08 Avqust 2026 11:30
808
SİYASƏT
A- A+
Yeni geosiyasi mərhələ: Vaşinqton razılaşmaları və regional əməkdaşlıq 

Yeni geosiyasi mərhələ: Vaşinqton razılaşmaları və regional əməkdaşlıq 


Davamlı sülh yalnız siyasi iradə, diplomatik təşəbbüs və uzunmüddətli strateji baxış nəticəsində mümkün olur. Cənubi Qafqazda son illər baş verən proseslər də göstərir ki, regionun gələcək təhlükəsizlik arxitekturasını artıq hərbi qarşıdurma deyil, siyasi razılaşmalar, iqtisadi inteqrasiya və qarşılıqlı maraqlara söykənən əməkdaşlıq modeli müəyyənləşdirir. Bu baxımdan 2025-ci il avqustun 8-də Vaşinqtonda imzalanan sənədlər və əldə olunan siyasi razılaşmalar Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması istiqamətində yeni mərhələnin əsasını qoymaqla yanaşı, regionun geosiyasi mənzərəsinə də əhəmiyyətli təsir göstərən addım kimi qiymətləndirilir.

AZƏRTAC tarixi səfərin nəticələrini, Vaşinqtonda əldə olunan razılaşmaların mahiyyətini və onların regional təsirlərini təhlil edib.

Vətən müharibəsindən sonra yaranan yeni reallıqlar fonunda Azərbaycanın irəli sürdüyü sülh gündəliyi beynəlxalq müzakirələrin əsas mövzularından birinə çevrilib. Rəsmi Bakı ilk gündən bəyan edib ki, müharibənin nəticələri siyasi masada hüquqi çərçivəyə salınmalı, dövlətlərarası münasibətlər beynəlxalq hüququn norma və prinsipləri əsasında tənzimlənməlidir. Sonrakı mərhələdə irəli sürülən beş baza prinsipi isə iki ölkə arasında sülh sazişinin hüquqi-siyasi təməlini formalaşdıran əsas konsepsiya kimi diqqət çəkib. Bu mənada sülh prosesinin təşəbbüskarı, onun məzmununu və hüquqi konturlarını müəyyən edən tərəfin Azərbaycan olduğu fikri həm yerli, həm də beynəlxalq ekspertlər tərəfindən tez-tez vurğulanan məqamlardan biridir. Vaşinqtonda keçirilən görüşlər və imzalanan sənədlər isə həmin prosesin növbəti mühüm mərhələsi kimi tarixə düşüb. ABŞ-nin vasitəçilik səyləri, Prezident Donald Trampın prosesə göstərdiyi siyasi dəstək, tərəflər arasında aparılan intensiv diplomatik təmaslar və liderlər arasında formalaşan birbaşa dialoq sülh gündəliyinin irəliləməsində mühüm amillərdən biri kimi dəyərləndirilir. Bu mərhələdə Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü xarici siyasət kursu, beynəlxalq tərəfdaşlarla qurduğu siyasi münasibətlər və ardıcıl diplomatik xətt isə regionda yeni status-kvonun formalaşmasına təsir edən əsas amillər sırasında göstərilir.


Normallaşma prosesinə təkan verən Vaşinqton Sammiti




Sülh prosesinin ötən bir il ərzində keçdiyi mərhələni dəyərləndirən Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Vaşinqton Sammitinin normallaşma prosesinə mühüm təkan verdiyini bildirib. Onun sözlərinə görə, sülh prosesi Vaşinqton Sammitindən əvvəl başlayıb və bu prosesin təşəbbüskarı Azərbaycan olub. Prezident İlham Əliyevin irəli sürdüyü prinsiplər əsasında sülh sazişinin layihəsi hazırlanıb, danışıqlar əvvəlcə Avropa İttifaqının vasitəçiliyi, daha sonra isə ikitərəfli formatda davam etdirilib.


