hamilə qadınlar və immun sistemi zəif olan şəxslər də bu təsirlərdən daha çox zərər görürlər.

Mütəxəssislər qum və toz fırtınalarının pnevmoniya, infarkt, insult, gözlərdə güclü yanma, burun qanaması, boğaz quruluğu və hətta bəzi yoluxucu xəstəliklərin yayılması ilə əlaqəli ola biləcəyini vurğulayırlar. Toz buludları yalnız mineral hissəciklərdən ibarət olmur. Onların tərkibində sənaye tullantıları, ağır metallar, pestisid qalıqları, polen, bakteriyalar və göbələk sporları da daşına bilər. Bu isə problemi daha da mürəkkəbləşdirir.

Qum və toz fırtınaları kənd təsərrüfatına da ciddi zərbə vurur. Toz qatının bitkilərin üzərinə çökməsi fotosintezi zəiflədir, yarpaqları zədələyir və məhsuldarlığı azaldır. Çiçəkləmə və tozlanma dövrlərində baş verən fırtınalar meyvə və tərəvəz istehsalına mənfi təsir göstərir. Torpağın münbit üst qatının sovrulması isə uzunmüddətli məhsuldarlıq itkisinə səbəb olur. Bu da ərzaq təhlükəsizliyi baxımından ciddi risk deməkdir.

Su ehtiyatları da təhlükədən kənarda qalmır. Toz hissəcikləri göllərə, çaylara və su anbarlarına düşərək suyun keyfiyyətini dəyişə, çirklənməni artıra və təmizləmə xərclərini yüksəldə bilər. Qar örtüyünün üzərinə çökən toz isə günəş şüalarını daha çox udduğu üçün əriməni sürətləndirə bilər. Bu proses bəzi bölgələrdə su rejiminə təsir göstərir.

Nəqliyyat sahəsində də nəticələr ağır olur. Görünüş məsafəsinin azalması səbəbindən avtomobil qəzaları artır, hava limanlarında reyslər gecikir və ya təxirə salınır, dəniz nəqliyyatı çətinləşir. Şəhərlərdə gündəlik həyat iflic ola bilər. Qum hissəcikləri texniki avadanlıqlara zərər verir, filtr sistemlərini sıradan çıxarır və infrastrukturun xidmət xərclərini artırır. Qum və toz fırtınaları nəticəsində bərpaolunan enerji sektorunda da ciddi itkilər yaranır. Günəş panellərinin səthi tozla örtüldükdə onların enerji istehsal gücü əhəmiyyətli dərəcədə azalır. Günəş enerjisinə böyük sərmayə yatıran ölkələr üçün bu məsələ strateji əhəmiyyət daşıyır. Külək turbinləri və digər açıq hava avadanlıqları da abraziv toz hissəciklərindən zərər görə bilər.

Mütəxəssislər bildirirlər ki, atmosferə yayılan qlobal tozun təxminən 25 faizi birbaşa və ya dolayı yolla insan fəaliyyəti ilə əlaqəlidir. Meşələrin qırılması, həddindən artıq otarılma, yanlış suvarma üsulları, torpağın həddindən artıq şumlanması, plansız tikinti və mədən fəaliyyəti torpağın zəifləməsinə səbəb olur. Yəni problemin müəyyən hissəsi insan əli ilə yaradılır və qarşısı da insan fəaliyyəti ilə alına bilər.

Bəs çıxış yolu nədir? İlk növbədə iqlim dəyişikliyi ilə mübarizə gücləndirilməlidir. İstixana qazı emissiyalarının azaldılması, təmiz enerji mənbələrinə keçid və dayanıqlı iqtisadi modelə keçmək uzunmüddətli həll yoludur. Bununla yanaşı, yerli səviyyədə torpaq və su idarəçiliyi də vacibdir. Quraq və yarımquraq ərazilərdə yaşıllaşdırma layihələrinin icrası, küləkqıran meşə zolaqlarının və bitki örtüyünün bərpası effektiv nəticə verə bilər. Torpağın səthini qoruyan bitki örtüyü küləyin torpağı sovurmasının qarşısını alır və toz mənbələrini zəiflədir.

Yağış suyunun toplanması, torpaqda nəmin artırılması, düzgün suvarma sistemləri, eroziyaya qarşı tədbirlər və dayanıqlı əkinçilik üsulları da vacibdir. Torpaq nə qədər nəmli və möhkəm olarsa, küləyin onu havaya qaldırması bir o qədər çətin olar. Şəhər sakinləri üçün erkən xəbərdarlıq sistemləri böyük əhəmiyyət daşıyır. Meteoroloji xidmətlərin gündəlik toz proqnozları əhali üçün əlçatan olmalı, riskli günlərdə məktəblər, xəstəxanalar və həssas qruplar öncədən məlumatlandırılmalıdır. Belə günlərdə insanlar açıq havada uzun müddət qalmamalı, pəncərələri bağlı saxlamalı, havatzəmizləyici cihazlardan istifadə etməli və lazım gəldikdə qoruyucu maska taxmalıdırlar.


Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib  

22:48
24 May

Azərbaycan Premyer Liqasında mövsümə yekun vurulub

18:58
24 May

Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava şəraiti ilə bağlı xəbərdarlıq edir  

18:37
24 May

Türkiyə XİN: Terrorla mübarizədə Pakistanla həmrəyik

18:04
24 May

Aşqabadda Azərbaycanın dayanıqlı şəhərsalma təcrübəsi təqdim olunub  

17:32
24 May

Sabah ölkə ərazisində intensiv yağış yağacaq

16:58
24 May

Leyla Əliyeva və Alona Əliyeva Sosial Reabilitasiya Mərkəzini ziyarət ediblər

15:03
24 May

WUF13-də daha dayanıqlı şəhərlərin qurulmasına töhfə verəcək istiqamətlər müəyyənləşdirildi

15:02
24 May

Qarabağ atları və Azərbaycan milli musiqisi Avropada böyük maraqla qarşılanıb  

15:01
24 May

DİM II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı təşkil edib

14:27
24 May

Nikol Paşinyan: Yaxın gələcəkdə Naxçıvan üzərindən Türkiyə və Azərbaycanla dəmir yolu açılacaq

13:09
24 May

Azərbaycan və İrlandiya arasında diaspor əlaqələri gücləndirilir

12:59
24 May

Polşa Silahlı Qüvvələri: Rusiyanın fəaliyyəti səbəbindən hərbi təyyarələr havaya qaldırılıb

11:34
24 May

Media: ABŞ və İran arasındakı potensial razılaşma zənginləşdirilmiş uran problemini həll edə bilməyib

11:32
24 May

WUF13 rekord sayda iştirakçı və tərəfdaşın iştirakı, həmçinin Bakı Fəaliyyətə Çağırışın qəbul edilməsi ilə yadda qalıb  

11:30
24 May

Kiyevə atılan raketlərin bəziləri Azərbaycanın Ukraynadakı səfirliyinə yaxın ərazilərə düşüb

11:12
24 May

Konqo Demokratik Respublikasında Ebola virusundan ölənlərin sayı 200-ü keçib

10:26
24 May

WUF13 bir çox ilklərə imza atdı 

10:17
24 May

"Şamaxı" Ayxan Abbasovla yollarını ayırıb

09:27
24 May

Azərbaycanın Təbrizdəki konsulu yol qəzasında həlak olub

23:14
23 May

Ukrayna Prezidenti Rusiyanın “Oreşnik” ilə hücuma hazırlaşması haqqında danışıb

21:32
23 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!