07 Avqust 2026 16:24
4903
SİYASƏT
A- A+
ATƏT-in Minsk qrupunun ləğvi – tarixi zərurətdən yeni reallığa

ATƏT-in Minsk qrupunun ləğvi – tarixi zərurətdən yeni reallığa


Azərbaycanın müasir tarixində mühüm hadisələrdən biri uzun illər ərzində regionda davam edən münaqişənin nəticələrinin aradan qaldırılması və yeni reallıqların formalaşmasıdır. Bu prosesdə ATƏT-in Minsk qrupunun fəaliyyəti, onun yaradılma məqsədləri ilə faktiki nəticələri arasındakı fərq, eləcə də bu strukturun fəaliyyətinə xitam verilməsi xüsusi diqqət çəkir.

1992-ci ildə yaradılan ATƏT-in Minsk qrupu keçmiş Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olmaq məqsədi daşıyırdı. Qrupun əsas vəzifəsi beynəlxalq hüququn prinsipləri əsasında münaqişənin həllinə nail olmaq, tərəflər arasında siyasi dialoqu təmin etmək və regionda davamlı sülhün bərqərar olmasına töhfə vermək idi.

Hər zaman olduğu kimi, həmin dövrdə də Azərbaycanın mövqeyi beynəlxalq hüququn prinsiplərinə əsaslanırdı. Dövlətimiz dəfələrlə bəyan edirdi ki, münaqişənin həlli ilk növbədə dövlətlərin ərazi bütövlüyünün tanınması, işğala son qoyulması və Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin yerinə yetirilməsi ilə mümkün ola bilər.

Xatırladaq ki, BMT Təhlükəsizlik Şurası 1993-cü ildə Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsini tələb edən dörd qətnamə qəbul etmişdir. Həmin sənədlərdə Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmət prinsipi təsdiqlənirdi. Lakin sonrakı illərdə bu qətnamələrin icrası təmin edilmədi. Nəticədə regionda mövcud olan ədalətsiz vəziyyət uzun müddət davam etdi.

Minsk qrupunun fəaliyyəti göstərdi ki, o, qarşısında duran əsas vəzifələrin icrası istiqamətində gözlənilən nəticələrə nail olmaqda maraqlı deyil. Uzun illər davam edən vasitəçilik prosesinə baxmayaraq, münaqişənin həlli istiqamətində real irəliləyiş baş vermədi, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin tələbləri yerinə yetirilmədi və işğal faktı aradan qaldırılmadı.

Prezident İlham Əliyev dəfələrlə bəyan edirdi ki, Azərbaycanın ərazi bütövlüyü məsələsi heç bir halda siyasi müzakirə mövzusu ola bilməz, münaqişənin həlli üçün əsas yol Azərbaycanın ərazi bütövlüyünün bərpasıdır. Təəssüf ki, Azərbaycanın münaqişəni sülh yolu ilə həll etmək səyləri nəticəsiz qaldı. Ermənistanla aparılan danışıqlara baxmayaraq, real irəliləyiş əldə olunmadı. Minsk qrupunun vasitəçilik missiyası münaqişənin həllinə nail olmaq əvəzinə, uzun müddət mövcud vəziyyətin qorunub saxlanmasına gətirib çıxardı.

Azərbaycan hesab edirdi ki, beynəlxalq vasitəçilik mexanizmi yalnız danışıqlar prosesinin davam etdirilməsi ilə məhdudlaşmamalı, konkret nəticəyə – beynəlxalq hüququn tələblərinin yerinə yetirilməsinə, işğal altında olan ərazilərin azad edilməsinə və davamlı sülhün təmin olunmasına xidmət etməlidir. Prezident İlham Əliyev iyulun 13-də Şuşada “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində çıxışı zamanı demişdir: “Təxminən 30 il davam etmiş işğal dövründə ABŞ administrasiyaları, ATƏT-in o zamankı Minsk qrupunun digər həmsədrləri ilə birlikdə, BMT Təhlükəsizlik Şurasının özlərinin də qəbul etdiyi qətnamələr əsasında Azərbaycan torpaqlarının işğaldan azad edilməsinə nail olmaq əvəzinə, münaqişənin dondurulması siyasətini yürüdürdülər. Onların əsas məqsədi münaqişəni dondurulmuş vəziyyətdə saxlamaq və bundan həm Azərbaycana, həm də müəyyən dərəcədə Ermənistana təsir vasitəsi kimi istifadə etmək idi. Onlar tam sinxron şəkildə fəaliyyət göstərirdi və ATƏT-in Minsk qrupunun bütün fəaliyyəti münaqişənin həllinə deyil, işğalın sonsuz olmasına xidmət edirdi”.

