1919-cu ildə mətbuat haqqında qanun qəbul
edilmişdi
Xalqımızın tarixi və taleyi kimi, onun milli
mətbuatı da keşməkeşli yollardan keçərək bugünümüzə gəlib çatıb. Müstəqilliyin bərpasından
sonra məlum oldu ki, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) qurulmasında böyük
rol oynayan milli ruhlu, demokratik mətbuatımızın tarixi uzun illər xalqımızdan
gizli saxlanıb. Daha doğrusu, bu irs tədqiqata birtərəfli, qərəzli şəkildə cəlb
edilib. Milli mətbuatımızın bu qürurlu səhifəsi tənqid edilib, qınaq obyektinə də
çevrilib.
Ancaq
milli müstəqilliyin bərpasından sonra Cümhuriyyət dövrünün zəngin mətbuatı
tədqiq edilməyə başlandı. Araşdırmalar göstərir ki, AXC dövrünün mətbuatı milli
jurnalistika tarixində həm özündən əvvəlki, həm də sonrakı dövrlərə nisbətən daha
yüksək inkişaf mərhələsini yaşayıb.
Milli istiqlal elan edildikdən sonra, təbii
ki, mətbuatın da qarşısında yeni vəzifələr dururdu. Ən əsası isə Xalq Cümhuriyyətini
qoruyub saxlamaq üçün daxili və xarici təhlükələrə qarşı ideoloji mübarizə mühüm
yer tuturdu. Yeni tarixi vəzifələri həyata keçirmək üçün AXC 1918-ci ilin sentyabrında
"Azərbaycan” qəzetini nəşr etməyə başladı. Müxtəlif vaxtlarda qəzetin redaktorları
Ceyhun bəy Hacıbəyli, Şəfi bəy Rüstəmbəyli, Üzeyir bəy Hacıbəyli və Xəlil İbrahim
olmuşlar.
Cümhuriyyət hərəkatı sözün əsl mənasında
milli fikir intibahına yol açdı. Çarizmin devrilməsindən sonra Azərbaycanda yaranmağa
başlayan müxtəlif siyasi partiya və təşkilatların azad fəaliyyətinə meydan verildi.
Milli demokratiyanın müstəqil mətbuatı təşəkkül tapdı. Azərbaycan Xalq Cümhuriyyəti
dövründə iki dəfə hökumət başçısı seçilmiş Nəsib bəy Yusifbəylinin rəhbərliyi və
təşəbbüsü ilə 1919-cu ilin oktyabrında mətbuat
haqqında qanun qəbul edildi.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə mətbuat
məsələlərini tənzimləyən sənəd - Mətbuat Haqqında Nizamnamə 1919-cu il oktyabrın
30-da parlament tərəfindən qəbul olundu. Hökumətin 1919-cu il 30 aprel tarixli qərarına
əsasən, Nizamnamə layihəsini hazırlamaq Ədliyyə Nazirliyinə tapşırılmışdı.
1919-cu il iyunun
20-də hökumət Daxili İşlər Nazirliyinin təqdim
etdiyi qanun layihəsini bəyəndi və onu parlamentin müzakirəsinə çıxardı. Nizamnamə
söz və mətbuat azadlığı prinsiplərinə əsaslanırdı. Sənəddə deyilirdi ki, insan fəaliyyətinin
hər bir sahəsi kimi, mətbuat da azadlıqla anarxiya arasında sərhədi müəyyən edən
qanunlara tabe olmalıdır.
Mətbuat azadlığına yekdilliklə tərəfdar olan
parlament üzvləri bu qanun layihəsini ən ciddi sənədlərdən biri hesab edirdilər.
Bununla belə, layihənin parlamentdə hər üç oxunuşu qızğın müzakirələrlə keçirdi.
"Hümmət” partiyası və sosialist fraksiyası layihənin əleyhinə çıxırdılar. Onlar
iddia edirdilər ki, mətbuatı heç bir qanunla məhdudlaşdırmaq olmaz, Nizamnamə demokratiya və müstəqil dövlətçilik prinsiplərinə
ziddir.
Maddələrin ayrı-ayrılıqda müzakirəsi zamanı
mətbuata ümumi nəzarət və rəhbərlik haqqında, redaktorun təbəəliyi, təhsili, yaş
senzi, mətbəə yaradılmasına icazə verilməsi barədə bəzi bəndlərin qəbul olunması
ilə razılaşmayan sosialistlər salonu nümayişkaranə tərk etmişdilər.
Mətbuat Haqqında Nizamnamə oktyabrın 23-dən
30-dək parlamentin iclaslarında müzakirə edildi. Nizamnamə layihəsi üçüncü oxunuşda,
bir deputat bitərəf qalmaqla, 21 səsə qarşı 28 səslə qəbul olundu.
Nizamnaməyə əsasən, mətbəə açmaq, çap məhsullarını nəşr etmək, buraxmaq və satmaq üçün hökumətin
heç bir icazəsi tələb edilmirdi. Yetkinlik yaşına çatmış hər bir vətəndaş mətbu
nəşrin məsul redaktoru ola bilərdi. Mətbəə açmaq və ya mətbu nəşr buraxmaq istəyənlər mətbuat işləri üzrə baş
müfəttişə bu barədə müəyyən edilmiş formada ərizə verməli idilər.