Fərid Şəfiyev qeyd edib ki, ABŞ Prezidenti Donald Trampın prosesə qoşulması və Vaşinqton Zirvə görüşünün keçirilməsi normallaşma prosesinə əlavə dinamika qazandırıb. Onun sözlərinə görə, xüsusilə Zəngəzur dəhlizi ilə bağlı irəliləyiş və TRIPP layihəsinin gündəmə gəlməsi sülh prosesinə ciddi təkan verib. BMTM sədri vurğulayıb ki, normallaşma prosesi sülh sazişi, sərhədlərin delimitasiyası və Zəngəzur dəhlizi olmaqla, üç əsas istiqaməti əhatə edib. Hazırda prosesin tam başa çatması üçün Ermənistan Konstitusiyasında müvafiq dəyişikliklərin edilməsi, TRIPP layihəsinin reallaşdırılması və delimitasiya işlərinin davam etdirilməsi vacib amillərdir.


Vaşinqtonda imzalanan sənədlər Cənubi Qafqazda uzunmüddətli sülh üçün yeni imkanlar yaradıb




Sülh prosesinin perspektivləri qiymətləndirilərkən diqqət çəkən əsas məqamlardan biri də Vaşinqtonda əldə olunan razılaşmaların praktiki nəticələridir. Bu nəticələrin regional əməkdaşlıq, kommunikasiya xətlərinin bərpası və iqtisadi inteqrasiya baxımından əhəmiyyətini dəyərləndirənlərdən biri də Milli Məclisin deputatı Nigar Məmmədovadır.

Deputat Vaşinqtonda imzalanmış sənədlərin yalnız Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması baxımından deyil, bütövlükdə Cənubi Qafqazda uzunmüddətli sülh və əməkdaşlıq üçün yeni imkanlar yaratdığını vurğulayıb. Deputatın sözlərinə görə, sənədlər regionda etimadın möhkəmləndirilməsi, kommunikasiya xətlərinin açılması, iqtisadi əlaqələrin genişləndirilməsi və uzunmüddətli sabitliyin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır. O bildirib ki, tərəflərin keçmiş düşmənçilik səhifəsini bağlamaq, revanşizm və qisas cəhdlərini rədd etmək barədə öhdəliyi Cənubi Qafqazda etimad mühitinin formalaşmasına xidmət göstərir.

Deputat vurğulayıb ki, hazırkı mərhələdə əsas məqsəd əldə olunan nəticələrin davamlı sülhə çevrilməsi, iqtisadi əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı etimadın möhkəmləndirilməsidir. O, bu baxımdan Vaşinqtonda əldə olunan razılaşmaların və Prezident İlham Əliyevin həyata keçirdiyi sülh siyasətinin Cənubi Qafqazın gələcək inkişafında mühüm rol oynayacağına əminliyini ifadə edib.


Təhlükəsiz region, daha çox investisiya, yeni nəqliyyat marşrutları, biznes mühitinin inkişafı




Sülh prosesinin regional və beynəlxalq müstəvidə yaratdığı perspektivlər ictimai-siyasi institutların nümayəndələri tərəfindən də müsbət qiymətləndirilir. Qadın, İnkişaf, Gələcək İctimai Birliyinin sədri Gülşən Axundovanın fikrincə, Vaşinqtonda əldə olunan razılaşmalar təkcə diplomatik nəticə deyil, həm də uzunmüddətli inkişaf strategiyasının mühüm tərkib hissəsidir. G.Axundova bildirib ki, son illər sərhədlərin delimitasiyası istiqamətində əldə olunan razılaşmalar, diplomatik dialoqun davam etdirilməsi, kommunikasiyaların açılması ilə bağlı müzakirələrin intensivləşməsi və regionda etimad mühitinin formalaşdırılması bu siyasətin konkret nəticələri kimi qiymətləndirilə bilər. O qeyd edib ki, Vaşinqtonda qəbul olunan sənədlərdə beynəlxalq hüquqa, BMT Nizamnaməsinə və dövlətlərin suverenliyinə hörmət prinsiplərinin bir daha təsdiqlənməsi gələcək münasibətlərin hansı əsaslar üzərində qurulacağını nümayiş etdirib.