Forum iştirakçılarının suallarını cavablandırarkən dövlətimizin başçısı əvvəllər də səsləndirdiyi fikirləri bir daha diqqətə çatdırdı: “...ABŞ, Fransa və Rusiyanın rəhbərlik etdiyi bu Minsk qrupu yalnız Qarabağı, yəni təkcə Qarabağı deyil, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati sərhədlərini deyil, həm də Laçın və Kəlbəcər rayonlarının bütün ərazisini əlimizdən alıb Ermənistana vermək istəyirdi ki, biz buna razı olaq. Bunun müqabilində bizə olduğumuz yerdən şərqə doğru beş rayonun qaytarılması vəd edilirdi. Amma nə mən, nə də Azərbaycanda heç kim buna razı olmazdı. Lakin bu, üç aparıcı ölkənin konsolidasiya olunmuş mövqeyi idi, ən azından onların Təhlükəsizlik Şurasının daimi üzvləri, mən bu termindən istifadə edirəm – dünyanın aparıcı dövlətləri olduqlarını nəzərə alsaq, bu mövqeyə müqavimət göstərmək olduqca çətin idi”.

İkinci Qarabağ müharibəsi başlayanda Azərbaycanın qarşısında mürəkkəb siyasi və diplomatik vəziyyət yaranmışdı. Prezident İlham Əliyev həmin dövrün reallıqlarını belə ifadə etmişdir: “İkinci Qarabağ müharibəsi başlayanda onların hamısı dərhal dayanmağı tələb edirdi. Bəziləri çox, digərləri az bezdirici şəkildə qorxudur, təhdid edir, zəng edirdilər. Amma hamısı istəyirdi ki, biz dayanaq, hər şeyi olduğu kimi saxlayaq. Bir məqamda bəziləri təklif edirdi: “Yaxşı, Füzuli azad edilib, amma dayanın”. Müxtəlif diplomatik mexanizmlərdən istifadə etməli olduq”. Bəli, Azərbaycan öz haqlı mövqeyindən geri çəkilmədi. Zəfərlə başa çatan İkinci Qarabağ müharibəsi Cənubi Qafqazda tamamilə yeni siyasi reallıq yaratdı. İlk növbədə BMT Təhlükəsizlik Şurasının qətnamələrində əks olunan əsas prinsiplər təmin edildi. Baxmayaraq ki, dövlətimizin başçısının da qeyd etdiyi kimi, müəyyən qüvvələrin məqsədi Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsinə imkan verməmək idi. Amma artıq gec idi. 

Vətən müharibəsindən sonra da sülhün təşəbbüsçüsü Azərbaycan oldu. Həm də bu səbəbdən ATƏT-in Minsk qrupunun əvvəlki formatda fəaliyyət göstərməsi üçün obyektiv əsaslar aradan qalxdı. Yeni siyasi vəziyyət isə yeni yanaşmalar və yeni mexanizmlər tələb edirdi. ATƏT-in Minsk prosesinə və onunla əlaqəli strukturların fəaliyyətinə xitam verilməsi də məhz yaranmış yeni reallıqların beynəlxalq səviyyədə qəbulunun nəticəsi oldu.

2025-ci il avqustun 9-da Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri arasında Vaşinqtonda keçirilmiş görüşə dair Birgə Bəyannamədə qeyd olundu: “Biz, həmçinin Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Minsk Prosesi və onunla əlaqəli strukturlarının bağlanmasına dair Azərbaycan Respublikasının xarici işlər naziri və Ermənistan Respublikasının xarici işlər naziri tərəfindən ATƏT-ə birgə müraciətin imzalanmasına şahidlik etdik. Biz ATƏT-in bütün iştirakçı dövlətlərini bu qərarı qəbul etməyə çağırırıq”