Nizamnamənin bir sıra maddələrini pozmaqda
təqsirli bilinən naşir, mətbəə sahibi və redaktor pulla cərimə ödəməli və ya həbs
cəzasına məhkum edilməli idi. Nizamnaməyə eyni zamanda mətbuat işləri üzrə baş müfəttiş
ştatı da əlavə olunmuşdu.
Həmin illərdə Azərbaycanda 80-dən çox qəzet
və jurnal var idi. Onlardan ən öndə, Azərbaycan
Xalq Cümhuriyyətinin rəsmi orqanı olan "Azərbaycan” qəzetinin başlıca məramı milli
hökuməti müdafiə etmək idi. Cümhuriyyətin bütün siyasi-ictimai, iqtisadi və mədəni
təsisatlarının tarixi mənzərəsi bu qəzetdə öz əksini tapırdı. Qəzetin ilk 4 sayı
Gəncədə çıxmış, sonralar isə Bakıda Azərbaycan və rus dillərində nəşr olunmuşdur.
Qəzetin ilk nömrəsində 1918-ci il sentyabrın 15-də Bakının azad edilməsi ilə bağlı
xəbərlər, Məhəmməd Hadinin türk əsgərinin şücaətini vəsf edən "Türk nəğməsi” şeiri
də dərc edilmişdir.
Məhəmməd Əmin Rəsulzadə, Üzeyir bəy Hacıbəyli,
Xəlil İbrahim, Fərhad Ağazadə, Hacı İbrahim Qasımov, Məhəmməd ağa Şahtaxtlı, Adil
xan Ziyadxanov, Əlabbas Müzhib, Şəfiqə Əfəndizadə, İstanbulda təhsil alan Əmin Abid
və başqalarının qəzetin ayrı-ayrı saylarında dərc olunan məqalələri Azərbaycan tarixinin,
mədəniyyətinin, maarifinin inkişafına, milli şüurun oyanmasına, özünüdərkin təşəkkülünə
yardım etmiş azərbaycançılıq, istiqlalçılıq, türkçülük, islamçılıq, müasirlik məfkurəsinin
təbliğində mühüm rol oynamışdır.
Üzeyir bəy Hacıbəyli öz yazılarında erməni-daşnak
quldurlarının azərbaycanlılara qarşı törətdikləri soyqırımlarının, Qarabağ ermənilərinin
Azərbaycan hökumətinə tabe olmaq istəməmələrinin siyasi mahiyyətini açır, bütün
bunların əsl səbəbkarı olan rus-bolşevik-daşnak qüvvələrini ifşa edirdi.
Əlbəttə, AXC dövründə nəşr edilən, ilk nömrəsi
1920-ci ilin əvvəlində çıxmış "Qurtuluş” jurnalı da ədəbi-mədəni sahədə xeyli iş
görmüş, xalqımızın milli mədəniyyətinin təbliğinə çalışmışdır. Vətənpərvər və milliyyətçi
ziyalılardan Abdulla Şaiq, Hüseyn Cavid, Salman Mümtaz, Feyzulla Sacid, Əli Yusif,
Əbdürrəhman Dai və başqaları topluda əməkdaşlıq etmişlər.
1918-1920-ci illərdə Azərbaycan Xalq
Cümhuriyyəti
hökumətinə müxalifətdə olan mətbuat da az deyildi. Onların içərisində ən fəalı bolşevik
mətbuatı idi. O, həmin illərdə Şimali Azərbaycanın sovet Rusiyası tərkibinə qatılması
uğrunda mübarizə aparırdı. Bolşeviklər 1917-1920 illərdə Azərbaycanda 40-dan artıq
adda qəzet və jurnal çıxarmışlar.
Həmin illərdə milli ideyalı "Şeypur” və
"Zənbur” adlı satirik jurnallar işıq üzü görmüşdü. İlk nömrəsi 1918-ci il oktyabrın
5-də çap olunmuş "Şeypur”un naşiri Səməd Mənsur, redaktoru Məmmədəli Sidqi idi.
1919-cu ilin aprelindən nəşr edilən "Zənbur”da Məmmədəli Sidqi, Əli Nəzmi, Səməd
Mənsur, Balaqardaş Səttaroğlu və başqa müəlliflərin gizli imzalarla şeir və publisist
yazıları dərc olunurdu. Jurnaldakı rəngli karikaturalar rəssam Əzim Əzimzadəyə məxsus
idi. Həftədə bir dəfə çıxan "Zənbur”un cəmi 24 nömrəsi nəşr edildi. 1918-1920-ci
illərin satirik mətbuatı mütərəqqi ideyaların carçısı olan "Molla Nəsrəddin” ədəbi
məktəbinin satira ənənələrindən faydalanaraq, azadlıq və istiqlal düşmənlərini,
imperializmin müstəmləkəçilik siyasətini, geriliyi, cəhaləti və xurafatı satira
atəşinə tutur, xalqı biliklərə yiyələnməyə, müasirləşməyə səsləyirdi. Ümumiyyətlə,
1918-1920-ci illərin mətbuatında Azərbaycanın milli, ictimai-siyasi fikri,
1905-ci il inqilabından sonra çarizmin müstəmləkəçilik siyasətinə qarşı xalqın etirazı,
milli muxtariyyət ideyası, Rusiyada 1917-ci il oktyabr çevrilişindən sonra isə milli
istiqlal idealları öz əksini tapmışdır.
Məhəmməd NƏRİMANOĞLU,
"Azərbaycan”