Aprelin 16-sı saat 18:00-da VI “Yüksəliş” müsabiqəsinə qeydiyyat başa çatacaq.
AZƏRTAC xəbər verir ki, qeydiyyat “Yüksəliş” müsabiqəsinin rəsmi internet səhifəsi olan “yukselish.az” vasitəsilə həyata keçirilir. Ötən 5 mövsüm üzrə müsabiqəyə ümumilikdə 69 min 963 nəfər müraciət edib. Namizədlərdən 116 nəfər qalib adını qazanıb.
Qaliblərin isə 55.63 faizi dövlət sektorunu, 34.51 faizi özəl sektoru, 6.34 faizi beynəlxalq qurumları, 3.52 faizi isə qeyri-hökumət təşkilatlarını təmsil edir.
Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi çərçivəsində yalnız nəzəri biliklər deyil, eyni zamanda, analitik düşüncə, qərarvermə, məsuliyyət götürmə, komanda idarəetməsi və liderlik bacarıqları da qiymətləndirilir. Müsabiqə qalibləri Mentorluq proqramı, fərdi inkişaf planları və real layihələrdə iştirak imkanları əldə edərək peşəkar inkişaflarını davam etdirirlər.
Müsabiqədə iştirak etmək üçün namizədlər Azərbaycan Respublikasının vətəndaşı olmalı, qeydiyyatın son gününə qədər 21-51 yaş aralığında olmalı, ali təhsilə və minimum 2 illik idarəetmə təcrübəsinə malik olmalıdırlar.
Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Prezidenti İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən, intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub. Altıncı “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Prezident İlham Əliyev tərəfindən 2025-ci il dekabrın 10-da müvafiq Sərəncam imzalanıb.