Ötən il sentyabrın 1-də ATƏT Nazirlər Şurası tərəfindən ATƏT-in Minsk prosesi və əlaqəli strukturlarının fəaliyyətinə xitam verilməsi barədə qərar qəbul edildi. Qərara əsasən, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin birgə müraciətinə uyğun olaraq, ATƏT-in Minsk prosesinin, ATƏT-in fəaliyyətdə olan sədrinin Minsk konfransının məşğul olduğu münaqişə üzrə şəxsi nümayəndəsinin və Yüksəksəviyyəli Planlaşdırma Qrupunun fəaliyyətinə son qoyuldu. Sözügedən strukturların bağlanması ilə bağlı təşkilati və texniki məsələlərin yekunlaşdırılması ATƏT Katibliyinə tapşırıldı.

ATƏT-in Minsk qrupunun fəaliyyətinə xitam verilməsi yalnız bir strukturun bağlanması kimi qiymətləndirilə bilməz. Bu, həm də beynəlxalq münasibətlərdə dəyişən reallıqların, regionda yaranmış yeni siyasi mənzərənin və sülh prosesində yeni mərhələnin göstəricisidir.

Tarixi təcrübə göstərir ki, münaqişələrin həlli yalnız real nəticəyə yönəlmiş siyasi iradə, beynəlxalq hüquqa hörmət və ədalətli yanaşma əsasında mümkündür. Azərbaycan nümunəsi göstərdi ki, uzun müddət həll olunmamış problemlər dəyişən siyasi və hüquqi reallıqlar fonunda öz həllini tapa bilər.


Zöhrə FƏRƏCOVA, 

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bakıda 11 marşrut xəttinin dayanacaq məntəqələri müvəqqəti dəyişdiriləcək

21:29
09 Avqust

Vuçiç: Avropa böyük bir müharibənin astanasındadır

20:41
09 Avqust

İran parlamentində Hörmüz boğazı ilə bağlı yeni qanun layihəsi təsdiqlənib

19:53
09 Avqust

Dünya əhalisinin 6 faizini təşkil edən yerli xalqlar iqlim dəyişikliyinin təhdidi altındadır

19:33
09 Avqust

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq elan olunub

17:58
09 Avqust

Suriya ilə Rusiya hərbi bazaların gələcəyi ilə bağlı memorandum imzalayıb

17:45
09 Avqust

Beynəlxalq Yerli Xalqlar Günündə müstəmləkəçiliyin davam edən izləri

17:39
09 Avqust

 Kamandan oxatma üzrə ölkə çempionatı və kubokunun qalibləri mükafatlandırılıb

17:31
09 Avqust

İstirahət zonalarında polisin fasiləsiz xidməti təşkil edilib

17:24
09 Avqust

İDMAN Kamandan oxatma üzrə Azərbaycan çempionatı və kubokuna yekun vurulub

16:41
09 Avqust

Almaniya XİN: Cənubi Qafqazda sülh və sabitlik ortaq maraqlarımıza uyğundur

16:22
09 Avqust

“Azərbaycan–Qırğızıstan tərəfdaşlığı regional inteqrasiyanın dərinləşməsinə mühüm töhfə verir”

15:06
09 Avqust

Yəmənin Mokha limanına raket və dron hücumu təşkil edilib

14:53
09 Avqust

Tanınmış şair və tərcüməçi Çingiz Əlioğlu vəfat edib

14:43
09 Avqust

Avqustun 10-da hava necə olacaq?

14:41
09 Avqust

Cənubi Qafqazın yeni siyasi xəritəsi: Bakı–Vaşinqton tərəfdaşlığının yüksəlişi

13:40
09 Avqust

Xocalı və Xocavəndin bir sıra kənd və qəsəbələrinin elektrik şəbəkəsi yenidən qurulur

12:13
09 Avqust

Sinqapur Respublikasının Prezidenti Zati-aliləri cənab Tarman Şanmuqaratnama

12:01
09 Avqust

“Yay Fest 2026”nın “Müasir şəhərlər və texnologiya” düşərgəsi başa çatıb

11:57
09 Avqust

Türkiyə köhnəlmiş ABŞ silahlarını Ukraynaya verə bilər

11:51
09 Avqust

Nigerdə sərnişin avtobuslarının toqquşması nəticəsində 22 nəfər ölüb

11:44
09 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!