Azərbaycan dünya miqyasında dayanıqlı inkişafa və möhkəm ictimai-siyasi sabitliyə malik olan güclü, nüfuzlu ölkə kimi tanınır. Şübhəsiz ki, ölkəmizin tərəqqisinin və ictimai-siyasi sabitliyin əsasında müvəffəqiyyətlə həyata keçirilən praqmatik daxili və xarici siyasət kursu dayanır. Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra isə Cənubi Qafqazda yeni mənzərə yaranıb. Bu, dövlətimizin və onun lideri Prezident İlham Əliyevin yaratdığı yeni reallıqlardan ibarətdir. Torpaqlarını işğaldan azad etdikdən sonra Azərbaycanın nəinki regionda, bütövlükdə, beynəlxalq müstəvidə mövqeləri əhəmiyyətli dərəcədə güclənib.
Milli Məclisin deputatı Sevinc Fətəliyeva qəzetimizə açıqlamasında deyib ki, Azərbaycanın xarici siyasəti beynəlxalq hüquq prinsiplərinə əsaslanan, mehriban qonşuluq, qarşılıqlı hörmət və humanizm qaydalarına söykənən uğurlu bir xətdir: "Regionda sabitliyin təmin olunması, münaqişələrin dinc yolla həlli və humanitar siyasət bu kursun əsasını təşkil edir. Ölkəmiz qonşu dövlətlərlə bərabərhüquqlu və qarşılıqlı maraqlara əsaslanan əlaqələrin qurulmasına böyük önəm verir. Azərbaycan regionda geosiyasi və iqtisadi birləşdirici körpü rolunu oynayır, enerji və nəqliyyat layihələri ilə qonşuların iqtisadi əlaqələrini dəstəkləyir. Müasir beynəlxalq münasibətlər sistemində artan geosiyasi gərginliklər dövlətlər üçün düşünülmüş siyasət yürütməyi tələb edir. Bu mənada Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan balanslı və çoxvektorlu xarici siyasət həyata keçirir. Azərbaycan beynəlxalq güclərlə əməkdaşlıq məsələlərində məhz balansı qoruyur və qarşıdurmalardan uzaq siyasət yürüdür".
Deputat bildirib ki, bu siyasətin mühüm xüsusiyyətlərindən biri də Azərbaycanın regional sabitliyin qorunmasına töhfə verən dövlət kimi çıxış etməsidir. Ölkəmiz təkcə iqtisadi və enerji layihələri ilə deyil, həm də humanitar təşəbbüsləri, böhran vəziyyətlərində göstərdiyi operativ yardım və beynəlxalq əməkdaşlığa verdiyi töhfələrlə etibarlı tərəfdaş kimi tanınır. Azərbaycanın müxtəlif regionlarda baş verən humanitar böhranlar zamanı göstərdiyi dəstək - istər təbii fəlakətlər, istər pandemiya dövrü, istərsə də regional gərginliklər fonunda həyata keçirilən yardım missiyaları ölkəmizin beynəlxalq nüfuzunun daha da möhkəmlənməsinə xidmət edir.
S.Fətəliyevanın sözlərinə görə, ölkəmiz dünyada sabitlik adası kimi səciyyələndirilir, bu da təsadüfi deyil: "Çünki ölkəmizin milli gücünü artıran əhəmiyyətli amillərdən biri möhkəm təməllərə söykənən ictimai-siyasi sabitlikdir. Bu məsələdə yerli və xarici ekspertlərin də ümumi rəyi odur ki, Azərbaycanda mövcud olan sabitliyin əsasında duran başlıca faktor dövlətin həyata keçirdiyi siyasi kursun milli maraqlara tam cavab verməsidir. Bütövlükdə, Azərbaycan vətəndaşlarının layiqli həyat şəraitinin təmin edilməsində, sosial rifahın yaxşılaşdırılmasında, inkişafın davamlı olmasında mühüm rol oynayan amillərdən biri etibarlı təhlükəsizlik və sabitlik mühitidir. Eyni zamanda Azərbaycanın strateji coğrafi mövqeyi, inkişaf etmiş nəqliyyat-logistika infrastrukturu və güclü dövlət idarəçiliyi ölkəmizi regionda mühüm diplomatik və humanitar mərkəzə çevirib. Son illər Bakının müxtəlif beynəlxalq tədbirlərə, qlobal forumlara və çoxtərəfli platformalara evsahibliyi etməsi də ölkəmizin beynəlxalq dialoq və əməkdaşlıq üçün etibarlı məkan olduğunu təsdiqləyir".
Deputat qeyd edib ki, bütün bunlar dünya ölkələrinin Azərbaycana etimadını daha da gücləndirir. Yaxın regionumuzda baş verən münaqişələr fonunda bu reallığı aydın şəkildə görürük. Son vaxtlar İran ətrafında baş verən proseslərlə bağlı müxtəlif ölkələrin Azərbaycanla sıx təmaslar qurması ölkəmizin beynəlxalq nüfuzunun göstəricisidir. Məlum olduğu kimi, İran ətrafında baş verən gərginlik fonunda yüzlərlə xarici ölkə vətəndaşı məhz Azərbaycan vasitəsilə təhlükəsiz şəkildə təxliyə olunub. Bu proses Azərbaycanın humanitar və təhlükəsizlik baxımından etibarlı tranzit ölkə olduğunu bir daha nümayiş etdirir. Belə bir məsuliyyətli missiyanın həyata keçirilməsi yalnız sabit, güclü dövlət institutlarına və etibarlı təhlükəsizlik sisteminə malik ölkələr üçün mümkündür. Hətta bir sıra ölkələrin İrandakı səfirlikləri Azərbaycana köçürülüb. Buna misal olaraq, İtaliya və Meksikanın səfirliklərini göstərmək olar. "Eləcə də, Macarıstanın və Avstriyanın İrandakı səfirləri və bir sıra ölkələrin diplomatları ölkəmizə təxliyə edilib. Bu faktlar Azərbaycanın sabitlik məkanı olduğunu və bunun dünya ölkələri tərəfindən yüksək qiymətləndirildiyini bir daha təsdiqləyir. Bütövlükdə, Azərbaycan dünyada, o cümlədən regionumuzda sülhün və sabitliyin təmin olunmasının tərəfdarıdır. Həyata keçirilən tədbirlər də məhz bu məqsədə xidmət edir", - deyə Sevinc Fətəliyeva bildirib.
Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"