G.Axundovanın sözlərinə görə, təhlükəsiz region daha çox investisiya cəlb edir, yeni nəqliyyat marşrutlarının yaranmasına şərait yaradır və biznes mühitinin inkişafına təkan verir. Cənubi Qafqazın Avropa ilə Asiya arasında mühüm tranzit məkanına çevrilməsi perspektivi də məhz uzunmüddətli sülhdən keçir. Bu baxımdan Vaşinqton görüşünün nəticələri yalnız bugünkü siyasi reallıqlarla deyil, gələcək onilliklərin inkişaf strategiyası ilə də əlaqələndirilir.

Bir il əvvəl Vaşinqtonda atılan addımların nəticələri bu gün də Cənubi Qafqazda gedən siyasi proseslərin əsas müzakirə mövzularından biri olaraq qalır. Sülh gündəliyinin irəliləməsi, regional əməkdaşlıq imkanlarının genişlənməsi və yeni iqtisadi-kommunikasiya layihələrinin gündəmə gəlməsi göstərir ki, əldə olunan razılaşmalar təkcə həmin dövrün diplomatik nailiyyəti deyil, həm də regionun gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən mühüm mərhələlərdən biridir.

Qarşıdakı dövrdə əsas məsələ əldə olunmuş razılaşmaların praktiki icrası, yekun sülh müqaviləsinin imzalanması və qarşılıqlı öhdəliklərin yerinə yetirilməsidir. Əminliklə qeyd edə bilərik ki, bu prosesin uğurla başa çatması Cənubi Qafqazda uzunmüddətli sabitliyin möhkəmlənməsinə, iqtisadi inteqrasiyanın dərinləşməsinə və regionun beynəlxalq əməkdaşlıq məkanına çevrilməsinə mühüm töhfə verəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bakıda 11 marşrut xəttinin dayanacaq məntəqələri müvəqqəti dəyişdiriləcək

21:29
09 Avqust

Vuçiç: Avropa böyük bir müharibənin astanasındadır

20:41
09 Avqust

İran parlamentində Hörmüz boğazı ilə bağlı yeni qanun layihəsi təsdiqlənib

19:53
09 Avqust

Dünya əhalisinin 6 faizini təşkil edən yerli xalqlar iqlim dəyişikliyinin təhdidi altındadır

19:33
09 Avqust

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq elan olunub

17:58
09 Avqust

Suriya ilə Rusiya hərbi bazaların gələcəyi ilə bağlı memorandum imzalayıb

17:45
09 Avqust

Beynəlxalq Yerli Xalqlar Günündə müstəmləkəçiliyin davam edən izləri

17:39
09 Avqust

 Kamandan oxatma üzrə ölkə çempionatı və kubokunun qalibləri mükafatlandırılıb

17:31
09 Avqust

İstirahət zonalarında polisin fasiləsiz xidməti təşkil edilib

17:24
09 Avqust

İDMAN Kamandan oxatma üzrə Azərbaycan çempionatı və kubokuna yekun vurulub

16:41
09 Avqust

Almaniya XİN: Cənubi Qafqazda sülh və sabitlik ortaq maraqlarımıza uyğundur

16:22
09 Avqust

“Azərbaycan–Qırğızıstan tərəfdaşlığı regional inteqrasiyanın dərinləşməsinə mühüm töhfə verir”

15:06
09 Avqust

Yəmənin Mokha limanına raket və dron hücumu təşkil edilib

14:53
09 Avqust

Tanınmış şair və tərcüməçi Çingiz Əlioğlu vəfat edib

14:43
09 Avqust

Avqustun 10-da hava necə olacaq?

14:41
09 Avqust

Cənubi Qafqazın yeni siyasi xəritəsi: Bakı–Vaşinqton tərəfdaşlığının yüksəlişi

13:40
09 Avqust

Xocalı və Xocavəndin bir sıra kənd və qəsəbələrinin elektrik şəbəkəsi yenidən qurulur

12:13
09 Avqust

Sinqapur Respublikasının Prezidenti Zati-aliləri cənab Tarman Şanmuqaratnama

12:01
09 Avqust

“Yay Fest 2026”nın “Müasir şəhərlər və texnologiya” düşərgəsi başa çatıb

11:57
09 Avqust

Türkiyə köhnəlmiş ABŞ silahlarını Ukraynaya verə bilər

11:51
09 Avqust

Nigerdə sərnişin avtobuslarının toqquşması nəticəsində 22 nəfər ölüb

11:44
09 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!